Ramil Usubov istefa
verməyəcək, çünki...
Heç nə və təbii ki, vəzifə
də əbədi deyil, amma DİN rəhbəri kimi o, sadəcə,
ölkə başçısının sərəncamı
ilə işdən çıxarıla, başqa vəzifəyə
göndərilə bilər...
Daxili işlər nazirinə qarşı
qanunverici orqanın - Milli Məclisin bəzi üzvlərinin qərəzi
hardan qaynaqlanır?
...Hacı Məmmədovun məhkəməsi davam edir. Yəqin ki, hələ xeyli
müddət də davam edəcək... Və hələ
xeyli müddət əvvəl isə yazmışdıq ki,
"bu xəmir çox su aparacaq!"
***
...Hacı
Məmmədovun məhkəməsi davam etdikcə diqqəti
daha bir məqam cəlb edir: bir qrup adam var ki, Hacı Məmmədov
və onun dəstəsinin törətdiyi əməllərdən
ziyan çəkənlərin ailələrindən daha
çox "dərd çəkir", əl-ayağa
düşüb - qəmə batıblar, şivən
qoparırlar. Söhbət Hacı Məmmədov
həbs edilən gündən ta indiyədək "Ramil
Usubov niyə istefa vermir?" - deyənlərdən
gedir.
Qəzet olaraq bu mövzuya hələ ötən ildən -
Hacı Məmmədov həbs ediləndən sonra toxunmuş
və DİN rəhbərinin istefasını arzulayanlara,
xüsusən də indi millət vəkili olan və o vaxt
ANS-in müxbiri işləyən Qənirə
Paşayevanın dövlət başçısı İlham
Əliyevə xitabən "Cənab prezident, Ramil Usubov istefa
verəcəkmi" - sualına suallarla cavab dərc
etmişdik: Görəsən, niyə az qala gündə bir əsgəri
şəhid olan, güllə yarası alan müdafiə naziri
Səfər Əbiyevin, həkimləri kütləvi cibkəsməklə
məşğul olan Əli İnsanovun, icra
başçıları kütləvi rüşvət
alıb - xalqın dərisini soymaqda ad
çıxarmış Hacıbala Abutalıbovun...
istefasını da tələb etmirlər? Üstəlik,
Hacı Məmmədovun və dəstəsinin cinayətləri
əsasən Bakı şəhərində törədilib.
Elə isə niyə həm də Bakı şəhər
BPİ-nin rəisi Məhərrəm Əliyevin də
istefası tələb edilmir?..
***
...Sonralar
bu istefa arzularına könül verənlər cərgəsinə
bəzi KİV-lər də qoşuldu. Özümüz
də KİV olduğumuzdan, bəlkə də bu cəbhənin
konkret nümayəndələrinin mövqeyinə toxunmaq istəməzdim.
Çünki hər bir jurnalistin hər
hansı bir məsələyə özəl və fərqli
baxışı qəbahətli deyil. Lakin
bu, o vaxt qəbahətli deyil ki, özgə qəbahətindən
qaynaqlanmasın. Yəni jurnalist səmimi
olaraq öz mövqeyini ortaya qoysun. Kiminsə
intriqa və ya şəxsi maraqlarının qurbanı
olmasın. Çünki bu
qatmaqarışıq zəmanədə jurnalistlərin
çox məsələdə çox adamların arzu və istəklərinin
qurbanlığının şahidi olmuşuq.
Eynulla Fətullayev özü
özünə hökm qazandırdı
Səhv
etmirəmsə, Stalinin sözüdür: "Yalnız
ölülər səhv etmirlər!" Yəni
həyat varsa və insan bu həyatı yaşayırsa, səhvə
yol verməsi təbiidir. Bu səhvlər təbii
olanda, yəni məqsədli olmayanda islahlı olur, həmin
şəxsin günahını bağışlamaq
mümkünlüdür. Quranda da
yazılır ki, ən böyük o kəsdir ki,
bağışlamağı bacarır. Amma bəzən
söylədiklərimin əksinə hadisələr baş
verir və günah sahibi bağışlamağa əl yeri
qoymur...
***
Azərbaycanda bəlkə də ən çox məhkəmə
çəkişməsi "Təzadlar"ın üzərində
olub. Barəmizdə cinayət işi də
qaldırılıb, cərimələrimiz də olub. Lakin bu məhkəmələrin demək olar
hamısı sonda barışla nəticələnib. Təhsil
naziri M.Mərdanov və 300-dən çox məktəb
direktoru, Bakının 11 TŞ müdiri ilə, "Xəzərdəniz
Gəmiçiliyi" İdarəsinin rəisi Aydın Bəşirovla,
"Azərittifaq"ın sədri E.Quliyev və daha bir
çoxları ilə. Demirəm ki, bu məhkəmə
çəkişmələrinə bais olmuş yazılarda
tamamilə ədalətli, qərəzsiz olmuşuq. Səmimi desəm, günahımız da olub.
Lakin məmurlar və ölkə ictimaiyyəti də bilib ki,
günahımızdan daha çox haqlı olmuşuq... Yəni
barışa əl yeri olub...
