Talançılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki talançıları aşkar etmək üçün dövlət başçısı İlham Əliyevin təcili olaraq məsələyə müdaxiləsi vacibdir

Nazirliyin sabiq baş müfəttişi Şakir Quliyev ölkə prezidentinə sensasion müraciət ünvanlayıb...

Qəzetimizin 14 mart tarixli sayında dərc edilmiş "Talançılar" yazısına görə redaksiyamıza çoxsaylı təşəkkürlər daxil olub. Bu təşəkkürlərdən birinin müəllifi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sabiq baş müfəttişi Şakir Quliyevdir. O, redaksiyamıza gələrək, həmin yazıya görə də minnətdarlığını bildirdi.

(Əvvəli ötən saylarda)

Ş.Quliyevin əvvəli ötən sayımızda dərc olunmuş və prezident İ.Əliyevə, baş prokuror Z.Qaralova, MTN rəhbəri E.Mahmudova və fövqəladə hallar naziri K.Heydərova ünvanlı müraciətindən məlum olur ki, o, bu sahənin təcrübəli mütəxəssislərindən biridir. Amma...

***

Ş.Quliyev mərhum prezident H.Əliyevin təşəbbüsü və xeyir-duası ilə SSRİ ali məktəblərinə göndərilən, təhsil alan mütəxəssislərdəndir. O, 1975-80-ci illərdə Novoçerkask Meliorasiya Mühəndisləri İnstitutunun meşə təsərrüfatı fakültəsini bitirib. Bir müddət Respublika Meşə Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin eyni vaxtda Kənd Təsərrüfatı Texnikumunda müəllimlik edib. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılanda həmin ilin 28 noyabrında burada Ətraf Mühit və Təbii Sərvətdən İstifadəyə Dövlət Nəzarəti Müfəttişliyində nəzarət şöbəsinin müfəttişi təyin edilib. Az keçmiş o, şöbədə baş müfəttiş olur.

***

Ş.Quliyevin nöqsansız və problemsiz fəaliyyəti 2004-cü ilin 17 yanvarınadək davam edib. Yuxarıda adı çəkilən departamentin rəisi Hüseyn Məmmədov ona nazirin adından ərizə yazıb işdən getməsini tələb edib. Nəhayət, Ş.Quliyev bülletendə olarkən, 4 fevral 2004-cü ildə işdən azad edilib. Maraqlıdır ki, YAP üzvünü, 23 ildən çox nöqsansız fəaliyyət göstərmiş bir mütəxəssisi bayıra atırlar.

***

Ş.Quliyev dəfələrlə nazir H.Bağırova müraciət etsə də, ədalətsizlik aradan qaldırılmır. O, bu barədə dövlət orqanı rəhbərlərinə üst-üstə 100-dən çox məktub yazır, lakin heç bir tədbir görülmür.

Nazir Hüseyn Bağırov Hüseyn Məmmədovu hansı keyfiyyətinə görə müdafiə edir?

Ş.Quliyev hüquqlarının pozulmasında əsas günahkar kimi Departamentin İcra Aparatının sabiq rəhbəri Nizami Kərimovu, nazir müavini Firdovsi Əliyevi günahkar hesab edir. O, prezident İ.Əliyevə müraciətində yazır:

"Cənab prezident!

