"Azneft" korrupsiya yuvasına çevrilir

Birliyin baş direktoru Şahin İsmayılov "Korrupsiya haqqında" Azərbaycan Respublikası Qanununa daban-dabana  zidd olaraq ölkənin neft sektoruna ən yaxın qohum-əqrəbasını yerləşdirərək, müəmmalı "tender əməliyyatı"na könül verib

Milli Təhlükəsizlik, Maliyyə və Vergilər nazirliklərinin rəhbərliyi dövlət vəsaitlərinin darmadağın edilməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir...

...Yazıya dövlət başçısı və Ali Baş Komandan İlham Əliyevin son dövrlər tez-tez səsləndirdiyi bu sözlə başlamaq istərdik: "Biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik!"

(Əvvəli ötən saylarda)

Bu gün həm də 9 may Qələbə günüdür!

Düz 61 il əvvəl sovet qoşunları Berlinə daxil olaraq faşizm üzərində qələbə çaldı. Və bu qələbədə Azərbaycanın on minlərlə igid oğul və qızları həlak oldu, qəhrəmanlıq göstərdilər. Ən vacibi, bu qələbənin reallaşmasında Bakı neftinin mühüm rolu oldu. Bu barədə həmin tarixi yazan rus hərbçiləri öz kitablarında xüsusi olaraq qeydlər ediblər.

***

Bunları deməkdə məqsədimiz odur ki, Azərbaycan düşmən üzərində qələbəli döyüşə hamilədir. Bunun üçün Bakı nefti kimi strateji sərvətə malik ölkədə hər şey həmin möhtəşəm və tarixi qələbəyə səfərbər edilməlidir. Lakin çox təəssüf ki, bu gün ölkə neftindən gələn gəlirlər tarmar edilir, ayrı-ayrı vəzifəli şəxslərin şəxsi qazanc mənbələrinə çevrilməkdədir. Xalqın milli sərvətini qohum-əqrəbanın və ailənin var-dövlətinə çevrilməsinə səy göstərmək isə ən azı cinayətdir!

"Azneft" İstehsalat Birliyi korrupsiya mənbəyinə çevrilir

Neft- dövlətin maliyyə mənbəyinin bel sütunu rolundadır. Dövlət büdcəsinin formalaşmasında əsas yer tutan bu gəlirli sahəni korrupsiya yuvasına çevirməyin anatomiyasını yazanlara nə ad vermək olar ki? Ən acınacaqlı vəziyyət bundan ibarətdir ki, dünya bazarında neftin qiymətinin rekord həddə çatdığı bir vaxtda Azərbaycan neftinin maya dəyəri sürətlə artmaqda, rentabellik, deməli, mənfəət aşağı düşməkdədir. Niyə?

***

Hələ ki, ən yaxın adamlarını, həmkəndlilərini "Azneft" İB sisteminə yerləşdirmək, ən qısa vaxtda könlündən keçən sərvətə malik olmaq yolu tutan Birliyin baş direktoru Şahin İsmayılovu isə çətin ki, neftin maya dəyərini aşağı salmaq yolları düşündürsün.

Redaksiyamıza elə Şahin İsmayılovun çevrəsində çalışan, lakin neft kəmərlərinin düşməncəsinə talan edilməsinə dözməyənlərdən bəzilərinin söylədiyi məlumat və söhbətləri ciddi düşünməyə əsas verir.

Məlum olur ki, müvafiq dövlət strukturlarının belə, hələki diqqətini cəlb etməyən addımların atılması bu gün Ş.İsmayılov üçün ən yaxşı qazanc mənbəyinə çevrilib. Və yada salanda ki, "Azneft" İB-yə vaxtilə kimlər rəhbərlik edib və indi onların qurub yaratdıqları ilə necə rəftar olunur, adamı həqiqətən də ağlamaq tutur. Və düşünməli oluruq ki, bu cür uzağa getmək olmaz! Heç şübhəsiz ki, adi bir qəzet yazısında yazılması mümükün olmayan bir sıra məqamlar var ki, müvafiq dövlət strukturlarına bir siqnal olacaq. Ən azı, neçə il əvvəl "Dənizdə Neft və Qazçıxarma" İB-nin Maddi-Texniki Təchizat İdarəsində qiymət şişirdilməsi, ayrı-ayrı adı olub, özü olmayan qondarma firmaların adına mal-material alıb, pul köçürülməsi və s. barədə yazdıqlarımızı xatırlayın. O vaxt məhz bu yazılardan sonra Maliyyə və Vergilər nazirliklərinin yoxlaması, Respublika Prokurorluğunun istintaq qrupunun araşdırması oldu. Nəticəni isə elə indi "Azneft" İB-yə rəhbərlik edən Şahin İsmayılov da yaxşı bilir. Həmin istintaqda "quyruğu qapı arasında qalan" və sonradan "sudan quru çıxan" bir çoxları indi Şahin İsmayılovun çevrəsindədirlər. Hansı hüquqi əsaslarla, hansı məntiqlə?

