Zaqatalada
rüşvətin anatomiyası
Rayonun
İcra Hakimiyyətinin başçısı ölkə
prezidentinin "Korrupsiyaya qarşı mübarizə haqqında"
sərəncamından xəbərsizdir
Zaqatalanın
ictimaiyyət nümayəndələri korrupsiya ilə mübarizədən
daha çox, rayonda rüşvətvermənin artdığını
dedilər
(Əvvəli
ötən sayda)
...Bəli,
Zaqatala rayon İH başçısı Vaqif Rəhimovla söhbətimizdən
məlum oldu ki, o, ümumiyyətlə, mərhum prezident
Heydər Əliyevin zamanından ta indiyədək korrupsiya
ilə bağlı imzalanmış bütün sərəncam
və fərmanlardan, qəbul olunmuş qanunlardan
bixəbərdir.
***
Elə
isə, əgər rayonun İH başçısı tabe olduğu-
Prezidentin İcra Aparatının rəhbəri, Korrupsiyaya Qarşı
Mübarizə Dövlət Komissiyasının sədri Ramiz
Mehdiyevdən bu günədək bu məzmunda tapşırıq
almadığını deyirsə, deməli, başqa dövlət
orqanlarından hansı tədbirlərin görülməsini
ummaq olar ki?!
Biz
də ummadıq və Vaqif Rəhimovun məsləhəti
ilə rayon prokurorluğuna və polis şöbəsinə baş
çəkməyi, sadəcə, borcumuz hesab etdik.
"Dövlət
məmurları özləri rüşvət almasınlar, rüşvətxorluğa
qarşımübarizələrini istəmirik"
Rayonda
söhbət etdiyimiz insanların demək olar hamısı bir
sözə hakim kəsilirdi: "Dövlət məmurları
özləri rüşvət almasınlar, rüşvətxorluğa
qarşı mübarizələrini istəmirik!"
Başqa
bir qrup həmsöhbətimiz isə deyirdi: "Zaqatalada
korrupsiya və rüşvətxorluğa qarşı mübarizə
aparmağın bircə yolu var: məmurların rüşvət
mənbəyinin yolu kəsilməlidir!"
Bəs
bu qənaətlər hardan qaynaqlanır?
Suala
konkret cavab almaq üçün əvvəlcə Zaqatala rayon
Prokurorluğuna baş çəkdik. Prokurorun müavini söhbətimizə
körpü saldı və mövqeyini qəti bildirdi: "Prokuror
Bakıya gedib və bütün suallara yalnız o özü
cavab verə bilər!"
***
Bura
isə Zaqatala rayon polis şöbəsidir. Növbətçi
polis nəfərindən rəisi soruşduq. Məlum oldu ki,
"rəis Mehdi Məmmədov ərazidədir". Müavinlərdən
biri ilə söhbət etmək, korrupsiya ilə bağlı mövqeyini
öyrənmək istəyirik. Məlum oldu ki, müavinlər
nahara gedib, nə vaxt qayıdacaqları bəlli deyil...
"Zaqatalada
rüşvətin kökünü kəsmək
üçün məmurların tamahını kəsmək
lazımdır!"
Zaqatala
rayon Mədəniyyət Sarayının qarşısında
ictimaiyyət nümayəndələri və ziyalılarla görüşürük.
Məqsədimizi açıqlayırıq.
Korrupsiyadan
danışan kimi gülürlər: "Zaqatalada korrupsiya
ilə mübarizədən danışmaq gülməlidir.
Çünki..."
Mətləbə
keçir və müsahiblərimizi dinləyirik. Özlərini
təqdim edirlər: Saleh Sultanov, Müsavat Partiyasının
Zaqatala rayon təşkilatının sədriyəm.
-
Saleh bəy, prezident İlham Əliyevin hələ 2004-cü
ilin sonlarında korrupsiya ilə mübarizə sahəsində
bir neçə sərəncamı olub. Və Dövlət
Proqramı da qəbul olunub. Zaqatalada korrupsiyaya qarşı mübarizəni
necə xarakterizə edərdiniz?
-
Zaqatalada korrupsiya və rüşvətxorluqdan danışa
bilərəm, amma buna qarşı mübarizədən yox...
-
Niyə?