Nazirlikdə baş verən özbaşınalıqlar və qanunsuzluqlar o həddə çatıb ki, 2001-ci ilin payızından 2004-cü ilin avqustuna kimi mövcud olmuş Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadəyə Dövlət Nəzarəti Müfəttişliyinin rəisi H.Məmmədovun son illər ərzində (2002-2004) ətraf mühitin və faunanın mühafizəsinin yarıtmaz hala düşməsi ilə bağlı, meşə-qoruq fondlarındakı və meşə fondundan kənar sahələrdəki qiymətli ağac-kol cinslərinin bilərəkdən qanunsuz qırılıb dağılması ilə və digər faktlarla bağlı törətdiyi ciddi qanun pozuntularını ört-basdır etmək məqsədilə 2004-cü ilin avqustunda nazirlik tərəfindən həmin müfəttişlik ləğv olundu. Onun bazasında həmin müfəttişliyin hüquqi varisi kimi, əvvəlki müfəttişlikdən heç bir parametri ilə fərqlənməyən Ətraf Mühitin Mühafizəsi Departamenti yaradıldı. Nazirliyin rəhbərliyi əvvəlki müfəttişliyin rəisi işləmiş və yerli meşə təsərrüfatlarının meşə fondundakı, qoruq fondundakı və meşə fondundan kənar sahələrdəki meşələrimizin kütləvi surətdə qanunsuz qırılıb dağılmasına, faunanın və ətraf mühitin mühafizəsinin yarıtmaz vəziyyətə düşməsinə əsas günahkar olanlardan biri kimi həmin H.Məmmədovu yeni yaradılmış Ətraf Mühitin Mühafizəsi Departamentinə yenə də rəhbər təyin etmişdir.

***

Əgər həmin müfəttişlik qarşıya qoyulan tələb və vəzifələrin yerinə yetirilməsinin öhdəsindən gələ bilməməsi və digər səbəblər ucbatından ləğv olunubsa, onda necə olur ki, həmin sabiq müfəttişliyin rəisi olmuş və respublikamızın meşə-qoruq fondlarındakı meşələrimizin, meşə fondundan kənar sahələrdəki yaşıllıqların, 2001-ci ilin payızından bu günə kimi olan dövr ərzində kütləvi halda qanunsuz qırılıb məhv olmasına, bununla da meşələrimizin mühafizə vəziyyətinin faciəvi surətdə yarıtmaz hala, faunanın və ətraf mühitin mühafizəsinin qorunmasının bərbad vəziyyətə düşmələrinə səbəbkar olmuş H.Məmmədov hansı keyfiyyətli iş göstəricilərinə görə sabiq müfəttişliklə eyni funksiyalı yeni yaradışmış Ətraf Mühitin Mühafizəsi Departamentinə yenidən rəhbər təyin olunmuşdur?

Meşə təsərrüfatı sistemində uzun illər çalışmış bir mütəxəssis kimi belə hesab edirəm ki, bu qanunsuz təyinat meşələrimizin sonrakı məhv edilməsinə doğru nazirlik tərəfindən atılmış ən ciddi addımlardan biridir. Əgər belədirsə, vay belə şəraitdə işləyən nazirliyin halına ki, onun ağsaqqalı 2002-ci ildən hal-hazıra kimi respublikamızın meşə-qoruq fondlarındakı meşələrimizin və meşə fondundan kənar sahələrdəki yaşıllıqların qanunsuz qırılıb satılmasına və məhv edilməsinə günahkar olmuş, nazirliyin nəzdində olan əvvəlki müfəttişliyin hazırkı Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri H.Məmmədov olsun.

Cənab prezident!

Hüseyn Məmmədov və Firdovsi Əliyev kimi meşəçilik elmindən, meşə təsərrüfatı sistemindən bixəbər, savadsız məmurlar özlərinə aid olmayan vəzifələri zəbt edərək başqalarına öz ixtisasları üzrə işləməyə imkan vermirlər. Meşə təsərrüfatı sistemində illərlə tətbiq olunan elmi cəhətdən əsaslandırılmış təsərrüfat tədbirlərinin çoxu (Meşələrin cins və keyfiyyət tərkibinin formalaşmasına yönəlmiş xidməti qırmalar, zərərvericilərə və digər xəstəliklərə qarşı, yanğına qarşı mübarizə üçün xidmət edən səhiyyə qırıntıları və.) bu nazirlik tərəfindən 2003-cü ildən bəri ləğv edilib və bu ciddi qanunsuzluq indi də davam etməkdədir. Nazirlik rəhbərliyinə daxil olan, meşə elmindən və meşə təsərrüfatı işlərindən bixəbər olan qeyri-meşəçi məmurlar (nazir müavini F.Əliyev, nazirlik aparatının keçmiş rəhbəri N.Kərimov, nazirliyin əsas günahkar məmuru əvvəlki müfəttişliyin, hazırkı Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri H.Məmmədov) hal-hazırda meşə müəssisələrini meşə təsərrüfatı elminin, Meşə Məcəlləsinin və bu haqda olan dövlət və hökumət qərarlarının, hüquqi-normativ sənədlərin prinsiplərinə, tələblərinə uyğun yox, biznes-kommersiya qaydalarına uyğun, şəxsi mənfəət naminə necə gəldi idarə və istifadə edirlər.