***
...DİN
rəhbərini dəfələrlə, az qala son iki ayda, qəzetin
hər sayında təhqirə məruz qoyan "Gündəlik
Azərbaycan" qəzetinin baş redaktoru E.Fətullayevə
bu yazılara görə Yasamal rayon Məhkəməsi 2 il
icbari iş kəsdi.
Olduqca təəssüflənir və hətta
heyfsilənirəm ki, jurnalistin barəsində belə sərt
cəza olmamalıdır. Lakin dəfələrlə
polis özbaşınalığını şəxsən
öz işində və fəaliyyətində yaşayan
jurnalist kimi, həm də ona təəssüflənirəm
ki, E.Fətullayev niyə bağışlanmaq, yəni
barışmaq üçün DİN rəhbərinə
tutalqa yeri qoymadı...
Nəinki nazir R.Usubovun, hətta ən qəliz məmur
kimi hesab edirsiniz, onun da qəlbini oxumaq çətin deyil ki,
bağışlamaq istəyi olmasın. Ən
azı ona görə ki, həmin məmur da insandır və
nə vaxtsa o da vəzifədən çıxıb adi vətəndaşa
çevriləcək, cəmiyyət arasına
çıxacaq. Yəqin hamı istəyər ki, cəmiyyətə
üzü ağ, qəbahətsiz
çıxsın. Bu mənada, hesab edirəm ki,
bağışlamağa tutalqa, bəhanə yeri tapmamaq Ramil
Usubovun deyil, Eynulla Fətullayevin günahıdır...
***
...1996-97-ci
illərin məmur-KİV çəkişmələrini yəqin
ki, xatırlayırsınız. Təsəvvür
edirsinizmi, tanınmış müxalifət qəzetlərindən
birinin çox tanınmış baş redaktoru barəsində
də motivcə oxşar, məzmunca yüz qat ağır cəza
istəyən, üstəlik, DİN rəhbəri vəzifəsindən
10 qat böyük vəzifə daşıyan məmurla
üz-üzə qalmışdıq. O məmur ki,
ölkənin 1-ci şəxsindən icazə və ya məsləhət
almasa, heç nə mümkün deyildi. Lakin
bütün bunlara baxmayaraq, şəxsən bu sətirlərin
müəllifi ölkənin tanınmış söz sahiblərindən
(vəzifəsiz) birinə, o isə iddiaçının diqqətinə
bağışlamaq xahişini yetirdi. Ortaya
barış körpüsü salındı.
Çünki bu "körpü"nü qurmaq
üçün həmin KİV sahibi bir faiz də olsa əl
yeri qoymuşdu...
Millət vəkilləri, "İstefa!"-
tələbi ilə irəli!
...Yazının
əvvəlində qeyd etdiyim kimi, Hacı Məmmədovun məhkəməsi
gedişinə paralel olaraq, cəmiyyətdə, siyasi-ictimai həyatda
çox maraqlı məqamlar ortaya çıxır. Seçilmiş yox, seçdirilmiş millət vəkilləri
də Ramil Usubovun "İstefa" verməsini yazan məlum
qəzetin kampaniyasına qoşduruldu.
Yeri gəlmişkən, ölkədə
müntəzəm nəşr olunan 100-ə yaxın gündəlik
və həftəlik qəzet, jurnal (aylıq, 15 günlük)
var. Onların hamısı bu məsələyə toxunub.
Əksəriyyəti də tənqidi prizmadan
yanaşıb. Lakin heç biri hər
gün, özü də xüsusi olaraq qarşısına məqsəd
qoymuş kimi R.Usubovun istefasını qəzet səhifəsində
xüsusi canfəşanlıqla qaldırmayıb, tələb
etməyib, hətta millət vəkillərini, ayrı-ayrı
ictimaiyyət nümayəndələrini (bölgə prinsipləri
çərçivəsində belə) bu anti-təbliğata
qoşmayıb.
Bəli, açıq desəm, bizim də şəxsən fəaliyyətinə
görə zəhləmiz gedən elə nazirlər, məmurlar
var ki! Lakin onların fəaliyyətini tənqid
edirik, amma istefasını tələb etmir, bunu kampaniyaya
çevirmirik. Elə ötən saylarımızda
Müdafiə Nazirliyinin 2006-cı il üzrə 1600 ton ət
tədarükü üzrə tenderində "qalib gələn"
"Şərur" firması barədə. Firma
1 kq-ı 10750 manatdan ət tədarükünü boynuna
götürüb. Lakin yəqin ki, cənab nazir S.Əbiyev
də bilir ki, bu qiymətə yalnız (gəliri də
çıxsaq, 1 kq-ı 5-6 min manata) leş almaq olar. İndi
neyləyək, millət vəkillərini, avtobus
sürücülərini, dul qadınları S.Əbiyevin
istefasına, yaxud "Şərur" firması rəhbərinin
həbs olunması kampaniyasına cəlb edək?..
