"Za Karabax", yoxsa "Qarabağ uğrunda!"

Deyəsən, Bakı Şampan Şərabları Zavodunun rəhbərliyi Qarabağı top mərmisinə bənzətdiyi araqları ilə almaq istəyir, amma...

Neçə vaxtdır, xüsusən də işğal etdirilmiş rayonlarımızın adını daşıyan restoran və kafelərdə, şadlıq evlərində "Za Karabax" adlı araq içilir

Zahiri görkəmi ilə butulkası top mərmisinə oxşadılmış bu arağı düzəldib ortaya qoyanların naşı məqsədi aydındır. Guya onlar çox orijinal bir addım atıblar. Məsələn, gecə yuxuna (guya) Şuşa və ya Ağdamda qalmış qəbirlər düşür, səhərə kimi yatmırsan və əl-üzünü yuyub özünü verirsən yaxınlıqdakı restoranlardan birinə. Sonra bir butulka "Za Karabax" arağı sifariş verib, bala-bala Şuşanın, Ağdamın, Kəlbəcərin, Füzulinin, Xocalının, Zəngilanın, Qubadlının, Cəbrayılın, Ağdərənin, Xocavəndin... sağlığına vurursan!

***

...Eşitdiyimizə görə, Şampan Şərabları Zavodunun rəhbəri Azərbaycanın üzdə olan güc nazirlərindən birinin qaynıdır. Deməli, çox yaxşı!

Amma burada heç də yaxşı olmayan bir məsələ də var. Görünür, Bakı Şampan Şərabları Zavodunda bu arağın istehsalına könül verənlər və xeyir-dua alanlar fikirləşiblər ki, Qarabağı ayıq başla və anlaqlı vicdanla sevmək, bu sevgini ortaya qoymaq yasaqlığı var. Məsələn, kimə sirr deyil ki, Qarabağ uğrunda döyüşüb əlil olmuş döyüşçülər indi hansı rəftara tuş gəlməkdədir? Qarabağ Əlillər Cəmiyyəti üzvlərinin, "omon"çuların, şəhid və əlil ailələrinin... taleyini hər gün görür, rastlaşırıq. Bəlkə Qarabağ Azadlıq Təşkilatı üzvlərinin, başda təşkilatın sədri Akif Nağı olmaqla, Bakıya gələn ermənilərə etirazına görə həbsini, onların Yasamal rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov tərəfindən döyülüb, birinin isə şalvarının əynindən çıxarılmasını unudublar?

Heç uzağa getməyək, mayın 8-də Şuşanın işğal günü Şəhidlər Xiyabanında "Qarabağa azadlıq! Ermənilərə ölüm" şüarı qaldıran keçmiş döyüşçülər polis zorakılığına məruz qaldılar. Yəni ermənilərə ölüm və Qarabağa azadlıq olmaz!!!

***

Olmaz, deməli, omaz! Və yəqin ki, Bakı Şampan Şərabları Zavodunun direktoru da bütün bunları nəzərə alıb. Çünki Azərbaycanda vətəni, o cümlədən Qarabağı ayıq baş və açıq gözlə sevmək yasaqlığı var. Qarabağ uğrunda "Za Karabax"- deyib döyüşə, yaxud mitinqə, piketə gedənlərin taleyini ki, görürük. Elə isə, deməli, Qarabağı kefli başla sevmək daha yaxşı deyilmi? Vurursan "Za Karabax" arağını və xəyalən olursan Şuşada, Ağdamda, Laçında...  İsa bulağının sərin suyundan içib, Xarı bülbüldən dərib qoxlayırsan. Nə könlündən QAT-ın piketi keçir, nə yolun Azadlıq meydanından, nə türmədən, nə də döyüş səngərindən.

Bir də axı, Qarabağı ayıq başla kim sevir ki?! Qarabağı qoy dəlicəsinə Ali Baş Komandan, müdafiə naziri... sevsin...

***

Bir sözlə, Bakı Şampan Şərabları Zavodunun direkorunun bu addımı dəstəyə layiqdir. Amma bir qüsuru ilə.

Məlumdur ki, Qarabağdan başqa Göyçə və Zəngəzur, Basarkeçər... də indi xəyallarda yaşayır, heç kim ayıq başla bu torpaqları düşünmür. Elə isə, çox yaxşı olardı, həm də "Za Qyoydja", "Za Zanqazur", "Za Basarkeçar" və s. kimi araqlar da buraxılsın.

Təsəvvür edin, bir milyondan çox qarabağlı və 300 mindən çox Qərbi azərbaycanlı indi dədə-baba yurdunu xəyallarında yaşadır, xatirələrində, yuxusunda anır. Adam yarım litr araq vuranda heç bilirsiniz necə xəyallanır, köhnə xatirələri necə yada düşür?! Yəqin ki, bu hesabla, Bakı Şampan Şərabları Zavodu hər gün 100 min butulka araq sata bilər. Və belə getsə, yaxın bir-iki ilə bütün ölkə araq vurub xəyallanıb, Qarabağı, Qərbi Azərbaycanı xatırlayacaq. Hələ getdikcə ayağı yer tutanı qaçıb tərk edilən Naxçıvanı, insanların işsizlikdən bezib köçdükcə boşalan ucqar dağ kəndlərimizi, Borçalı ellərini... demirik.

Bir sözlə, Vətəni ayıq başla və açıq gözlə, anlaqlı vicdanla sevmək heç kimə xeyir veməyib. Ona görə də, "Za Karabax"- irəli! Yəni restoran və kafelərə doğru!!!