"Nazirlikdə boş iş yerlərini tutmaq 2500 dollaradır"

Nazirlikdə və onun yerli qurumlarındakı (xüsusilə meşə mühafizə idarələrində) bütün iş yerlərinin hər biri ixtisaslarından asılı olmayaraq 2500 ABŞ dolları və ondan yuxarı miqdardakı pulla satılır və bu qanunsuz işlərə 2002-ci ildən 2005-ci ilin noyabr ayına kimi nazirliyin aparatının sabiq rəhbəri N.Kərimov başçılıq etmişdir. Hazırda isə bu qanunsuz əməliyyatlara əvvəlki müfəttişlik- hazırkı Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri H.Məmmədov, nazir müavini Firdovsi Əliyev və Meşələrin İnkişafı Departamentinin hazırkı direktoru R.Cəlilov başçılıq edirlər.

Cənab prezident!

Ölkə meşələrində ağaclar kütləvi surətdə qırılır. 

Əslində hamıya yaxşı məlumdur ki, nazirliyin rəhbərliyinin icazəsi olmadan hətta ən ucqar meşə sahəsində belə, bir ağac kəsilə bilməz. Elə isə məzhəkə salıb dövlətimizi və xalqımızı aldatmaq nəyə lazımdır? Həqiqətən də son illər ərzində (2002-ci ildən bəri) və hal-hazırda meşələrimizdə "yaşıl soyqırım" Nazirliyin özü tərəfindən yerinə yetirilir.

Hamıya yaxşı məlumdur ki, hər gün Balakən, Zaqatala, Qəbələ, İsmayıllı, Lənkəran, Lerik, Gəncə, Gədəbəy və s. meşə təsərrüfatı müəssisələri istiqamətindən Bakı şəhərinə və digər şəhərlərə içi işlik ağac girdələri ilə yüklənmiş oduncaq maşınları hərəkət etməkdədir. Bu qanunsuzluqların hamısı nazirliyin rəhbərliyinin birbaşa razılığı ilə baş verir. Belə ki, 2002-ci ildən bəri nazirliyin rəhbərliyinin (Nazir H.Bağırov və nazir müavini F.Əliyev); əvvəlki müfəttişlik- hazırkı Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri H.Məmmədovun razılığı ilə yerli meşə təsərrüfatları tərəfindən törədilmiş və tədbir görülməmiş kütləvi qanunsuz ağac qırıntılarından başqa 2004-cü ilin sentyabr ayından başlayaraq 2005-ci ilin avqust ayına kimi baş vermiş qanunsuz ağac qırıntıları zamanı (qanunsuz qırılıb aparılmış, daha doğrusu, şəxsi mənfəət üçün satılmış ağacların həcminin 60 faizinə qədərini faktiki halda işlik kateqoriyalı ağaclar təşkil etsə də, qanunsuz qırılıb aparılmış ağacların ümumi həcminin minimal hissəsinin 30 faizini işlik kateqoriyalı, 70 faizini isə odun kateqoriyalı ağaclar kimi götürsək və meşə fonduna dəyən ziyanı Nazirlər Kabinetinin 30.09.2004-cü il 145 saylı qərarına əsasən hesablamaqla) 1.1. Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, xüsusilə, Qızılca, Yeni Saratovka, Şınıx və digər meşəbəyliklərində hal-hazırda kütləvi halda 40000 kub metrdən çox 2371396000 köhnə manat köküstü nırx dəyərində olan əsasən fıstıq, palıd, vələs və s. cinsli;

