Milli Məclis payız sessiyasına başladı

Prezident İlham Əliyev: "Mənim prezident olduğum dövrdə
Dağlıq Qarabağ məsələsində heç bir güzəştə gedilməyəcək"

Milli Məclis payız sessiyasına başladı. Azərbaycan prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində çıxış edərkən deyib: "Parlament binasında aparılan təmir işlərinə baxanda sevinirəm. Fikirləşirəm ki, kaş mənim deputat olduğum dövrdə də bu cür təmirli parlament binası olaydı". 
Azərbaycan cəmiyyətində parlamentin rolunun artdığını deyən dövlət başçısı bildirib ki, parlament seçkiləri həmişə yeni dövrün başlanğıcı olub. Azərbaycanın gələn il üçün dövlət büdcəsindən danışan prezident deyib ki, dövlət qeyri-neft sektorunun inkişafına xüsusi diqqət verir: "Bizi qınayırlar ki, Azərbaycanın dövlət büdcəsi neftin hesabına artırılır. Ancaq hökumət qeyri-neft sektorunun inkişafı üçün irimiqyaslı layihələr həyata keçirir. 2007-ci ilin dövlət büdcəsi sosial yönümlüdür".

Azərbaycan prezidenti ölkədəki infrastruktur layihələrin 2007-2008-ci ilə qədər başa çatdırılacağını vurğulayıb. 2008-ci ildən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu dövrünün başlanacağını deyən İ. Əliyev siyasi islahatlarının aparıldığını da vurğulayıb. Regionlarda görülən işlərdən danışan dövlət başçısı 450 min yeni iş yerinin açıldığını, son 2 ildə 600 məktəbin tikildiyini və ölkəyə böyük valyuta axınının gəldiyini qeyd edib. Prezident deyib ki, yaxın vaxtlarda Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolu xətti fəaliyyətə başlayacaq və bu, ölkədə yeni situasiya yaradacaq: "Azərbaycan dövlətinin qarşısında Dağlıq Qarabağdan başqa problemi qalmayıb. Dağlıq Qarabağ probleminin həlli təkcə Azərbaycanın mövqeyindən asılı deyil. Bizim bu məsələdə mövqeyimiz dəyişməz qalır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, BMT-nin 4 qətnaməsi icra edilməlidir. Hesab edirik ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməlidir. Problemin həlli üçün gözəl imkanlar var. Biz bu məsələdə informasiya hücumuna keçmişik. Bundan sonra da iqtisadi hücuma keçməliyik. Gələn il Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə çatdırılacaq. Azərbaycan ümumilikdə hücum siyasətini yeritməlidir. Bəzi hallarda opponentlərimiz bizi Dağlıq Qarabağ probleminin həllini tapa bilməməkdə qınayırlar. Bu problem ona görə həll olunmur ki, Azərbaycan hər hansı razılaşmaya getmir. Şəxsən mənim prezidentlik dövrümdə hər hansı güzəştə gedilməyəcək. Hələlik danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində aparılmasının tərəfdarıyıq".

"ABŞ yetkililəri diqqətli olsunlar"

Sadiq İsabəyli: "Azərbaycan türkləri etnik azlıq deyil"

ABŞ Dövlət Departamenti İranda yaşayan və milli hüquqlarını tələb etdiyi üçün təzyiqlərlə üzləşən azərbaycanlıların sıxışdırılmasına münasibət bildirib.
Departament azərbaycanlıların təqib edildiyini açıq şəkildə bildirib: "İnanırıq ki, azərbaycanlıların İran rejimi tərəfindən basqıya məruz qalması İranda etniklərə, xüsusilə də, öz haqqlarını tələb etmək əzmində olan xalqlara qarşı davam edən təqiblərin bir hissəsidir. Azərbaycanlılar 2006-cı ilin mayında dinc nümayişlər zamanı döyülüb, təzyiqlərə və həbslərə məruz qalıb. İran məktəblərində Azərbaycan dili qadağan edilib". Dövlət Departamenti İran hökumətini vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmağa səsləyib.
"Oyanış" Azərbaycan Strateji Araşdırma Mərkəzinin eksperti, politoloq Sadiq İsabəyli "OLAYLAR"a açıqlamasında bu hesabatı müsbət dəyərləndirib: "Biz bu sənədi müsbət qiymətləndiririk. Nəhayət, Milli Hərəkat dünyanın diqqətini özünə çəkə bildi". Bununla belə ekspert sənəddə sayı 35 milyona çatan Azərbaycan türklərinin "etnik azlıq" kimi göstərilməsi ilə razı deyil: "ABŞ rəsmiləri həmişə ölçülü-biçili danışırlar. İstərdik ki, bu məsələdə də diqqətli olsunlar. Azərbaycan türkləri etnik azlıq deyil, sadəcə, hüquqlarını itirmiş etnik çoxluqdur, İran əhalisinin yarıdan çoxunu təşkil edən bir toplumdur".

QAT-dan həmsədrlərin səfərinə etiraz

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərini Qarabağ Azadlıq Təşkilatı etirazla qarşılayıb. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, həmsədrlərin təklif etdikləri son variant birmənalı şəkildə Ermənistanın maraqlarına uyğun gəlir, bu variantın həyata keçirilməsi Azərbaycan üçün Dağlıq Qarabağın Laçınla birlikdə həmişəlik itirilməsi deməkdir.
 QAT bəyan edir ki, Azərbaycan xalqının iradəsinə zidd olan hər hansı həll variantının qarşısını alacaq, işğalçı Ermənistanın iyrənc niyyətlərinin həyata keçirilməsinə yol verməyəcək, beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərin Azərbaycanın maraqlarına, haqq işinə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün bütün imkanlardan istifadə edəcək: "Biz həmsədrlərin bölgəyə səfərlərinin və ümumiyyətlə, fəaliyyətlərinin dayandırılmasını tələb edirik. Bakıda olduqları müddətdə onların hərəkət, görüş və müzakirə imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edəcəyik".

 

Hosted by uCoz