Torpaq hərracı prokurorluqda araşdırılır

"Təzadlar" qəzetinin çıxışından sonra məsələ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mütəxəssislərinin iştirakı ilə araşdırılıb və materiallar prokurorluq orqanlarına göndərilib, amma...

Torpaqdan səmərəli istifadə günün problemi olaraq qalmaqdadır. Çünki torpaq xalqın milli sərvəti, dövlətin qayğısı ilə əhatəli olmaqla, hər bir icra orqanı və bələdiyyə rəhbərindən nainsaf iş tutmağı günah sayır.

 ***

Qəzet olaraq, bu mövzuya dəfələrlə toxunmuşuq. Xüsusən də, onsuz da ekoloji durumu narahat olan Bakıda və şəhər ətrafında - Abşeron yarımadasında torpaqdan səmərəli istifadə, yaşıllıqları, torpağın təbii quruluşunu qoruyub saxlamaq həyati əhəmiyyətli məsələdir.
Qəzetimizin bu ilin avqust tarixli saylarında Abşeron rayonu ərazisində, xüsusən də Bakı-Şamaxı avtomobil yolunun Sulutəpə qəsəbəsi də daxil olmaqla sağ və sol hissələrində, Bakı-Sumqayıt yolunda, Masazır, Goradil, Binəqədi (kənd), Mehdiabad, Mərdəkan və s. kəndləri ərazilərində bir nəfərin 10, 20, 50, 100 hektarlarla ərazini hasara almasını yazmışdıq. Bu, nə deməkdir? Müşfiqabad qəsəbəsinin ətrafında, yol kənarlarında çoxsaylı, on hektarlarla ərazisinin, hətta təbii, süni gölməçə və ya təpələrin, yamacların acgözlüklə hasara alınmasını jurnalist gözümüz görürsə, bu işə cavabdeh olan məmurların gözü niyə kor olub görmür???
Onların gözünü nə tutub, deyə bilmərik. Amma torpağın, təbiətin ahı inanın onları tutacaq. Çünki həmin torpaqları hasarlayıb qəbir sahəsi kimi mühafizə etmək, istifadəsiz saxlamaq günahdır!

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri, rayonların İcra Hakimiyyəti başçıları "Torpaqdan istifadə haqqında" Azərbaycan Respublikası Qanununu tətbiq etməklə ciddi tədbir görməlidirlər!

 Ötən yazılara bir də qayıtmağa məcburuq. Fotoşəkillərlə təqdim edilən bu hasarlı torpaq sahələrinin yenidən "yoluxmaq" qərarına gəldik. Məlum olur ki, hansısa köçkünün, adı olub, özü və fəaliyyəti olmayan kiçik müəssisələrin və s. adına hasarlanmış bu torpaq sahələri (10, 20, 70, 100 hektarlarla) əslində müəyyən və babat vəzifə sahiblərinindir. Torpaq alan şəxslərin hər birinin bələdiyyələrə yazdıqları standart formalı ərazilərdə guya kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olacaqlarını yazırlar. Yalançının atasına lənət! Bələdiyyələrlə əlbir olan dələduzlar bir-iki il keçəndən sonra həmin sahələri hissə-hissə həyətyanı torpaq sahəsi kimi satır, tikinti altına verirlər. Əsasən də, Abşeron rayonu ərazisində baş verən bu biabırçılıq ciddi istintaq və təhqiqat predmetidir. Bəs nə üçün əlaqəli dövlət orqanları vəzifə borcunu yerinə yetirərək, "Torpaqdan istifadə haqqında" Azərbaycan Respublikasının Qanununun pozulmasına göz yumurlar?

***

Müşfiqabad qəsəbəsi ərazisində, Sulutəpədə və bu iki qəsəbənin arasında təpələrin zəbt olunmasını görəndə, adamı vahimə bürüyür.
Öyrəndik ki, hasarlı elə torpaq sahələri var, 2-3, bəziləri 5-6 ildir zəbt edilib və istifadəsiz saxlanılır. Niyə? Çünki qiymətlərin qalxmasını gözləyirlər. Torpağın bir sotunun orta qiyməti isə təxminən 1500-2300, 2500, 4000-4500 ABŞ dollarınadır. Təsəvvür edin, 10 hektar torpaq zəbt edən dələduz məmur (1 hektar 100 sotdur) həmin torpağın 1 sotunu 2000 dollardan satanda 10 ha x 100 sot x 2000 ABŞ dolları = 2.000.000 dollar!
Kiçik araşdırma ilə məlum oldu ki, neçə il əvvəl həmin torpaqların hektarı 2-3 min dollara alınıb. 10 hektara təxminən 25-30 min dollar xərc çəkilib, yəni rüşvət verilib!