1.2. İsmayıllı MMBM-nin Talıstan, Girdiman, Topçu, xüsusilə də, Qalınça meşəbəyliklərində 35000-40000 kub metr həcmində 2074971500 köhnə manat köküstü nırx dəyərində olan palıd, fıstıq, vələs və digər cinslərdən ibarət;

1.3. Zaqatala MMBM-nin, xüsusilə, Tala, Muğanlı, Car, Danaçı, Muxax və Əliabad meşəbəyliklərində hal-hazırda 76000 kub metrə qədər (Muğanlı meşəbəyliyində 20000 kub metrdən çox palıd, göyrüc; Tala meşəbəyliyində 10000 kub metrdən çox cökə, fıstıq və s; Danaçı meşəbəyliyində 10000 kub metr qarışıq ağaclar və bunun da 250 kubmetri işlik qoz; Muxax meşəbəyliyində 10000 kub metrdən çox cökə, fıstıq, palıd; Əliyabad meşəbəyliyində 6000 kubmetrdən çox palıd, fıstıq, bunun da 600 kubmetrdən çoxu işlik qoz) 4951732000 köhnə manat köküstü nırx dəyərində olan palıd, fıstıq, cökə, vələs, şabalıd, qoz və s. ağac cinslərindən ibarət;

1.4. Astara MMBM-nin Əsxənəkəran, Təngərüd, Şüvi meşəbəyliklərində hal-hazırda 10000-20000 kubmetr həcmində 889273500 köhnə manat köküstü nırx dəyərində olan dəmirağac, palıd, fıstıq, vələs və s. ağac cinslərindən ibarət;

1.5. Lənkəran MMBM-nin Seyfidor, Haftoni və xüsusilə də, Osakücə meşəbəyliklərində 30000-35000 kubmetrdən çox 2254870400 köhnə manat köküstü nırx dəyərində olan palıd, fısdıq, vələs, dəmirağac və s. talanmışdır.

1.6. Lerik və digər meşəbəyliklərində hal-hazırda 15000 kubmetrdən çox 1056970500 köhnə manat köküstü nırx dəyərində olan palıd, fısdıq, vələs və s. cinsli;

1.7. Gəncə MMBM-nin Şəmkir, Naftalan, Goranboy və Samux meşəbəyliklərində 10000 kubmetrdən çox 59284900 köhnə manat köküstü nırx dəyərində olan palıd, vələs və s. cinslərdən ibarət;

1.8. Qax MMBM-nin Qum, Qıpcaq, Qax və digər meşəbəyliklərində 10000 kubmetrdən çox 592849000 köhnə manat köküstü nırx dəyərində;

1.9. Oğuz MMBM-nin, xüsusilə də Xaçmaz və Oğuz meşəbəyliklərində 25000 kubmetrdən çox 1761617500 köhnə manat köküstü nırx dəyərində olan palıd cinsli;

1.10. Qəbələ MMBM-nin, xüsusilə də Vəndam və Bum meşəbəyliklərində fıstıq və palıd cinslərindən ibarət 15000 kubmetrdən çox 889273000 köhnə manat köküstü nırx dəyərində;

1.11. Azmeşəli kateqoriyaya mənsub Sabirabad MMBM-nin Sabirabad, Əli Bayramlı, Sığırlı, Saatlı və digər meşəbəyliklərindəki Kürboyu və Arazboyu sahələrdəki Tuğay meşələrində 2500-4500 kub metr həcmində 173151000 köhnə manat köküstü nırx dəyərində olan əsasən qiymətli Ağ qovaq və s. cinslərdən ibarət;

1.12. Quba MMBM-nin Alpan, Vəlvələ və xüsusilə, Rustov meşəbəyliklərində 9000-12000 kub metr həcmində 845576000 köhnə manat köküstü nırx dəyərində olan fıstıq, palıd və s. cinslərdən ibarət;