-
Korrupsiya haqqında qanun qəbul ediləndən sonra Zaqatalada,
yəqin ki, başqa bölgələrdə də müşahidə
edə bilərsiniz, korrupsiya halları artıb. Zaqatalada
istənilən adamı saxlayıb soruşun, bunun doğru olduğunun
şahidi olacaqsınız. Vəzifəyə
gəlməkdən tutmuş ta "JEK"dən adi arayış
almağadək, hər yerdə rüşvətsiz keçinmək
mümkün deyil...
-
Konkret misal çəkə bilərsinizmi ki, məsələn,
siz özünüz bunun şahidi olmusunuz?
-
Bu yaxınlarda Zaqatala rayon Məhkəməsində bir mülki
işə baxılırdı. Zərərçəkmiş
məhkəmə prosesində qarşılaşdığı
hadisəni belə təsvir edirdi: "Biz görmüşük
ki, nisyə dəftəri dükanda, bazarda olar, amma Zaqatala
rayonunun Əliabad kənd icra nümayəndəliyində
nisyə dəftəri var".
Əliabad
icra nümayəndəliyində arayış alıb pul
verməyənin adı nisyə dəftərinə yazılır
-
Bu "nisyə dəftəri"nin mənası nədir?
-
Mənası odur ki, kimsə icra nümayəndəsindən
arayış alırsa 5-10 min manat verməlidir. Əgər
pulun yoxdursa, adını "nisyə dəftəri"nə
yazırlar. Pulu verəndən sonra adını "borc siyahısı"ndan
silirlər.
Yəni
Zaqatalada vəziyyət belədir. Korrupsiya ilə mübarizə
isə gözdən pərdə asmaq üçündür.
Ramiz Mehdiyevin sədri olduğu Korrupsiyaya Qarşı Mübarizə
Dövlət Komissiyasına camaatın heç bir inamı
yoxdur. Çünki yerlərdə bu mübarizəni görmürlər...
-
Rayon ziyalısı kimi siz özünüz korrupsiyaya qarşı
mübarizənin səmərəli yolunu nədə görürsünüz?
-
Bilirsiniz, rüşvət- Azərbaycan xalqının, daha doğrusu,
məmurların həyat tərzinə çevrilib. Korrupsiya
və ya rüşvətxorluğa qarşı məmurların
tamahını kəsmək lazımdır. Prezident, lap 100 cürə
sərt qanun qəbul eləsin, xeyri yoxdur. Çünki bu
qanunun icraçısının əməli və əli
əyridirsə, deməli, nəticə olmayacaq. Vəziyyət
elə həddə çatıb ki, camaat artıq rüşvətə
təbii baxır. Hətta hər hansı dövlət
idarəsinə girib bir problemini həll etdirib pul
verməsən, yəni pul almasalar, adam özünü çox
narahat hiss edər. Çünki rüşvət- problemin
həllinin açarıdır! Zaqatalada vəziyyət
belədir!
-
Bəs siz özünüz necə, heç rüşvət
vermisinizmi?
-
Verməmişəm...
-
Verməmisiniz, yoxsa almayıblar?
-
Xeyr, alardılar, sadəcə, verməmişəm...
-
Deməli, əslində siz Zaqatalada rüşvətə qarşı
mübarizə aparırsınız. O mənada ki, rüşvətin
subyekti- alan və verəndirsə, deməli, siz rüşvət
verməməklə almağın qarşısını almısınız...
-
Bəli, o mənada siz deyəndir. Amma Zaqatalada mənim
kimiləri çox azdır. Həm də məmurlar
bilirlər ki, bizdən rüşvət alsalar, "səsi"
gur çıxar. Ona görə də bəzən hansısa
idarəyə işi düşən məni özünə
"vəkil" seçir və həmin idarəyə
birlikdə gedirik, problem rüşvətsiz həllini tapır.
Zaqatala
Qaz İdarəsi rüşvət yuvasıdır
Şaban
Hacıyev, təqaüdçü (müəllim):
-
Zaqatalada rüşvətdən danışmaq hər gün
və ya günaşırı kartof-soğan almaqdan danışmaq
kimi adi şeydir.
-
Şaban müəllim, siz nə vaxtsa rüşvət
vermisinizmi? Yaxud, həyatınızda korrupsiya ilə rastlaşmısınızmı?