***

Hazırda adı çəkilən ərazilərdə, xüsusən də Xırdalan və Müşfiqabad, Sulutəpə qəsəbələri ərazisində istifadəsiz saxlanılan, yaxud təyinatı dəyişdirilərək tikinti altına verilmiş on min hektarlarla torpaq sahələri var. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, yaxud digər dövlət orqanları mütəxəssislərinin aidiyyəti bələdiyyələrin torpaq alqı-satqısı barədə qərarlarına nəzəri baxış keçirməsi kifayətdir ki, bütün qanunsuzluqlar üzə çıxsın: bu torpaqlar ya bələdiyyə sədrinin qohum-əqrəbalarınındır, ya da qərarda bir məqsəd yazılıb, amma torpaqdan başqa məqsəd üçün istifadə edilib, edilir və s.

***

Öyrəndiklərimiz bircə məsələdə təsəllimiz oldu. Məlum oldu ki, bu mövzuda yazdıqlarımız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində araşdırılıb, qanuni tədbirlər görülməsi üçün materiallar prokurorluq orqanlarına göndərilib. Bəs hansı tədbirlər görüləcək? Yaxud, nəticə görünəcəkmi? 
Respublika Prokurorluğu və Abşeron, Binəqədi, Sumqayıt prokurorluq orqanları ilə əlaqə saxlayaraq bu təhqiqatın nəticəsini öyrənməyə çalışacağıq. Maraqlıdır, görəsən, adı çəkilən və fotogörüntüləri təqdim edilən həmin hasarların indiyədək neçəsi sökülüb, neçəsinin hansı dövlət məmuruna, bələdiyyə sədrinə aidiyyəti müəyyən edilib? Neçə bələdiyyə sədrinə cəza tətbiq edilib (sözün hər iki mənasında).

İ.BABƏK

Sumqayıt Bələdiyyəsinin torpaq davası

"Azərboru" ATSC-nin "Metallurq"çuları bələdiyyə özbaşınalığından cana doyaraq prezident İlham Əliyevə müraciət etməli oldular

(Əvvəli ötən sayda)

 ..Beləliklə, Sumqayıt şəhər Bələdiyyəsi var gücü ilə "Azərboru" Açıq Tipli Səhmdar Cəmiyyətinin "Metallurq" bağçılıq təsərrüfatı üzvlərinə 1964-1994-cü illər ərzində Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin müxtəlif saylı qərarları ilə ayrılmış torpaq sahələrini ələ keçirmək istəyir.

 ***

Redaksiya artıq ikinci ildir davam edən kütləvi narazılıq və yazışmaları dərindən araşdırmaqdadır. Məqsədimiz budur ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin bələdiyyədən şikayətləri araşdıran dövlət orqanlarının qəbul etdikləri aktların qanuniliyini vətəndaşların hüquqlarının nə dərəcədə qorunmasını öyrənməkdir.
Araşdırmalar ürəkaçan olmasa da, ümidsizlik mühiti də yaratmır. Ən əsası, ortada 1000-dən çox üzvü olan "Metallurq" bağçılıq təsərrüfatının ətrafında baş verənlər mövcud qanunvericiliyin yerlərdə kütləvi pouzulması barədə aydın təsəvvürlər yaradır...

Sumqayıt İcra Hakimiyyətində Sumqayıt 
Bələdiyyəsinin niyyətləri necə araşdırılıb?

 İş o yerə çatıb ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev 16 mart 2005-ci il tarixli 64 saylı sərəncamı ilə mövcud problemi, daha doğrusu, qarşıdurmanı öyrənmək üçün komissiya yaradılmasını təmin edib.
Qeyd edək ki, komissiyanın sədri İH-nın Memarlıq və tikinti şöbəsinin müdiri M.Rəşidov təyin olunur. Komissiya üzvləri - Sumqayıtın baş memarı B.Həsənzadə, Dövlət TKX-nin şəhər şöbəsinin müdiri A.Əliyev, 4 saylı Sumqayıt regional ekologiya şöbəsinin rəisi Q.Əliyev, Sumqayıt MKT İB-nin rəis müavini S.Əhmədov, Sumqayıt şəhər Pİ 1-ci polis bölməsinin rəisi İ.Yusibov və Sumqayıt şəhər Bələdiyyəsinin baş memarı A.Atakişiyev təyin edilirlər. Nəhayət, bu sərəncamın icrasına nəzarət Sumqayıt İH başçısının müavini A.Zeynalova həvalə edilir.