1.13. Balakən MMBM-nin, xüsusilə, Katex və digər meşəbəyliklərində 40000 kubmetrdən artıq 2818588000 köhnə manat köküstü nırx dəyərində olan fıstıq, vələs cinslərindən ibarət; cəmi isə yuxarıda göstərilən meşə müəssisələri üzrə rəsmi qeydiyyata alınmamış, rəsmiləşdirilməmiş 329500 kub metr həcmində 21223117400 köhnə manat, yəni 4244623,48 yeni manat köküstü nırx dəyərində olan ağaclar kök üstündən qanunsuz kəsilərək həmin müəssisələrin rəhbərləri tərəfindən nazirliyin yuxarıda göstərdiyim məmurlarının narazılığı əsasında şəxsi mənfəətləri üçün göstərilən məbləğdən də artıq qiymətlərlə mebel sexlərinə, ağackəsmə sexlərinə və digər potensial alıcılara qanunsuz satılmışdır.

Bu qanunsuz ağac qırıntılarının bu səviyyədə hal-hazırda baş verməsini yuxarıdakı silsilə ilə Xanlar, Şamaxı, Şəki, Qusar MMBM-lərinə, Kürboyu və Mərkəzi Aranda yerləşən MMBM-lərə də aid etmək olar.

Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verən ciddi qanun pozuntuları barəsində Azərbaycan Respublikasının prezidentinə göndərdiyim hər müraciətimdən sonra nazirliyin rəhbərliyindəki göstərdiyim məmurların bu müraciətlərə saymazyana münasibətinin nəticəsidir. Nazirliyin həmin məmurlarının aşkar xeyir-duası ilə yerli Meşə Mühafizəsi və Bərpası Müəssisələrində, bir çox dövlət təbiət qoruqlarında qanunsuz ağac qırıntılarının həcmi durmadan artırılır. 2005-ci ilin noyabır ayından başlayaraq respublikamızın yerli meşə mühafizəsi və bərpası müəssisələrində nazirliyin razılığına əsasən, meşələrimizin qanunsuz olaraq qırılıb şəxsi mənfəət naminə satdırılmasının yeni, əvvəlki illərdən fərqlənən daha kütləvi fazası başlanmışdır. Belə ki, 2004-2005-ci illərdə Lerik meşələrini qanunsuz qırıb satdırmasında nazirliyin rəhbərliyinin hörmətini qazanmış və buna görə Balakən meşə müəssisəsinə direktor təyin olunmuş Xalıq Süleymanovun "bacarığı" nəticəsində 2005-ci ilin oktyabr, noyabr, dekabr və 2006-cı ilin yanvar aylarında Balakən meşə müəssisəsində əvvəlki qeyd edilmiş qanunsuz ağac qırıntılarından başqa, köküstü ağacların qanunsuz qırılmasından 10 min kubmetrdən çox odun və dörd min kub metrdən çox işlik kateqoriyalı oduncaq materialı qanunsuz olaraq tədarük edilib satılmışdır.

***

Bu proseslər əsasən Quba, İsmayıllı, Oğuz, Şəki, Zaqatala, Gədəbəy, Lənkəran, Astara, Lerik, Qusar, Şamaxı, Xanlar, Sabirabad və digər meşə müəssisələrində baş verməkdədir. Belə ki, qanunsuz ağac qırıntıları hər gün baş verdiyindən bunun üstünü ört-basdır etmək üçün nazirliyin rəhbərliyindəki yuxarıda göstərdiyim H.Məmmədov, F.Əliyev, R.Cəlilov və X.Ramazanovdan ibarət olan məmur qruplaşmasının razılığına əsasən, Meşələrin İnkişafı Departamentinin işçiləri yerli meşə təsərrüfatlarına yoxlamalara göndərilir. Həmin qondarma yoxlama qrupu isə həmin məmur qruplaşmasının razılığına əsasən meşə təsərrüfatı müəssisələrinin xidməti ərazilərindən kök üstən qanunsuz kəsilib satılmış, kütləvi halda olan hazırkı ağac qırıntılarının sayının və həcminin cüzi hissəsini rəsmi qeydiyyata alaraq, yerdə qalan, kütləvi halda olan qanunsuz ağac qırıntılarının gizlədilməsi müqabilində geri qayıdır.