***
Görün
nə vəziyyət yaranıb: millət vəkilləri
Hüseyn Abdullayev, Aydın Mirzəzadə, Nəsib Nəsibli,
Lalə Abbasova, Adil Əliyev, Əkrəm Əylisli... E.Fətullayevin (qəzetin yox) nazir R.Usubovun
istefası çağırışlı kampaniyasına
qoşulurlar. Bir gün sonra millət vəkili A.Mirzəzadə
başa düşür ki, küyə gedib, sözündən
qismən imtina etdi... Amma millət vəkili
H.Abdullayev "Gündəlik Azərbaycan"a verdiyi
müsahibəsində nazir R.Usubovu təhqir də edir.
Sitat: "...Ramil Usubov öz səhvlərini etiraf edib istefaya
getmək əvəzinə, vicdansızcasına bəyan edir
ki, o, öz postunda hələ uzun müddət qalacaq".
Başqa bir sitat: "...Əlbəttə, mən şübhə
də etmirəm ki, R.Usubov kimi simasız və həyasız
birinə qalsa, o, ömrünün sonuna kimi öz postunu əldən
verməz..." və s.
Və bu təhqiramiz ifadələri söyləyən millət
vəkili H.Abdullayev özü də bilə-bilə ki,
R.Usubovun vəzifədə qalıb-qalmaması, istefaya
gedib-getməməsi birbaşa prezidentin iradəsindən
asılıdr. Yəni ən azı ötən
təcrübə göstərib ki, Azərbaycanda istefaya
getmirlər, istefaya göndərilirlər.
Nəhayət, nazir kimi, R.Usubovun istefasından,
vəzifədən getməsindən və s. danşmaqla, əslində,
prezident İlham Əliyevin əsəbləri ilə oynamaq deməkdir.
"Necə yəni R.Usubov nə vaxt istefa verəcək?
Bunu mən bilərəm. Bəs
onda mən kiməm?" - haqlı
sualı dövlət başçısı tərəfindən
lap elə H.Abudullayevə, yaxud Aydın Mirzəzadəyə
ünvanlansa, nə baş verər görəsən?
***
Bir
haşiyə: İcra başçılarının birindən
şikayətli olan bir nəfərin ərizəsini dərc
etdik. Sonra onu həmin İH-nə dəvət
etdilər və sübut ediblər ki, o şikayətində
haqsızdır. İşi düzəlməyən
şikayətçi redaksiyaya gəldi və onu qəbul edən
İH başçısının əleyhinə o ki var
söyləndi. Gördü ki,
özümüzü o yerə qoymadıq. Nəhayət,
bizi qızışdırmaq üçün dedi ki, "o (yəni
İH başçısı) sizi də söyməkdən
çəkinmədi". Dedim, yox, düz demirsən? Soruşdu ki, niyə? Dedim:
- Ağsaqqal, icra başçısı bizi söyməyib, sən
bizi söydürmüsən. Ona görə də günah
söyəndə yox, söydürəndədir!..
***
Sözümün canı ondadır ki, Ramil Usubovun nə
vaxt istefaya getməsini, nə vaxt vəzifədən
çıxmasını nə millət vəkillərimiz, nə
də digərləri ürəyinə salmasın. Çünki
millət vəkillərinin onsuz da görməli işi,
müzakirə etməli olduğu məsələləri
çoxdur.
Yəqin ki, R.Usubovun istefası da heç vaxt
baş tutmayacaq. Ən azı ona görə
ki, bu, mümkün məsələ deyil. O ki qaldı
nazirin nə vaxtsa işdən çıxmasına, bu da
mümkün deyil. Çünki R.Usubov işdən
çıxmayacaq, o, yalnız işdən
çıxarıla bilər. Bu isə millət
vəkillərinin, "Gündəlik Azərbaycan"çıların,
yaxud hansısa məmurun (həm də nazirin tabeliyində və
ətrafında çalışan) deyil, birbaşa prezidentin səlahiyyətindən
və iradəsindən asılıdır.
Asif MƏRZİLİ
P.S. Çalışın
özünüzü söyənlərdən yox,
söydürənlərdən qoruyun!
"Səbuhi"
studiyasının etnik "problemi"
Studiya
rəhbərliyi Azərbaycanın nəinki görkəmli
muğam ustalarının ifaları, həmçinin Azərbaycan
musiqisinin etnik mənşəli olduğu qeyd edilən
audiokaset buraxaraq ciddi problem və narazılıq yaradıb
...Ötən
sayımızda dərc edilən bu məzmunlu yazı ciddi
reaksiya ilə qarşılandı. Əslində
isə, söhbət yazının peşəkarlığından,
üslub səviyyəsindən və s. deyil, problemin, yəni
mövzunun diqqəti çəkməsindən gedir.
***
Beləliklə, "Səbuhi" səsyazma
studiyasının geniş dinləyici auditoriyasına təqdim
etdiyi və "Azərbaycan Etnik Musiqisi"
adlandırdığı audiokaset muğam və musiqisevərləri,
həmçinin Azərbaycanda milli münaqişələrə
həssas yanaşanları ciddi narahat edib.