***

Beləliklə, komissiya problemi araşdıraraq Sumqayıt şəhər İH başçısı V.Əliyevə rəsmi arayış təqdim edir.
Çətinliklə də olsa, redaksiya həmin arayışı əldə edə bilib. Aşağıda həmin arayışı təqdim edirik:
"Məlum edirik ki, sərəncama müvafiq olaraq işçi qrupu Samur-Abşeron kanalı ilə Bakı-Rostov dəmiryolu arasındakı Ceyranbatan meşə zolağı və dəmiryol vağzalı ərazisindəki torpaq sahələrində mövcud vəziyyətə dair arayışa Sumqayıt şəhər icra başçısının müavininin 27.05.2006-cı il tarixli 232 saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət arxivinin Sumqayıt şəhər filialına müraciəti əsasında komissiyanın işçi qrupu tərəfindən əldə edilmiş arxiv  materialları əsasında mövcud vəziyyətə aşağıdakı kimi düzəliş edilir. Belə ki, həmin ərazi 405,1 ha təşkil edir. Sumqayıt şəhər XDS-nin 21.05.1963-cü il tarixli 11 saylı protokolunun qərarı ilə Azərbaycan Boru-Prokat Zavodunun fəhlələrinə - 450 nəfərə koperativ yoldaşlıq bağçılıq təsərrüfatı üçün 45 ha (əlavə 1), 27.11.1964-cü il tarixli 27 ¹-li  protokolun qərarı ilə Sumqayıt Alüminium Zavodunun fəhlə və qulluqçularına - 300 nəfərə 30 ha torpaq sahəsi ayrılmışdır (yol və kominikasiya xətləri nəzərə alınmadan).
Həmin illərdə Sumqayıt şəhər ərazisinin yaşıllaşdırılmasını təmin etmək məqsədi ilə yaşıllıq tikinti idarəsinə ərazinin cənub hissəsində ting əkini üçün 63 ha sahə ayrılmışdır.
1982-ci il inventarlaşmasına görə sahə 6300000 m2,  əkilmiş ağacların sayı 165000 ədəd olmuşdur. 
Sumqayıt şəhər XDS-nin və memarlıq idarəsinin baş memarının müvafiq sxem və qərarı ilə 1988-ci ildə 31 ha torpaq sahəsi kooperativ yoldaşlıq bağçılıq təsərrüfatının inkişafı üçün ayrılmışdır. Bundan əlavə, meşə zolağı sahəsindən 12.08.1988-ci il tarixli 17 saylı protokol, 21.06.1985-ci il 12 saylı protokol, 06.10.1989-cu il tarixli 23 saylı protokol, 18.05.1994-cü il 37 saylı protokollarla meşə zolağı ərazisindən "Azərboru" zavodunun kooperativ yoldaşlıq bağçılıq təsərrüfatına torpaq sahəsi ayrılmışdır. 
Sumqayıt şəhəri xalq deputatları soveti icraiyyə komitəsinin 89-cu il 4.417 saylı qərarı ilə Lenin adına Azərbaycan boru prokat zavoduna 2000 ailəlik şəhər tipli qəsəbə salınması üçün 162 ha torpaq sahəsi ayrılmış, tikinti pasportu tərtib edilmişdir. 1-ci növbədə, tikinti üçün Yuqoslaviya firması ilə razılaşma əldə edilmişdir. 
Sumqayıt şəhər XDS-nin icraiyyə komitəsinin 09.08.1990-cı il tarixli 26 ¹-li protokolun qərarı ilə "Xəzər" Səhmdar Cəmiyyətinə ağac-bəzək sovxozunun ərazisindən 15 ha torpaq sahəsi ayrılmış, tikinti pasportu tərtib edilmişdir. Yaşıllıq zolağı ilə Samur-Abşeron kanalı arasındakı ağac-bəzək bitkiləri sovxozunun balansında olan 15 ha sahə Sumqayıt şəhəri XDS-nin icraiyyə komitəsinin 18.18.1990-cı il tarixli 26 ¹-li protokolu ilə göbələk, balıq yetişdirilməsi üçün "Xəzər" Səhmdar Cəmiyyətinin balansına verilmişdir. Lakin "Xəzər" Səhmdar Cəmiyyəti 16.08.2004-cü il tarixli 1 ¹ 003 kod 30900002 dövlət qeydiyyatı Dövləti akt alınmış aktda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16.04.2004-cü il tarixli 165A/11-57 saylı qətnaməsi ilə ağac-bəzək bitkiləri sovxozunun ərazisindən 40,13 ha sahəsinin "Xəzər" Səhmdar Cəmiyyətinə verilməsi bildirilir. Lakin  bu barədə müvafiq torpaq ayırma sənədləri təqdim olunmadı. Faktiki olaraq 40,13 ha sahə hasara alınmışdır. 
Sumqayıt XDS Komitəsinin 21.06.1985-ci il tarixli protokolu ilə Sumqayıt Alüminium Zavoduna yemçilik bazası yaratmaq üçün 20 ha torpaq sahəsi ayırmışdır. 
Ümumilikdə 333,3 ha torpaq sahəsi ayrılmışdır.