-
Bəli, olub. Mənim yaşadığım küçəyə
qaz çəkirdilər. Başladılar
siyahı ilə pul yığmağa. Adını da qoydular
"material pulu". Sakinlərin demək olar hamısı
tələb olunan pulu verdi. Ümumi xətt çəkilib
binaya gətirildi. İndi neçə vaxtdır ki, həmin
qazı mənzillərə birləşdirmək
üçün əlavə pul istəyirlər. Gah dedilər,
"layihə puludur", gah dedilər, "abunə puludur".
- Nə qədər istəyirdilər?
- Ailə başına əlavə 250-300
min manat!
- Siz də verdinizmi?
- Neyləyim? Hamıya qaz gəldi,
bizdən başqa. Uşaqları soyuqdan qırmalıydımmı?
- Bəs prezidentin korrupsiya və rüşvətə
qarşı sərəncamı var, bundan xəbəriniz vardımı?
- Xəbərim var. Amma mübarizəni
mən yox, dövlət idarələri aparmalıdır. Rayon
İH, onun başçısı var- Vaqif Rəhimov. Əvvəllər
İsmayıllıda uzun illər icra başçısı
olub. Oranı yarıdıb, indi də bura göndərilib.
İşləsin də.
- Deməli, qazınız gəlir...
- Yox, indi də deyirlər ki, sayğac al. Üstəlik,
abunə pulu da verməliyəm. Bir sözlə, evimə qaz
gəlməsi üçün ən azı 1 milyon manat
tələb olunur. 250-300 min manat vermişəm, qalanını
hələ tapıb verə bilmirəm.
Pensiya alan adamam, neyləyim?
-
Harasa şikayət etmisiniz?
-
Zaqatala Qaz İstismarı İdarəsinin rəisinə demişəm.
Deyirlər ki, yuxarılardan istəyirlər... Mən
bilirəm ki, o pullar dövlətə deyil, xüsusi
ciblərə gedir. İndi imtina etməkdən başqa yolum
yoxdur. Bununla isə problem həll olunmur axı...
Zaqatalada
"JEK"də də rüşvətsiz iş həll
olunmur
-
Şaban müəllim, başqa kimlərə rüşvət
vermisiniz?
-
Getmişdim "JEK"ə arayış almağa. Divara yazıb
yapışdırıblar ki, bir arayışın qiyməti 4
min manatdır! Mən bilirəm ki, belə dövlət rüsumu
yoxdur. Bəs niyə alırlar? Gəlin birlikdə gedək ora.
Özünüz görəcəksiniz. Məgər polisin,
prokurorluğun, İcra Hakimiyyətinin bunlardan xəbəri
yoxdur? Bilirlər və buna şəraiti hətta özləri
yaradırlar. Bu isə dövlətə, onun prezidentinə hörmətsizlikdir.
Çünki onları bu vəzifəyə prezident təyin
edib...
-
Arayışı nədən ötrü alırdınız?
-
Şəxsiyyət vəsiqəsi almaq üçün.
Həyat yoldaşımla özümə 8 min manat ödəmişəm.
Təsəvvür edin: Zaqatalada 50 min nəfər şəxsiyyət
vəsiqəsi alıbsa, hərəsi 4 min manatdan, bu edir 200
milyon manat! Bu, təkcə bir "JEK"də alınan rüşvətdir.
Korrupsiya
haqqında qanun ölkədə korrupsiyanın varlığını
sübut edir
Firudin
İbrahimov, ziyalı:
-
Prezident İlham Əliyev sərəncam verib ki, rüşvətə
və korrupsiyaya "Yox!" deyilsin. Biz sadə insanlar- rüşvət
verənlər "Yox!" deyirik. Ancaq alanlar- məmurlar ki,
"Yox!" demirlər, əksinə, "Gətir, ver!"
deyirlər.
İndi
görürsünüzmü ki, Zaqatalada prezidenti çox
istəyənlər kimlərdir, istəməyənlər
kimlər?!
-
Ümumiyyətlə, Korrupsiya haqqında maarifləndirmə işi
necədir, rayonda bununla bağlı təbliğat işi
gedirmi, kütləvi tədbirlərin şahidi olmusunuzmu?
-
Zaqatalada bu sahədə heç bir maarifləndirmə işi
yoxdur. Şüar və plakat da yoxdur. Əslində "Rüşvət
almaq olmaz!"- şüarlı plakatın şəhərin
mərkəzi yerlərinə, əhalinin çox olduğu
yerlərə yapışdırılmasına ehtiyac görmürəm.