Neftin maya dəyərini şişirdən amil- şəxsi tamahdır, yoxsa...

Məlum olur ki, bu gün məsələn, "BP"-nin "Azəri-Çıraq-Günəşli" yatağından çıxardığı 1 ton neftin (ümumilikdə) orta maya dəyəri 13 dollara, "Azneft" İB-də hasil edilən neftin 1 tonunun maya dəyəri isə təəccüblü də olsa, təxminən 43 dollara başa gəlir. Hətta elə neft və qazçıxarma idarələri var ki, bu rəqəm daha yüksəkdir. Məsələn, Şahin İsmayılovun vaxtilə çalışdığı "Neft daşları" NQÇİ-də bu göstərici 60 dollar, "Qum adası" NQÇİ-də isə 49-52 dollardır.

İndi sual olunur: bəs qabaqcıl təcrübə, yeni texnika və texnologiyaların tətbiqi nə üçün neftin maya dəyərini aşağı sala bilmir, yaxud azaltmır? Axı indi dünyanın 10-dan çox ən nüfuzlu dövlətinin 20-dək güclü neft şirkətləri Azərbaycandadır, 1994-cü ildən neft yataqlarımızın istismarı ilə məşğuldurlar. Bəs nə üçün onların təcrübəsindən istifadə edilmir? Bəlkə sərf etmir?

***

Məlum olur ki, bunun üçün rəhbər işçidə bir vacib keyfiyyət olmalıdır: dövlətə, xalqın sərvətinə doğma münasibət!

Kiçik bir araşdırmamız maraqlı məqamları üzə çıxartdı. Şahin İsmayılov uzun müddət "Neft daşları" NQÇİ-də çalışıb. İdarənin 1997-1999-cu illər üzrə texniki-təşkilatı tədbirlərinə nəzər salırıq. Məlum olur ki, bu dövrdə idarədə yeni texnika və texnologiya tətbiqi ilə bağlı guya neftin hasilatı artıb (?). Ş.İsmayılov idarədə emal üzrə istehsalat şöbəsinin rəisi, 1996-cı ilədək baş mühəndisin müavini, 1996-cı ildən isə baş mühəndis olub və yeni texnika, texnologiyaların tətbiqi ilə bağlı bu tədbirlərin tətbiqinə rəhbərlik edib. O və digər çoxsaylı hazıryeyənlər neftçi alimlərin (Neft və Kimya İnstitutunun) səmərələşdirici təkliflərini bu texniki tədbirlər siyahısına salmaqla həmin illərdə 100 milyonlarla manat mükafat alıblar. Elələri olub ki, ayda 30-40 milyon manata sahib durub (Ş.İsmayılov texniki elmlər namizədi elmi dərəcəsini də həmin dövrdə alıb). 

Bir sözlə, gözdən-könüldən uzaq olmuş "Neft daşları" NQÇİ bir çoxları üçün hazır qazanc mənbəyinə çevrilib.

Bir vaxtlar "Dənizneftqazlayihə" İnstitutunun direktoru olmuş Ələkbər Süleymanov təkcə bir əmrdə 55 milyon manat mükafat alıb və s. Bəzi illərdə ARDNŞ üzrə yeni texnika və texnologiyaların tətbiqinə görə alınan mükafatların həcmi ildə 10 milyard manatı keçib...

İndi yəqin sual etmək lap yerinə düşər: Şahin müəllim! "Neft daşları" NQÇİ-də "tətbiq edilən" həmin səmərələşdirici təklifləri, yeni texnika və texnologiyaları niyə indi tətbiq etmək mümkün deyil ki, neftin də maya dəyəri aşağı salınsın? Bəlkə ona görə ki, bunların hamısı kağız üzərində olub?!