Əslində yazı çapa hazırlanan ərəfədə
bir neçə oxucumuz, o cümlədən Laçından dəyərli
ziyalı Zahid Nərimanoğlu həmin kaset barədə
redaksiyaya məlumat vermişdi. Biz
narazıların çoxluğunu önə çəkmədən,
hələlik məsələyə bu səviyyədə
münasibət bildirməyi vacib saymışıq. Və güman edirik ki, "Səbuhi" səsyazma
studiyasının rəhbərliyi, həmçinin
bütün bu problem və narazılığın, daha dəqiq
desək, əcaib günahın müəllifi olan Vilayəddin
Muradov günahını etiraf edərək, konkret tədbir
görəcək. Amma...
"Qara məni basınca..."
Məlumatsız
oxucular üçün qısaca xatırladaq ki, "Səbuhi"
studiyasının kütləvi satışa
çıxardığı sözügedən kasetin bukletində
Azərbaycanın muğam ustadları Yaqub Məmmədov,
Rübabə Muradova, Qulu Əsgərov və Səxavət Məmmədovun
ifaları (təsnif və segahlar) "Azərbaycan etnik
musiqisi" kimi təqdim edilib. Elə oxucumuz Zahid Nərimanoğlunun
narazılığı da bu təqdimatadır:
- Əvvəla, bildiyimə görə, "Səbuhi" səsyazma
studiyası uzun illərdir fəaliyyət göstərir və
deməli, böyük təcrübəyə malikdir. Onlar indiyədək "Etnik musiqi" ifadəsinə
harada rast gəliblər və yaxud "Azərbaycan etnik
musiqi" ifadəsini hansı mənbədən
götürüblər? İkincisi, axı onlar da bilirlər
ki, Azərbaycanda "Milli musiqi" ifadəsi vardır və
estrada, caz və s. musiqilər fərqli təqdimatlardır.
Ayrı-ayrı xalqlara məxsus musiqi və ya mahnıların
isə öz adı var: məsələn, ləzgi,
talış, kürd, çeçen və s. mahnıları.
Azərbaycanın, hansı ki, qədimdən
formalaşmış, yaranmış xalq mahnı və musiqiləri,
rəqsləri xalq və ya milli musiqiləri kimi təqdim
olunur. Belə olan halda, milli musiqilərimizin incisi
sayılan muğamlar, təsniflər və ya dəsgahlar niyə
etnikləşdirilir?..
***
Yazı çapa gedəndən sonra isə belə
etirazlı zənglərin sayı xeyli artdı. "Səbuhi"nin "Azərbaycan Etnik Musiqisi" kimi təqdim
etdiyi kasetdə adı çəkilən və şəkli
verilən muğam ustadlarının qohumları və
yaxınları, həmçinin onların pərəstişkarları
redaksiyamıza zəng edərək, bu işdə əli
olanları lənətlədilər.
***
Nəhayət, qəzet çap edilən gün "Səbuhi"
səsyazma studiyasının rəhbərlərindən biri
kimi özünü təqdim edən Vilayəddin Muradov
redaksiyaya zəng etdi. Biz hesab edirdik ki, cənab V.Muradov yəqin
günahını səmimi etiraf edərək, problemdən
çıxış yolunu təqdim edəcək.
Hansı ki, bir gün əvvəl bu təklifi biz ona
etmişdik: təcili olaraq həmin kasetləri satışdan
çıxarıb, telekanallarda və KİV-lərdə təkzib
vermək, "etnik musiqi" müəllifi kimi təqdim edilən
ustad sənətkarların ruhundan, qohum-əqrəbalarından
üzr diləmək!
***
V.Muradovla söhbətimizin bəzi məqamlarını
təqdim etməyi özümüzə borc bilirik. Çünki
həm də redaksiyanı hədələyən, necə deyərlər,
borclu çıxaran V.Muradovun dünyagörüşünə
bu söhbətdə yaxından bələd olmaq
mümkündür.
V.Muradov zəng edib salamlaşır və dərhal da mətləbə
keçir:
- Axı biz dünən (25.09.2006-cı il) danışdıq,
razılaşdıq...
- Nəyi razılaşdıq?
- Razılaşdıq ki, əvəzimizdən təkzib
verirsiniz, vəssalam! Sizsə adi bir şeyi
şişirdib aləmli bir-birinə qatıbsınız.
Mən səhərdən o nazirlik, bu idarə,
hamısı bir-birinə dəyib. Mən dünən
dedim ki, səhv olub, qəzetdə yazın
qurtarıb getsin. Sizsə hələ bir yazırsınız
ki, "Səbuhi" studiyası dövlət əleyhinə
iş görür...
- Siz necə düşünürsünüz, Azərbaycanın
milli musiqisini, xalq mahnısını etnik
adlandırdığınız, bu musiqilərin ustad
ifaçılarını etnik musiqi ifaçıları kimi
təqdim etməyiniz, Azərbaycanı "Azərbaycan Etnik
Musiqisi" çərçivəsində təqdim etməyiniz
təxribat deyil? Məgər etnik
ayrı-seçkilik, milli narazılıq yaratmaq deyilmi bu?
- Mən kitabxanaları gəzmişəm, tanınmış
dilçi alimlərlə söhbət etmişəm, onlar
deyirlər ki, "etnik" sözü "qədim",
"milli" deməkdir. "Siz isə bunu
başqa yerə yozursunuz. Burda nə var
ki?"