Cənab prezident!

Nəticə isə ondan ibarətdir ki, Bakı şəhərindəki 80-dən artıq mebel sexləri, Qubadakı 17, Qusardakı 8, Balakəndəki 15, Zaqataladakı 6, Gəncədəki 8, İsmayıllıdakı 10, Şəmkirdəki 7, Gədəbəydəki 10, Oğuzdakı 6, Qəbələdəki 24-dən artıq ağackəsən sexlər, Astarada, Lənkəranda, Masallıda və digər rayonlardakı ağackəsən sexlər (həmin mebel və ağackəsən sexləri parket, taxta, yeşik, işlik girdələr və s. ağac məmulatları ilə doludur); respublikamızın Zaqatala, Balakən, Qax, İsmayıllı, Gədəbəy, Lənkəran, Astara, Lerik, Oğuz, Qəbələ, Şəki, Xanlar və digər meşə mühafizəsi və bərpası müəssisələrinin xidməti ərazisindəki meşələrindən qanunsuz kəsilib gətirilmiş ağaclar hesabına gündəlik işləyir.

Azmeşəli aran rayonlarının (Ağcabədi, İmişli, Sabirabad, Beyləqan, Əli Bayramlı, Kürdəmir və s.) bazarları Lənkərandan, Astaradan, Lerikdən, Zaqataladan, Balakəndən, Şəkidən, Oğuzdan, Qəbələdən, Xanlardan, Gəncədən, Gədəbəydən, İsmayıllıdan, Daşkəsəndən, Qaxdan, Şamaxıdan və s. rayonlardan qanunsuz qırılıb alıcılara satılmış qiymətli ağac cinslərinin oduncaqları hesabına hal-hazırda durmadan fəaliyyət göstərir.

Ekologiya və təbii Sərvətlər Nazirliyinin qanunsuz səylərinin nəticəsində hal-hazırda meşələrdən qanunsuz qırılıb tədarük edilmiş altı kub metrdən ibarət bir maşın odun 800000 köhnə manata-160 yeni manata; 6 kub metrdən ibarət olan bir maşın işlik oduncaq isə 170000-2000000 köhnə manata, yəni 340-400 yeni manata satılır və hal-hazırda da satılmaqda davam edir. Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Ağdərə, Xankəndi və digər bölgələrimizdəki işğal olunmuş 242.816 ha meşə sahələri (bundan 200.812 ha Laçın, Kəlbəcər, Zəngilan və Yuxarı Qarabağ meşə təsərrüfatlarındakı meşələr, 107 ha Bəsit çay dövlət qoruğu, 41.887 ha həmin işğal olunmuş ərazilərdəki kolxoz, sovxoz meşələri) istisna olmaqla 2002-ci ilin 01 yanvar vəziyyətinə əsasən Respublikamızın Meşə Fondu 842.490 ha (bundan da 700.432 hektarı meşə bitkiləri ilə örtülü; 142.058 hektarı isə meşə bitkiləri ilə örtülü olmayandır) olmuşdur.

Son illər ərzində (2002-ci ildən başlayaraq) və hal-hazırda da səhlənkarlıq ucbatından yerdə qalan meşələrimizin mütəmadi olaraq qanunsuz qırılıb dağılmasını nəzərə alsaq hal-hazırda Respublikamızın meşəlik faizinin nə qədər aşağı düşməsini necə olması (1990-cı ilə qədər meşəlik faizi təqribən 11% göstərildiyi halda indi bu rəqəm təqribən 5-6% arasındadır, bəlkə də aşağıdır) haqda təsəvvür yürütmək çox çətindir. Çünki qanunsuz meşə qırılması prsosesi 2001-ci ilin payızından hal-hazıra kimi gündəlik olaraq dəqiqə və saatlarla yerinə yetirilir.