"Uptorq"da "qiymət" əməliyyatı

Bu gün "Azneft" İB-də neftin maya dəyərinə təsir edən vacib amillərdən biri də alınan mal və materialların qiymətinin orta bazar qiymətlərindən ən azı 8-10 dəfə çox olmasıdır.

***

Mənbənin sözlərindən məlum olur ki, sistemdə uzun illər hamının "Uptorq" kimi tanıdığı Maddi-Texniki Təchizat İdarəsi "Azneft" İB-də və ARDNŞ-də ən yaxşı qazanc mənbəyinə çevrilib. Bu gün dünya bazarında neftin qiymətinin sürətlə artdığı bir vaxtda "Azneft" İB üzrə neftin maya dəyərinin şişirdilməsində də məhz "Uptorq"un "böyük rolu" var. Ən acınacaqlısı budur ki, hələ də dövlət rəhbərliyi səviyyəsində bir suala cavab istənilmir: nə üçün dövlətin iri ticarət-kommersiya təşkilatları dura-dura, "Uptorq" adi firmalarla müqavilə bağlayaraq strateji əhəmiyyətli mal və materiallar alır? Hətta "Azkontrakt" Dövlət Kontrakt Korporasiyası (prezidenti millət vəkili Miri Qənbərov) Ukrayna və Rusiyadan, xarici ölkələrdən dövlət xətti ilə çox ucuz qiymətə borular, texniki avadanlıq alıb-gətirmək imkanına malikdir. Bəs niyə kiçik firmalar belə bir yükün altına girirlər? Mənbənin sözlərinə görə, əslində firmalarla "iş birliyi" bəzi işbazlara pul köçürüb nağdlaşdırmada və öz payına (faizinə) sahib durmaqda ən rahat vasitədir. Hətta bu firmaların bir çoxunun, sadəcə, kağız üzərində "işlədiyi" də sirr deyil. Yuxarıda xatırlatdığımız kimi, Respublika Prokurorluğu 2 il əvvəl belə bir cinayət işini Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə göndərmişdi və s.

***

Görünür, Ş.İsmayılov bütün bunların məsuliyyətini ya hiss etmir, ya da ona bu işdə ürək-dirək verənlər var. Yoxsa, o, bacısı oğlu Osman İsayevi "Uptorq"a rəis müavini təyin etməzdi. "Uptorq"da isə adi bazar qiymətlərindən 8-10 dəfə bahalıqdır. Məsələn,

- sintetik dəri gödəkcə (əsasən dəniz neftçiləri üçün tikilib və arxasına ""Azneft" İB" yazılıb)- 590 min manat (bazarda 80 min); 

- əlcək- 12.000 manat (bazarda 1500-2000);

- lampa- 8.000-10.000 manat (bazarda 1250-1500);

- çəkmə- 180.000-230000 manat (bazarda 40-50 min);

- oboy- 60.000 manat (1 "rulon") (bazarda 25-30 min);

- kompressor silindri- 5000 ABŞ dolları (istehsal qiyməti 750-1200 dollar);

- quyuya su vuran nasos- 40-50 min ABŞ dolları (istehsal qiyməti 5-6 min dollar).

Qeyd edək ki, qiymətlər cədvəli böyükdür və sualtı kabellər, eloktrod, borular, növbənöv armaturlar, metal təbəqələr və s-də oxşar qiymət şişirdilməsinə məruz qalır. Guman edirik ki, MTN, Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işi araşdırmalıdır. Əməkdaşımızın iştirakı təmin edilsə (Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi ilə birgə) lazımi fakt və sənədləri ortaya qoya bilərik...

"Azneft"də baş verən korrupsiyada qohumbazlığın rolu nədən ibarətdir?

Təbii ki, korrupsiyada qohumbazlığın rolu danılmazdır. Xüsusən də qohum yerlilərin, kirvələrin.

Çox təəssüf ki, Şahin İsmayılov əvvəllər, köhnə vəzifəsində həmkarlarına həmişə ölkəni bürümüş məlum yerlibazlıqdan əziyyət çəkdiyini söyləyər, neft sektorunda, digər sahələrdə məlum iki bölgənin nümayəndələrinin çoxluq təşkil etdiyindən gileylənərmiş.