- Əgər müraciət etdiklərinizin
peşəkarlığı varsa, sizə başa salmalı
idilər ki, muğamlarımız qədim, milli musiqilərdir,
amma etnik musiqi deyil. Yəni hansısa etnik
xalqın musiqisi, mahnısı deyil.
- Yox, Siz düz demirsiniz...
- Yaxşı, tutalım mən etnoqrafiya sahəsinin mütəxəssisi
deyiləm. Bəs təcrübədə necə, rast gəlmisiniz
ki, "milli musiqi" sözü əvəzinə "etnik
musiqi", "qədim musiqi" sözü yazılsın? Bu yaxınlarda, YUNESKO-nun Xoşməramlı Səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü və
qayğıkeşliyi ilə Azərbaycan milli musiqi incilərinin
diski buraxıldı. Mehriban xanım
göstəriş verərdi ki, "milli musiqi" əvəzinə
"etnik musiqi" yazılsın də...
- Yox, təbii ki, Mehriban xanım çox böyük
dünyagörüşə, məntiqə malikdir. Biz çox şeyi bilməyə bilərik...
- Elə isə günahınızı etiraf etməyiniz
vacibdir.
- Axı kitabda da oxudum ki, "etnik" sözü "qədim",
"milli" deməkdir.
- Baxır harda və nə mənada. Müasir
prizmadan, yəni Azərbaycanın unitar dövlət qurumu
prizmasından baxsaq, Azərbaycan türkləri ölkə vətəndaşlarının
qədim, çoxluq hissəsini təşkil etməklə, qədim
Azərbaycan dövlətinin qurucu-varisləridir. Qalan millətlərin nümayəndələri milli
azlıqlar kimi tanınıb-qəbul edilirlər. Ona görə də bəzən onlara etnik millətlərin
nümayəndələri deyirlər.
- Yox, mənə başqa cür izah ediblər...
- Bilmirəm, nə izah ediblər, amma bir misal deyim: Məsələn,
rəsmi dövlət sənədlərində "Milli Məclis",
"Milli Televiziya", "Ümummilli lider", "Milli
ordu" və s. yazılır. Elə isə niyə həm də
"Etnik Məclis", "Etnik televiziya",
"Ümumetnik lider", "Etnik ordu" və s.
yazılmır? Əgər Siz həmin diski, kaseti "Etnik
musiqilər" adı altında ləzgi, talış,
kürd, qaqauz, tat, ingiloy və s. musiqiləri və ya
mahnılarından tərtib etsəydiniz, bu,
anlaşılmazlıq yaratmazdı. Siz isə
korifey sənətkarları, muğam ustadlarını etnik
musiqi ifaçıları kimi təqdim etməklə, ortaya
milli-etnik xalqların ayrı-seçkiliyinə təxribatlı
şərait yaratmısınız. Azərbaycan
nə vaxtdan "Etnik musiqi" ölkəsi olub? Bu, ermənilərin dəyirmanına su tökmək
deyil?
- Siz,
deyəsən, başa düşmək istəmirsiniz. Biz onda sizi məhkəməyə verəcəyik?
-
Buyurun, bu, sizin hüququnuzdur! Amma bu, çox
yaxşı olardı. Çünki məhkəmədə
çox şey üzə çıxar.
- Siz hələ
götürüb vergini də bura qatmısınız.
- Bəs
necə?! Niyə buraxılan kasetin nüsxəsi
göstərilməyib? Bəlkə 10 min,
100 min ədəd buraxmısınız?! Üstəlik,
həmin sənətkarların mahnılarını və ya
musiqilərini yazıb kaset satırsınız. Onların hüquqi varislərinə dividend verilirmi,
müəlliflik hüququ qorunurmu?
- Yox,
biz məhkəmədə görüşərik, onda
baxarsınız. Bizi dövlət əleyhinə
təxribatda günahlandırırsınız.
- Sizcə,
dövlətin milli siyasətinin ziddinə gedərək, milli
musiqisinə "etnik musiqi" damğası vurmaq, milli mədəniyyətinə
kölgə salmaq, musiqi ictimaiyyətinin qəlbinə
şübhə toxumu səpmək, narazılıq yaratmaq
dövlət siyasətinə qarşı çıxmaq deyil?
Bu, Azərbaycanda
bir-birinə qaynayıb-qarışmış xalqlar
arasında, musiqi, mədəniyyət və s. sahələrində
sərhəd axtarmaq deyilmi?.. Verin məhkəməyə, bəlkə
orada həm də "Səbuhi" studiyasında qeyri-peşəkarlığın
sərhədi tapıldı...
"Etnik"
sözünün elmi
mənasını bilməyənlərə kiçik
xatırlatma
"Azərbaycan
Sovet Ensiklopediyası"nın 4-cü cildinin 110, 111, 112 və
113-cü səhifələrində "etnik birlik",
"etnik tarix", "etnoqrafiya",
"etnogenez", "etnos", "etnologiya" haqqında ətraflı
izah verilib.