Asif MƏRZİLİ

P.S. Deyəsən, ölkədə Qarabağ problemi sarıdan ayılmaq təhlükəsi çox ciddidir! Və QAT sədri Akif Nağıdan bu məsələyə munasibət bildirməsini istəyirik.

"Za Karabax" kimin "zakazıdır"?

Mayın 25-27-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində İTE Group Plc. və İTECA Caspian ltd. şirkətinin təşkilatğçılığı ilə 11-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi keçirildi

"Mənşəyi məlum olmayan

bu araqdansa, neçə illərdir tamarzı qaldığımız İsa bulağının buz kimi suyundan bir ovuc içib, "Lənət yezidə!"- deməyi gerçəkləşdirmək üçün ayıq başla Qarabağın azadlığı uğrunda gedəcək döyüşlərə hazır olmaq daha məsləhətdir..."

Sərgidə 14 ölkədən 50 şirkət iştirak edirdi. Fransa, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Moldova, İtaliya, Avstriya, Qazaxıstan və digər ölkələrin tanınmış şirkətləri ilə yanaşı, sərgidə Azərbaycandan "Azərsun holdinq", "Bakfem", "Kristal MMM", "Pepsi Baku", "Bakı Şampan Şərabları" Səhmdar Cəmiyyəti və sair şirkətlər də öz məhsullarını nümayiş etdirirdilər. Azərbaycan sahibkarları ilə müxtəlif ölkələrin şirkətləri arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayan bu sərgidə, nədənsə, "Bakı Şampan Şərabları" SC yalnız məhsullarından nümunələri sərgiləməklə vəzifəsini bitmiş hesab edirdi.

Qeyd edək ki, sözügedən şirkətin nümayiş etdirdiyi məhsullar arasında son vaxtlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan "Za Karabax" arağı da yer almışdı.

Arağın insan orqanizminə təsiri barədə dolaşan ziddiyyətli fikirlərə aydınlaq gətirmək məqsədilə şirkətin sərgidəki səlahiyyətli təmsilçisinə müraciət etmək qərarına gəldik. Lakin ilkin mənbənin, yəni istehsalçının özünün dilindən məsələyə münasibət eşitmək cəhdimiz baş tumadı. Belə ki,  şirkətin texnoloqu Nadir İsmayılov faşizm üzərində qələbənin 60 illiyi münasibətilə istehsal etdikləri "Za Karabax" arağı ilə bağlı heç bir açıqlama vermək səlahiyyətində olmadığını bildirdi. Araqla bağlı mətbuatda dərc olunan ziddiyyətli yazılara etirazını bildirən N.İsmayılov bir mütəxəssis kimi məhsulun keyfiyyətinin standartlara uyğun olduğunu vurğuladı.

O ki qaldı arağın niyə məhz "Za Karabax" adlandırılmasına, bu barədə açıqlama verməyəcəyində israrlı olan N.İsmayılov şirkətin rəhbərliyinə müraciət etməyimizi məsləhət bildi.

İşlədiyi şirkətin sirr hesab olunmayan adi telefon nömrəsini belə deməyə cürəti çatmayan texnoloqun istehsal etdikləri məhsulların keyfiyyəti barədə söylədiklərinin həqiqət olduğuna necə inanasan?!

Odur ki, mənşəyi məlum olmayan bu araqdansa, neçə illərdir tamarzı qaldığımız İsa bulağının buz kimi suyundan bir ovuc içib, "Lənət yezidə!"- deməyi gerçəkləşdirmək üçün ayıq başla Qarabağın azadlığı uğrunda gedəcək döyüşlərə hazır olmaq daha məsləhətdir.

Siz necə fikirləşirsiniz?!

ELBAR

QAT "DQR"a xəbərdarlıq etdi

Qarabağ Azadlıq Təşkilatı (QAT) işğalçı rejimin Dağlıq Qarabağda keçirməyə hazırlaşdığı "parlament seçkiləri" ilə bağlı bəyanat yayıb

QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bu aksiya Ermənistanın beynəlxalq hüquqa qarşı nümayiş etdirdiyi növbəti hörmətsizlik və qondarma "DQR"-in təbliğatı kimi qiymətləndirilir. QAT Ermənistanın təcavüzkar əməllərindən əl çəkməməsini beynəlxalq təşkilatların qətiyyətsiz mövqeyi ilə izah edir. Təşkilat Ermənistandan təcili olaraq işğal etdiyi ərazilərdən çıxmağı tələb edir və normal dövlət kimi qalmaq istəyirsə, bölgə dövlətləri ilə normal əlaqə qurmasının vacibliyini bir daha xatırladır: "Sonra gec olacaq. Azərbaycan xalqı onsuz da torpaqlarını hərb yolla işğaldan azad edəcək və düşmənləri ərazisindən qovub çıxaracaq. Ondan sonra isə işğalçı, terrorçu Ermənistana regionda yer olmayacaq".

QAT belə hesab edir ki, Azərbaycan hakimiyyəti və beynəlxalq təşkilatlar işğal olunmuş ərazilərdə Ermənistanın "seçkilər" keçirmək cəhdlərinin, növbəti erməni təxribatının qarşısını almalıdır. Əks halda, QAT hakimiyyət orqanları, beynəlxalq nümayəndəliklər və səfirliklərin qarşısında etiraz aksiyalarına başlayacaq.

Hosted by uCoz