Amma indi məlum olur ki, o, əksinə, "Azneft"ə baş direktor təyin edilən gündən birliyi qohum-əqrəba ilə doldurmaqla məşğuldur. Əsasən də təmsil olunduğu Qazax rayonundan.

Xatırladaq ki, hazırda ARDNŞ və "Azneft" İB sistemində demək olar bütün sturukturlarda mühasibatlıq- maliyyə işlərinə isə Gürcüstan əsillilər yerləşdirilib. Bu isə başqa mövzunun söhbətidir.

***

Beləliklə, Şahin İsmayılovun "Azneft"ə baş direktor təyin ediləndən apardığı kadr siyasətinə diqqət yetirin.

Təbii ki, bu mövzunu qəzet səhifəsinə çıxarmazdıq. Lakin görəndə ki, təcrübəli işçilər məhz digər bölgələrdən olduğundan, Ş.İsmayılova qohumluğu çatmadığı səbəbindən kütləvi surətdə işdən çıxarılır, əksinə, onları təcrübəsi, ali təhsili, ixtisası uyğun gəlməyənlər əvəz edir, bax onda susmağı heç də "qızıla bərabər" tutmaqdan vaz keçdik. Hansı ki, belə bir kadr siyasəti korrupsiyaya meydan açır və prezident İ.Əliyevin imzaladığı "Korrupsiya haqqında" qanuna daban-dabana ziddir, bax onda susmaq daha çətin olur.

***

Beləliklə, Şahin İsmayılovun kadr siyasəti:

- Şahid İsmayılov- Ş.İsmayılovun qardaşı, "Qum adası" NQÇİ-yə rəis müavini təyin edilib;

- Osman İsayev- Ş.İsmayılovun bacısıoğlu, "Uptorq"a rəis müavini təyin edilib;

- Telman Cəfərov- "Azneft" İB-yə baş mühəndis qoyulub, Ş.İsmayılovun həmyerlisi;

- Afiq Əliyev- "28 May" NQÇİ-yə "Azər-Penzoyl" sexinin rəis müavini olub, "28 May" NQÇİ-yə rəis qoyulub, Ş.İsmayılovun həmyerlisi;

- Şöhlət İsmayılov- Ş.İsmayılovun digər qardaşı, "28 May" NQÇİ-nin Mərkəzi Mühəndis Texniki Xidmət Şöbəsinin rəis müavinidir, neçə aydır işə gəlmir. Məlumata görə, "28 May" NQÇİ-nin məşhur 4 nömrəli platformasında əlavə işə çıxır;

- Şərif Salmanov- "Azneft" İB-nin baş mühəndisinin müavini qoyulub. Əvvəllər "Bayıl limanı" Dəniz Qazma İdarəsində mexanik ("Xəzər-6" qazma qurğusunda) işləyib. Şahin İsmayılovla kirvədir və həm də həmyerlisidir.

- İbrahim İsayev, "Azneft" İB-də əsaslı tikinti şöbəsinin rəisi qoyulub. Əvvəllər "Neft daşları" NQÇİ-də tikinti üzrə rəis müavini işləyib. "Azərdənizneftinşaat" trestinin tikinti-quraşdırma idarələrinin "forma 2"-lərinə əlavə pul yazdırıb-qol çəkməklə məşhur olub. Şahin İsmayılovun köhnə iş yoldaşı və həmyerlisi;

- Eldar Əfəndiyev, "Azneft" İB-nin baş energetiki qoyulub. "Neft daşları" NQÇİ-də baş energetik işləyib, sualtı köhnə mis, alüminium kabellərin çıxarılıb metalloma satılmasına rəhbərlik edib və s.

***

Bu, yeni təyinatların bir qismidir.