***
Güman
edirik, ölkədə siyasi sabitliyin, xalqlar arasında
dostluğun, hər bir xalqın mədəniyyətinə,
irsinə, irqinə, dininə hörmətlə yanaşan kəs
indiki bir həssas məqamda ictimai dəqqətə
"etnik", "milli azlıq" və bunlardan doğan
"milli ayrı-seçkilik" kimi söz-söhbətə
meydan verməməlidir. Üstəlik, kim
buna cəhd edirsə, bu, olsa-olsa təxribatdır, dövlət
siyasətinə qarşı çıxmaqdır.
Hesab edirik, Respublika Prokurorluğu, Milli Təhlükəsizlik
Nazirliyi "Səbuhi" studiyasının bu addımına
hüquqi qiymət verəcək.
A.MƏMMƏDLİ
"Maşın" realiti-şousunun beşinci sürəti
də kasıbın yanından yel kimi ötdü
Nüşabə
Ələsgərli kimisinin üçüncü
maşına sahib olmaq üçün şouya gəlməsi
belə deməyə əsas verir
Oktyabrın 1-dən "Lider" TV-də
"Maşın" realiti-şousunun 5-ci sürəti start
götürdü. Açıq etiraf etmək
lazımdır ki, televiziyaların göstərdikləri
müxtəlif şou-verilişləri içərisində
az-çox özünə müsbət imic qazanan
"Maşın" realiti şousudur. Təbii
ki, biz bunu reklam xatirinə demirik. Sadəcə
ekranda göstərilən hər bir veriliş istər-istəməz
evimizin qonağına çevrilir və bu qonağın da
abırlı-həyalı olması olduqca vacibdir.
"Qəfəs" kimi xalqımızın mentalitetinə
yad olan verilişlərin efirə verilməsindənsə,
"Maşın"
kimi realiti-şouların verilməsi daha məqsədəuyğundur.
Ancaq hər bir şouda olduğu kimi bu
verilişdə də hər hansı bir maariflənmə və
ya tərbiyəvi nəyisə aşılamaq yox, pul qazanmaq
başlıca məqsəddir. "Maşın"ın
ilk üç surətində heç kəsin
tanımadığı insanların verilişin
iştirakçıları olması təbii
qarşılanırdı. Çünki orda oynanılan
maşın sadə insanlardan kiminəsə qismət
olması hamının ürəyincə idi ki, heç olmasa
kasıbın biri gərgin mübarizədən sonra
dözümlülük göstərərək, maşın sahibi olurdu. Ancaq
"Maşın"ın dördüncü sürətində
üzdə olan "ulduz"ların maşının ətrafına
yığışması əksər
tamaşaçılarda narazılıq yaratdı. Çünki bu ulduzların əksəriyyətinin ən
bahalı maşınları artıq var idi. Deməli, burada məqsəd heç də kiminsə
maşın sahibi olması deyil, layihə müəlliflərinin
ulduzların pərəstişkarlarının SMS-lərinə
"stavka" etməklə külli miqdarda pul
qazanmalarıdır. Buna da artıqlaması ilə nail
oldular.
Ekspertlərin hesablamalarına görə,
gün ərzində SMS-lər vasitəsilə 30 min ABŞ
dollarına qədər pul qazanılırdı. Şounun keçirildiyi 18 gün ərzində nə
qədər qazanc olmasını hesablamaq isə o qədər
də çətin deyil. Layihə müəlliflərinin pul qazanmasını başa
düşmək olar. Ancaq sadə insanlara bu
şansı verməməkdə görəsən məqsəd
nədir?
"Maşın"ın dördüncü
sürətində ulduzların yığılmasını
bir təsadüf kimi başa düşmək olardı. Əgər beşinci sürətdə sadə
adamlar olsaydı. Ancaq beşinci sürətin də
ulduzlardan yığılması göstərdi ki, yenə də
sadə,kasıb insanlara bu şansı vermək
istəmirlər. Oktyabrın 1-dəki "Maşın"
realiti-şousunun beşinci sürətinin
açılışında məlum oldu ki,bu
dəfəki ulduzların da hər
birinin özünün maşını var. Hətta
Nüşabə Ələsgərli etiraf etdi ki,
üçüncü maşına sahib olmaq üçün
ora gəlib. Əldə etdiyimiz məlumata
görə, Nüşabə Ələsgərlinin sahibi
olduğu iki mşından biri "Xammer" markalı və
qiyməti 100 min ABŞ dollarına yaxın olan
maşındır. Görəsən, 3-cü
maşına sahib olub
(Allah qoymasa) maşın kolleksiyası yaratmaqla
Nüşabə xanım nə demək istəyir və iki
maşın sahibinin belə şouya
dəvət edilməsi hansı məntiqdən doğur?
Gör nə günə qalmışıq ki,
dövlət dili olan Azərbaycan dilində bir kəlmə
danışa bilməyəni belə, şouya dəvət
edirlər. Onu da
nəzərə alaq ki, rus dilini bilməyən
tamaşaçılarımız da yetərincədir. Bu sadəcə tamaşaçıya bir hörmətsizlikdir.
Hələ bu azmış kimi ana dilimizi bilməyən
bu xanıma əri tövsiyyə edir ki, "əzizim sənin
öz maşının var, bu maşını da mənim
üçün udarsan". Təsəvvür
edirsinizmi, arvadını çöllərə salıb ki,
get mənə maşın qazan. Dağıl ey dünya! Bu, bizim Azərbaycan
mentalitetinə yaraşarmı?