-
Niyə?
-
Mən istərdim ki, belə üç-dörd plakat olsun.
Birini İcra Hakimiyyətinin qarşısına, qalanlarını
polisin, prokurorluğun və "JEK"in, qaz idarəsinin
önündə yapışdırmaq lazımdır.
Çünki rüşvəti alan olmasa, camaat dava-qırğınla
aparıb onlara pul verəsi deyil!
-
Ümumiyyətlə, korrupsiya ilə bağlı məlum
sərəncama, Dövlət Proqramına münasibətiniz
necədir?
-
Münasibətim necə ola bilər? Sağ olsun ki, prezident
İlham Əliyev bu sərəncamla Azərbaycanda korrupsiya
və rüşvətin mövcud olduğunu rəsmən
təsdiqlədi, dövlət səviyyəsində etiraf etdi...
-
Siz özünüz nə vaxtsa rüşvət vermisinizmi?
-
Bəli, vermişəm. Şəki Regional Pasport Qeydiyyatı
İdarəsinə yolu düşən qohumlarım deyir ki,
burada rüşvət "qanuniləşib"-
verməyəndə, özünü pis hiss edirsən. Ölkədə
rüşvət biabırçı vəziyyətə
çatdırılıb. Mübarizə aparan isə yoxdur.
Ramiz Mehdiyevin adı korrupsiyada çəkilirsə, o, necə
korrupsiya ilə mübarizə aparan Dövlət Komissiyasının
sədri ola bilər? Rayon icra başçıları isə
ona tabedir.
Görürsünüzmü,
heç bir rayonda prezidentin sərəncamı yerinə
yetirilmir! Çünki "balıq başdan iylənir".
***
Bəli,
Zaqatalada ictimaiyyət nümayəndələri ilə söhbətimizdən
çox məyus olduq. Korrupsiya və rüşvətə qarşı
mübarizə aparmalı olan dövlət məmurları
özləri rüşvət almaqla məşğul olursa, bu,
prezidentə və dövlətə, onun qanunlarına hörmətsizlikdir!
***
"Qanuna
hörmətsizlik olan yerdə isə hər şey "hörmət"ə
bağlı olur!"
Bu,
atalar sözü deyil, onu Zaqatalada dedilər. Bir də
dedilər: "Rüşvətə qarşı mübarizə
ona görə yoxdur ki, burada "balıq başdan iylənir!""
Asif
MƏRZİLİ,
Bakı-Zaqatala-Bakı
P.S.
Yazı "Korrupsiya ilə mübarizə" layihəsi
çərçivəsində hazırlanıb.
Biləsuvarın
icra başçısı prezidentə qarşı
Xanhüseyn
Kazımlını "zorən deputat" seçdirmək
istəyən Adil Məmmədov rayonda qəzetimizin yayımına
qadağa qoyub
Sentyabrın
7-də yolüstü dayandığımız Biləsuvar
şəhərində qəribə bir faktla rastlaşdıq:
6 sentyabr 2005-ci il tarixli sayımız qəzet köşklərinin
heç birində yox idi. Axı necə ola bilərdi ki, köşklərdə
mövqeyindən asılı olmayaraq bütün mətbu
orqanlar olsun, ancaq "Təzadlar" yox!
Üz
tutduq rayondakı "Mətbuatyayımı" şöbəsinə.
Qəzet və jurnalların çeşidlənməsi və
yayılması ilə məşğul olan Füzuli
Məmmədov bildirdi ki, "Təzadlar"ın sözügedən
sayı Biləsuvar rayonuna gəlməyib. "Şöbəniz
sentyabr ayı üçün "Təzadlar"a sifariş
veribmi?"- sorğumuza F.Məmmədov "bəli"- dedi.
"Yaxşı, bəs elə isə necə ola bilər ki,
sifariş verdiyiniz bütün qəzetlər rayona göndərilsin,
yalnız "Təzadlar" yaddan çıxsın?"
F.Məmmədov cavab verdi ki, yəqin qəzet dərc olunmayıb.
Uzun
mübahisədən sonra F.Məmmədov bir dəstə
qəzeti qoltuğuna vurub Biləsuvar rayon İcra
Hakimiyyətinə yollanarkən, bildirdi ki, "Sizin
xatirinizə qayıdıb bir nüsxə verə
bilərəm". Lakin o, bir daha geri qayıtmadı.