Faciəvi paradoksal vəziyyət yaranmışdır. Bir tərəfdən mənfur ermənilər, digər tərəfdən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin günahkar vəzifəli məmurları, onların günahları ucbatından, onsuz da az qalmış, strateji əhəmiyyətli meşələrimizi qanunsuz qırılıb məhv etməklə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2002-ci ildən bəri Meşələrimizin qorunub mühafizə edilməsi vəziyyətinin yarıtmaz hala salması ucbatından Respublikamızın hal-hazırki, faktiki meşəlik faizinin kritik səviyyədə aşağı düşməsi çox ciddi Ekoloji fəlakət kimi hökumətimiz və aidiyyatı hüquq mühafizə orqanları tərəfindən müstəqil meşəçi ekspertlərin cəlb olunması yolu ilə araşdırılmalıdır."

(Davamı var)

A.Ədalət

Təbiətə balta çalanlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təzadlar"a cavab məktubu səhvən "Ədalət" və "Şərq" qəzetlərində çap olunub. Nazirliyin rəhbərliyi səhvini necə düzəldəcək və günahkar necə cəzalandırılacaq?

Təkcə son 5 il ərzində Abşeron yarımadasında, o cümlədən Bakıda 100 hektara yaxın bağ və park sahələri məhv edilərək çoxillik ağaclar doğranıb, çoxsaylı şadlıq evlərinə, villa və restoranlara çevrilib. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində hamı susub. Niyə? Görəsən, təbiətə, ekologiyaya qənim kəsilənlər bu ölkənin, bəşəriyyətin gələcəyini və gələcəyimizi niyə düşünmürlər? Bu işə məsul olanları əlibaltalıların özbaşınalığına susduran nədir?

Qəzetimizin ötən sayında "Talançılar" başlıqlı yazı dərc olunmuşdu.

Yazı ciddi bir sənədə istinadən hazırlanmışdı. Belə ki, 2005-ci ilin 22-25 noyabrında Beynəlxalq Bankın maliyyə dəstəyi ilə Sankt-Peterburqda "Avropa və Şimali Asiyada meşə sektorunda huququn tətbiqi və idarəetmə problemləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Həmin tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev təmsil etmişdir. Və Beynəlxalq Konfransın qəbul etdiyi yekun sənədin (rus dilində, növbəti saylarımızda təqdim olunacaq) bəzi hissələri olduğu kimi yazıda verilmişdi.

Qondarma cavab və...

Gözlənildiyi kimi, həmin yazı ciddi reaksiya doğurdu. O dərəcədə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi özünü necə itirmişdisə, yazıya təkzib ediləsi cavab yazdırmaq və dərcini redaksiyadan xahiş etmək əvəzinə, mətləbə dəxli olmayan bir qondarma "cavab məktubu"nu eyni ilə "Ədalət" qəzetinin 28 mart tarixli, "Şərq" qəzetinin isə 29 mart tarixli saylarında dərc etdirmişdir. Halbuki "KİV haqqında" Qanunun 44-cü maddəsində ("Təkzib, düzəliş və cavab vermək hüququ") açıq-aydın göstərilir ki, məsələn, nazirlik cavab məktubunu həmin yazını dərc edən qəzetə təqdim etməlidir. Əgər qəzet bundan imtina edərsə, onda başqa KİV-ə müraciət etmək olardı.

***

Düzdür, nazirliyin qeyri-rəsmi nümayəndələri həmin yazı barədə redaksiya rəhbərliyinə müraciət edib. Lakin müraciətdə, ümumiyyətlə, yazının dərcinin dayandırılması xahiş olunub, cavab məktubunun dərci yox. Halbuki redaksiya bütün etik qaydaları əsas tutaraq hər dəfə xüsusi olaraq qeyd edib ki, əks-tərəfin mövqeyini dərc etməyə hazırdır. Allah kömək olmuş "Ədalət"çilər isə nazirlik rəsmilərinə "KİV haqqında" qanunu izah etməyiblər. İzah etsəydilər, ən azı, həmin qondarma cavab məqalə yazan qəzetin özündə belə dərc oluna bilərdi.