Ümumiyyətlə, "Maşın"
realiti-şousunun beşinci surəti
iştirakçılarının tərkibi və verilişin
özü başdan ayağa suallarla doludur. Aydın məsələdir ki, təkcə qalib
udmur. İkinci, üçüncü yerləri
tutanlar da bəzən maşınla, bəzən də digər
bahalı hədiyyələr və xaricə təhsilə
göndərilməklə mükafatlandırılırlar.
Ən adi mükafatdan belə sadə, kasıb
insanları məhrum etmək düşünülmüş
məqsəd daşıyır. Bu isə
verilişin səmimiliyini aşağı salır. Kadr arxası hansı oyunların getdiyini isə
"Maşın"ın dördüncü sürətində
rep ustası Elşad Xose Murad Dadaşovun birbaşa
üzünə çırpdı. "Maşın"ın
beşinci sürətində isə ... gəlin tələsməyib
gedişatı gözləyək. Bircə
onu deyə bilərik ki, layihə müəllifləri
varlı və kasıb təbəqəni biri-birindən
ayırmasınlar. Ekran qarşısına
yığışanların hamısı kimliyindən
asılı olmayaraq, tamaşaçıdır. Tamaşaçıya hörmət etmək hər
bir televiziyanın borcudur. Məhz o
tamaşaçıların göndərdikləri SMS-lərlə
şoular fəaliyyət göstərir və külli miqdarda
var-dövlət əldə edirlər. Ona
görə də iştirakçıların tərkibi
heç kəsin tanımadığı insanlardan seçilməlidir.
Onsuz da bu "ulduzlar" hər gün efirdən
görünməklə gözlərimizi qabar ediblər.
Ancaq sadə və kasıb insanların o
verilişə dəvət edilməsi həmin şouya
boğazından kəsib SMS göndərən tamaşaçılara
əsl hörmət nümunəsi olardı. El dili ilə
desək, adam işıq gələn yerə
barmaq tıxamaz.
Elçin MƏMMƏDLİ
Klounluqdan
eşşəyə qədər gedən yol
Layihə uğursuz olduğundan
"Düşərgə" İTV-yə düşərli
olmadı
Hə,
sizə kimdən deyim, nədən deyim, ölkənin siyasi həyatına
yenicə qədəm qoyan, öz gəlişi ilə də
bütün ölkənin diqqət mərkəzinə
düşən, lakin buna görə sevinmək əvəzinə
gözlərindən qanlı yaş axan 03-54 dövlət
nömrə nişanlı qoşqunun sahibi eşşəkdən.
İctimai televiziyanın "Düşərgə"
realiti-şousunun aparıcı fiquru olan bu boz eşşəyi
və ya klounluqdan eşşəyə qədər yol gəlmiş,
gestapo aparıcı Elnur demiş, uzunqulağı bu gün Azərbaycanda
tanımayan yoxdur.
Elnurun özü az-maz tanınsa da,
"Düşərgə"də onun bütün mənfi
xarakteri üzə çıxdı. Adi
danışıq qabiliyyətinin olmaması bir yana,
iştirakçıları hər addım başı təhqir
etməsi, insan şəxsiyyətini alçaldan ifadələrə
yer verməsi göstərdi ki, bu adam həqiqətən
klounluqdan başqa heç nəyə yaramır. Kimi dilləndirirsənsə qeyd edir ki, verilişə
bəlkə də elə-belə baxmaq olardı, ancaq
aparıcının o özündən razı sifətini
görməmək üçün baxmırlar.
Bakıdakı "Aqua-park" istirahət mərkəzində
klonluqdan şou aləminə qədəm qoyan, oradan isə
Space televiziyasında "Bərəkətli olsun"
verilişinin aparıcısına çevrilən Elnur hələ
ki, öz yerini və kimliyini tapa bilmir. Tapa bilməyəcək
də. Çünki gərək nəsə
olsun ki, ona şərait yarananda, üzə
çıxsın. "Bərəkətli
olsun" verilişində ona zəng vuran rus dilli
tamaşaçıya "Mən rus dilində heç nə
başa düşmürəm" deyəndə, fikirləşdim
ki, bu bir o qədər də qəbahət deyil. Hərçənd hər bir tamaşaçıya
etika xatirinə minlərlə tamaşaçının
gözü qarşısında diqqətlə qulaq asmaq onun
peşə borcu idi. Təbii ki, onun rus
dilini bilməməsi məndə belə təəssürat
yaratdı ki, yəqin öz dilimizdə bülbül kimi cəh-cəh
vurur.
"Düşərgə" realiti-şousu göstərdi
ki, bu adam nəinki dilimizin incəliklərini,
hətta adi normal danışıq tərzini də bilmir.
Keçmiş klounun tez-tez "layiqlilər burada qalacaq"
deməsi "Düşərgə"dən gedənlərin
şəxsiyyətinin tamaşaçıların gözü
qarşısında alçaltması sübut edir ki, bu adam dilimizdən ümumiyyətlə bixəbərdir.