"Mətbuatyayımı"
şöbəsinin digər bir işçisi isə dedi ki,
""Təzadlar"ın həmin sayında Biləsuvarla
bağlı yazı dərc olunduğu üçün icra başçısı
Adil Məmmədov göstəriş verib ki, qəzet köşklərə
paylanmasın".
Əhsən
belə "kiçik padşah"larımıza! Doğrusu,
gözləmirdik! Rayon sakinlərinin mətbuatı
izləmək haqqını da əllərindən almaq onlara
həqarətdən başqa bir şey deyil.
Sözügedən
sayımızdan xəbərsiz qalan biləsuvarlı oxucularımız!
Məlumatınız olsun ki, "Təzadlar"ın həmin
sayında "Biləsuvarda gərginlik partlayışa çevrilə
bilər" sərlövhəli yazı dərc edilmişdi.
Rayonun 300 sakininin imzası ilə təsdiq edilmiş və
prezident cənab İlham Əliyevə və bir sıra
səlahiyyətli dövlət məmurlarına ünvanlanmış
müraciət qəzetimizdə yer almışdı. Onlar 5 il
öncə Biləsuvardan deputat seçilmiş və yenə
də bu arzu ilə yaşayan Xanhüseyn Kazımlıya öz
kəskin etirazlarını bildirmişdilər. Çünki
Xanhüseyn müəllim millət vəkili kimi biləsuvarlıların
etimadını doğrultmadı.
O
da vurğulanmışdı ki, rayon sakinləri müraciətlərinə
baxılmayacağı təqdirdə, daha ciddi addımlar atmaq
məcburiyyətində qalacaqlar. Baxmayaraq ki, Biləsuvar rayon
İcra Hakimiyyətinin başçısı Adil
Məmmədov X.Kazımlını bütün gücü
ilə müdafiə edir, sakinlər isə öz sözlərindən
dönməyəcəklərini qəti bəyan edirlər.
Eyni
zamanda, rayon sakinlərini hiddətləndirən odur ki,
A.Məmmədov hətta prezidentin 11 may 2005-ci il tarixli
sərəncamına məhəl qoymur, "kiçik padşah"
rayonu özü istədiyi kimi idarə edir. Təəssüf
doğuran budur ki, bütün həqiqətləri bilən
idarə və müəssisə rəhbərləri
A.Məmmədovun qorxusundan X.Kazımlı üçün aldıqları
tapşırığı mütləq həyata keçirməlidirlər.
Əks halda, vəzifə ilə yanaşı, çox şeylərdən
məhrum olacaqlarını yaxşı bilirlər. Kimlərdir
bu zavallılar?
Misal
üçün, "Biləsuvar-pambıq" Açıq
Tipli Səhmdar Cəmiyyətinin sədri Qulam Əliyev. Bu
şəxs X.Kazımlının vəkili olmaqla bərabər,
həm də zor vasitəsidir. ATSC ilə bağlı adamlar
və onların qohum-əqrəbaları 6 noyabrda mütləq
Xanhüseyn müəllimi dəstəkləməlidir, yoxsa
onlarla pambıq istehsalı ilə bağlı heç bir müqavilə
imzalanmayacaq. Bu isə əliqabarlı biləsuvarlılar
üçün əsl faciədir. Çünki çörəkləri
torpaqdan çıxan bu zəhmətkeş insanlar yalnız
əkdikləri pambığın hesabına yaşayırlar.
Sakinlərin
sözlərinə görə, Biləsuvar rayon Maliyyə
Şöbəsinin müdiri Məhəmməd Məmmədov
isə büdcədən maliyyələşən bütün
idarə və müəssisələrə tapşırıb
ki, Xanhüseyn müəllimin yenidən deputat olması
üçün bütün vasitələrə əl atılmalıdır.
Biləsuvar rayon İH başçısının
yerlərdəki nümayəndələri də bu təbliğat-təşviqat
kampaniyasına fəal qoşulublar: hər bir nümayəndə
təmsil etdiyi ərazidən ən azı yüz ailəni icra
başçısı A.Məmmədovun "adamına"
səs verməyi yəqinləşdirməlidir.