Əslində isə həmin məqaləni təkzib etmək mümkün deyildi. Çünki bu mümkün idisə, niyə 22-25 noyabr 2005-ci ildə Sankt-Peterburqda keçirilən tədbirdə ölkəmizi təmsil edən nazir müavini Firdovsi Əliyev elə oradaca çıxış edib hər şeyi təkzib edərdi və qoymazdı ki, həmin hesabat-rəqəmlər yekun sənəddə öz əksini tapsın.

***

Nazir müavini F.Əliyev bunu niyə etməyib, deyə bilmərik. Amma bizi bir dəhşətli məsələ narahat etməyə blməz. "Ədalət" qəzetində dərc olunmuş qondarma cavab məktubunda imza yaşı 70-i ötmüş, təqaüdçü olan Hüseyn Bədəlova məxsusdur. Elə həmin gün nazirlikdən zəng edib dedilər ki, Hüseyn kişi pensiyaya çıxıb və nazirliklə elə bir əlaqəsi yoxdur, belə bir savadsız yazıya imza qoya bilməz...

***

O ki qaldı həmin qondarma cavab məktubunun məzmununa, maraqlıdır ki, "Təzadlar"ın 14 mart 2006-cı il tarixli sayında dərc olunmuş "Talançılar" yazısında il ərzində ölkənin meşələrinin qırılmasından (Dövlət Statistika Komitəsinin məlumatlarına hesablanaraq) dövlət büdcəsinə dəyən ziyanın hesabatı təqdim olunmuşdu. Amma "Ədalət" və "Şərq" qəzetində dərc edilən cavab məktubunda qeyri-hökumət təşkilatları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin intriqası öz əksini tapmışdır...

Abşeronun və Bakının ekologiyasına ayrılan 20 milyon dollar kredit hara xərclənib?

İndi keçək mətləbə. Beynəlxalq İnkişaf Bankının 2003-cü il üzrə hesabat sənədlərini vərəqləyərkən maraqlı məqama rast gəldik. Məlum oldu ki, 1998-ci ilin 20 iyununda Beynəlxalq Bankla Azərbaycan hökuməti arasında kredit müqaviləsi bağlanıb. Ümumi həcmi 28 milyon dollar olan kreditin 20 milyonu Abşeron yarımadasında ətraf mühitin qorunmasına nəzərdə tutulub. 5 maddədən ibarət olan layihədə hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühitin mühafizəsinin hüquqi tənzimlənməsini həyata keçirəcək struktur yaradılması da nəzərə alınıb. Layihə 2003-cü ildə başa çatıb.

***

Çox maraqlıdır, Bakının və Abşeron yarımadasının ekoloji durumunda 20 milyon dollar kreditin hansı rol oynadığını, hara xərcləndiyini qoyuruq kənara. Amma fotokameramızın yaddaşına köçürülmüş görüntüləri ekologiya və təbii sərvətlər naziri H.Bağırovun diqqətinə yetiririk. Bakıda vaxtilə mərhum prezident Heydər Əliyevin diqqət və qayğısı ilə əkilmiş, lakin bu gün doğranıb məhv edilərək yerində restoran, şadlıq evləri, villalar tikilən bağ sahələrinə, şam meşələrinə baxın və ən azı, oturduğunuz kresloya, hər ay dövlətdən aldığınız təminatlara görə heç olmasa vicdan narahatlığı keçirin. Kabinetinizdə mərhum prezident Heydər Əliyevin portretini lap başdan asıb, stolunuzun üstündə büstünü qoyursunuz.

Belə saxta sevgidənsə, böyük şəxsiyyət H.Əliyevin vaxtilə əkdirdiyi, qayğı göstərdiyi çoxillik şam və sərv meşələrinin, zeytun bağlarının doğranıb villa və şadlıq evlərinə çevrilməsinin qarşısını alın! Bu, ulu öndərin xatirəsinə ən böyük hörmət və qiymət olardı.

F.ƏLƏSGƏR

Hosted by uCoz