Məgər İTV-də Azərbaycan dilini bilən
bir nəfər tapılmadımı ki, o boyda layihənin
aparıcılığı klouna tapşırıldı.
Bu kloun isə nəinki insanların hətta
başını aşağı salıb yük
dartmağı özünün vəzifə borcu bilən
03-54 dövlət nömrə nişanlı qoşqunun sahibi
eşşəyi də bezdirib. Ərzaq
almaq üçün kənddə gedib-gələn yazıq
eşşəyin yoluna o qədər maneələr qoydurub ki,
bəzən eşşəklə birlikdə
iştirakçı da maneənin öhdəsindən gələ
bilmir.
Eşşək olanda nə olar? Bu o demək deyil ki, ömründə eşşək
görməyən şəhər uşaqları bu yazıq
heyvanın bədənini qamçı ilə qançır
etməlidirlər. Heç olmasa bu
iştirakçılara eşşək sürməyin
qaydalarını əvvəlcədən başa salmaq
lazım idi ki, yerli-yersiz bu dilsiz-ağızsız heyvana bu qədər
çubuq vurulmasın. Hələ
arsız-arsız qoşqunun dalına 03-54 rəqəmli
nömrə də nömrə də yazıblar. Yalnız adi danışıq qabiliyyətindən və
insani duyğulardan məhrum olan kloun eşşəyə belə
qəddarcasına münasibət bəsləyə bilər.
Heç olmasa maneələr elə
qoyulmalıdır ki, adamın köməyi olmadan eşşək
özü onun öhdəsindən gələ bilsin. Əgər sivil Avropa dövlətlərinin birində
bu baş versə idi, heyvan hüquqlarının müdafiəçiləri
layihə müəllifləri qarışıq bütün
iştirakçıları məhkəməyə verərdilər
və onların həm maddi, həm də mənəvi cəhətdən
cəzalanmasına nail olardılar. Ancaq
çox təəssüf ki, bura Azərbaycandır və
eşşəyin də heç bir hüququ və müdafiəçiləri
yoxdur. Bizim məmləkətdə
eşşək elə eşşəkdir və o, elə
eşşək kimi də maneələrə ilişib əziyyət
çəkməlidir.
Ömründə heç kənd həyatı
görməyən, rus dilli Natəvan xanım adlı
iştirakçının biri ərzaq gətirərkən
eşşəyi qoyulan maneədən nə qədər
güc eləsə də, keçirə bilmədi. Əvvəla qızın və ya qadının
eşşək arabasının altına çiyin verməsi
mədəniyyətin hansı çərçivəsinə
sığır? Qız və
qadınların alçaldılmasına yönəlmiş bu
epizodları kəşf etdiyinə görə İTV-yə
gurultulu alqışlar düşür. Elə
bu alçaldılmasına dözməyən
iştirakçı Natəvan xanım da hər şeyə
tüpürüb ərzaq dolu arabanı eşşək
qarışıq oradaca qoyub "Düşərgə"yə
boş qayıtdı. Lakin elə də
boş qayıtmadı. Yol boyu "Düşərgə"nin və keçmiş kloun Elnurun kadr
arxası zibillərini açdı-tökdü: "Bir tikə
çörək verirlər, onu da adamın başına
vururlar". Verilən çörəyi minnət
edib başa vuran kimdir? Təbii ki,
danışıq qabiliyyətindən məhrum olan Elnur.
Natəvan xanım davam edir: "Ölmüşdü Natəvan,
gör kimlərin sözünü götürür". Deməli, Elnurun təhqiredici sözləri və səviyyəsiz
danışıqları iştirakçıları da
boğaza yığıb. Natəvan xanım: "Eybi
yox, bir gün ac qalsaq, ölmərik". Belə
çıxır ki, iştirakçılar layihə müəllifləri
tərəfindən çörəklə sınağa
çəkilirlər. Bu isə qətiyyən
yolverilməzdir.
Bundan əlavə, palçıq lehməsində
sürünmə kimi hərəkətlər
iştirakçıların şəxsiyyətini
alçaltmaqdan başqa bir şey deyil. Adamın
nəyəsə olan ehtiyacını nəzərə alıb
onu bu dərəcədə alçaltmazlar.
Tamaşaçıların da o biri şoulara nisbətən az SMS göndərməsi göstərir ki, bu
layihə çox uğursuz alındı. Keçmiş
klounun bu gün gestapo rolunda olub ağzına gələni
danışması isə bu uğursuzlu lap dərinləşdirdi.
Bir sözlə "Düşərgə"
İTV-yə düşərli olmadı. Həm
də ona çox təəssüf edirəm ki, uğursuz bu
şounun layihə müəlliflərindən biri də
istedadlı qələm sahibi, gözəl insan olan həmkarımızdır.
İTV rəhbərliyi isə yadda
saxlamalıdır ki, insan şəxsiyyətini
alçaltmağa yönələn şou artıq şou yox,
faciədir. Faciənin ən
böyüyü isə klounluqdan eşşəyə qədər
yol gələn Elnur kimi ana dilini bilməyənlərin efir
qarşısına çıxarılmasıdır.
E.MƏMMƏDLİ