Bəs
parlament seçkilərinə hazırlaşan Biləsuvar
sakinləri nə fikirləşirlər?
Rayonun
Zəhmətabad kənd sakini Vaqif Abdullayev:
-
Ötən parlament seçkisində bizə təzyiqlər
edilərək, Xanhüseyn Kazımlını deputat seçdilər.
Düzü, ondan belə münasibət gözləmirdik. Bu gün
heç bir biləsuvarlı deyə bilməz ki, X.Kazımlı
bizə nə vaxtsa dəstək olub. Nə rayonun iqtisadi
həyatında, nə də sosial problemlərin həllində.
Rayonu
idarə edən məmurların heç biri biləsuvarlı
deyil. Öz səsimizlə bir biləsuvarlı deputat seçmək
məgər bizə yasaqdır? Rayonda sözümüzü
deyə bilən bir kişi yoxdur? Bu dəfə "zorən
deputat" seçkisi olmayacaq. Lazım gəlsə, paytaxta yürüş
edəcəyik.
X.Kazımlı
deputat statusundan ancaq öz mənafeyi üçün
istifadə edib. Keçən dəfə üzümüzə
dedi ki, "istəyirsiniz mənə səs verin, ya verməyin,
onsuz da mən bu rayondan deputat olacağam". Oldu da, ancaq özü
üçün. Onun Biləsuvarla İmişli rayonunun
sərhədində 450 hektar torpaq sahəsi var. Orda böyük
heyvandarlıq təsərrüfatı yaradıb, pambıq, taxıl
əkdirir. Həmin təsərrüfatı yaxın adamının
adına rəsmiləşdirib. Deputatlıq bunun
üçündürmü?
***
Əsgərabad
kənd sakini Hamən Kərimov bildirdi ki, X.Kazımlı
deputat kimi heç vaxt xalqın içində olmayıb:
-
Rayon işıqsız, qazsız qalanda heç kimin qapısını
açıb quruca təsəlli belə verməyib. Bir neçə
rayon tədbirində iştirak etməklə vəzifəsini
bitmiş hesab edən belə deputat bizə lazım deyil.
Hərdən bir üzünü də görə bilmirik ki,
barı heç olmasa ürəyimizi boşaldaq. Ancaq seçkiqabağı
platformasında nələr yoxdur?! Biz zəhmətkeş
adamlarıq. Bizim istəyimiz də özümüz kimi
sadədir: prezidentimizdən xahişimiz budur ki, dağa-daşa
düşmək istəmirik.
***
Daha
bir biləsuvarlı fikrini belə bildirdi:
-
Adım Ağasəfər, soyadım Talıbovdur. Xahiş
edirəm, dediyim kimi də yazın. Qardaş, bu deputatı
olmaz ki, özümüz seçək? Axı gecə-gündüz
televiziya, qəzet, kitab "demokratiya" deyir. Elə biz
də onu deyirik də. Qoysunlar bir yerli adamı seçək ki,
dara düşəndə heç olmasa yaxası əlimizə
keçsin, Vallah, mən Xanhüseyn Kazımlını yalnız
televizorda görmüşəm. İndi də rayonun başçısı
möhkəm-möhkəm tapşırıb ki, bu dəfə
də qutudan mütləq Xanhüseyn müəllim çıxmalıdır.
Rayon
mərkəzində, kəndlərdə "onbaşı"lar,
"yüzbaşı"lar aşağıdan-yuxarıya
bir-birinə hesabat verməklə yenidən indiki deputatın
mandatını təzələmək istəyirlər. Ancaq
"bu xına o xınadan deyil". Tanıdığımız
bir adamı deputat seçəcəyik. Elə prezidentimiz
də buna görə 4-5 ay əvvəl göstəriş verib.
***
Ölkənin
həssaslıqla izlədiyi parlament seçkiləri yaxınlaşır.
75 min əhalisi olan Biləsuvar rayonunda isə seçki ilə
bağlı böyük narahatlıq hökm sürür. Rayon
sakinləri istəmədikləri deputatla vidalaşmaq
istəyirlər. Bunu isə nə həmin deputat, nə də
icra başçısı Adil Məmmədov qəbul edir.
Deyəsən, onların məqsədi rayon əhalisini küçələrə
töküb dövlətə qarşı yönəltməkdir!
Səxavət
MUSAOĞLU, Bakı-Biləsuvar-Bakı