Hazırda neftin maya dəyərinə təsir edən vacib amillərdən digəri isə işə qəbul qadağan olunsa da, idarələrə kütləvi surətdə fəhlələrin işə götürülməsidir.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən aldığımız məlumata görə, bu, həm də şəxsi qazanc məqsədlidir. Məsələn, hazırda peşəsi, təhsili, təcrübəsi uyğun gəlməyən bu işçilərin birini 2500-4000 dollara götürürlər. İndiyədək təkcə "28 May" NQÇİ-yə 47 nəfər fəhlə, "Azərdənizneftinşaat" Trestinə 60 nəfər, "Neft daşları" NQÇİ-yə 23 nəfər, "Qum adası" NQÇİ-yə 17 nəfər, Dalğıc və Xilasetmə İdarəsinə 60 nəfər (təkcə bir sahəyə) və s. işə götürülüb. Ümumilikdə isə son 2-3 ay ərzində "Azneft" İB-də 300-dən çox fəhlə işə götürülüb. Hər bir fəhlədən işə qəbul zamanı 2500-4000 dollar arası rüşvət alındığını nəzərə alsaq, necə bir kadr siyasətinin aparıldığı məlum olar və bu fəhlələrin böyük əksəriyyəti isə Şahin İsmayılovun həmyerliləridir.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən verilən məlumata görə, təkcə "Neft daşları" NQÇİ-də işləyən fəhlələrin 70-80 faizi Şahin İsmayılovun həmkəndliləridir.

"28 May" NQÇİ-nin köhnə platformalarında tenderi udan türk şirkətinin fəaliyyəti öyrəniləcək

Şahin İsmayılovun "28 May" NQÇİ-yə həmyerlisi və bu idarədə kompressor sexinin rəis müavini olan Afiq Əliyevi rəis qoyması çoxları üçün təəccüblü olsa da, məqsədin nədən ibarət olduğunu bəlkə də çox az adam bildi...

***

İndi məlum olur ki, "28 May" NQÇİ-nin 4 nömrəli platforması təzədən işə yarayıb. Burada quyu təmir edilərək yenidən istismara hazırlanır. Hətta məlum olur ki, bunun üçün tender də elan edilib və bir türk şirkəti bu tenderi udub.

Bəs niyə 93 milyon dollarlıq bu tender barədə məlumatlar gizli saxlanılıb?

Xatırladaq ki, neft gəlirlərinin bölüşdürülməsi ilə bağlı prezidentin tapşırığından sonra daxili qayda tətbiq olunub. Qaydaya görə, ARDNŞ üzrə neftin maya dəyərinə çəkilən xərc çıxıldıqdan sonra qalan mənfəətin 25 faizi ARDNŞ-ə qalır, qalan məbləğ isə Neft Fonduna köçürülür...

Görünür, bəzi məmurlar (Prezidentin gözündən uzaq) qərara gəliblər ki, artıq qalan və Neft Fonduna ödənilən mənfəətin məbləğini azaltmaq üçün maya dəyəri artırmaq vacibdir. Bunun bir yolu da tenderdə uduş əldə etməklə, köhnə quyulardan bir neçəsini bərpa etmək adı altında yeni, ağlagəlməz əməliyyat qurmaqdır. Və işbazlar bu quyunu quruda deyil, sanki qəsdən dənizdə seçirlər. Beləliklə, 93 milyon dollarlıq tender elan olunur, vəsait müəyyənləşdirilir, işə başlanılır...

***

Hazırda 4-5 aylıq məzuniyyətə çıxanların kütləvi surətdə 4 nömrəli platformada işə cəlb edilməsi diqqətdən yayına bilməz. Ayda 800-1000, bəzi hallarda 1300-1500 dollar məvacib almağın nəyi pisdir. Amma pis olan budur ki, orada faktiki olaraq nə iş görüldüyünü açıb-ağartmağa adamın utanmağı gəlir? Axı işi tendersiz-filansız "28 May" NQÇİ-nin öz fəhlələri görə bilməzdilərmi?

- Elə isə "Azneft" İB-nin baş direktoru Şahin İsmayılovun məzuniyyətə çıxarılmış yaxınları, həmçinin "28 May" NQÇİ-nin texniki xidmət şöbəsinin rəis müavini olan digər qardaşının da çalışdığı 4 nömrəli platformada nə baş verir?

- Suraxanıdakı neft yataqlarına investisiya qoyan əcnəbi "RAFoyl" şirkəti əslində kimə məxsusdur?

- "Azərdəniznefttikintiinşaat" trestinin baş mühəndisi Rüfət Səfərov niyə işsizdir?

- Trestin keçmiş rəisi Rakif Həsənovu nəyin üstündə işdən çıxarıblar və indi ondan nə tələb edilir?

- NHMK-nin sədri Mirvari Qəhrəmanlının Hindistan səfəri nə ilə yadda qaldı?

(Davamı var)

A.AKİF, "Neft və Şəffaflıq" Monitorinq qrupunun üzvü

Hosted by uCoz