***

Araşdırma zamanı məlum olmuşdur ki, "Azərboru" zavodunun fəhlə və qulluqçularına 2000 ailəlik şəhər tipli qəsəbə üçün ayrılmış 162 ha torpaq sahəsi ləğv edilmədən qeyri-qanuni olaraq həmin 162 ha sahədən Sumqayıt şəhər İcra Hakimiyyətinin qərarı ilə aşağıdakı hüquqi və fiziki şəxslərə sahələr ayrılmışdır:
- 26 aprel 1993-cü il 26 ¹-li protokolu ilə "Salam-92" müəssisəsinə 9 ha;
- 19 aprel 1992-ci il 44 ¹-li protokolu ilə "Odlar Yurdu" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 2 ha;
- 25.12.1992-ci il 24 ¹-li protokolla "Azər" kiçik müəssisəsinə heyvandarlıq təsərrüfatı üçün 9 ha;
- 25.04.1991-ci il 9 ¹-li protokolu ilə "Tendem" kiçik müəssisəsinə 10 ha;
- Xalq Maarifi şöbəsinin yardımçı təsərrüfatına və ictimai iaşə trestinin yardımçı təsərrüfatına torpaq sahələri;
- Meşə zolağının ərazisindən "Tural-2001" məhdud məsuliyyətinə Sumqayıt şəhər Bələdiyyəsi 12.08.2003-cü il tarixli 89 saylı qərarı ilə 0,78 ha torpaq sahəsi ayırmışdır.
Ayrılmış torpaq sahələrindən "Tural-2001" 1 ha, "Uzundərə" məhdud məsuliyyətli cəmiyyəti 5,8 ha, "Azər" kiçik müəssisəsi 6,02 ha, "Odlar Yurdu" kiçik müəssisəsi 2,0 ha daimi istifadə üçün torpaq şəhadətnamələri almışdır.Dəmiryol xətti boyu mühafizə zolağı 27 ha torpaq sahələri təşkil edir. Ünvanlanan ərazidə Xırdalan 1.110 kvt və Xırdalan 2.110 kvt yüksək gərginlikli xətt keçir ki, onların mühafizə zolağı 27 ha-dır. 
Fərdi vətəndaşlar tərəfindən Ceyrançöl adlanan ərazidə hüquqi şəxslərin istifadəsinə verilmiş, torpaq sahələrinin yerdə qalan ərazilərində 201 fərdi yaşayış evləri tikilərək orada məskunlaşmışdır. 
Həmin ərazilərin vertikal hündürlükləri aşağı olan hissələrinin yağış və qrunt sularından müdafiə və həmin suların axıdılması üçün vaxtilə çəkilmiş drenaj xətləri zədələnməklə sıradan çıxmış, ötürücülük qabiliyyəti dayanmışdır. Nəticədə həmin sular səthlə axaraq ərazinin bataqlaşmasına səbəb olmuşdur. Bu drenaj xətlərinə vaxtilə çəkilən xərclərin hesablanması komissiya tərəfindən mümkün olmayan dərəcədədir.
Bu ərazidə aparılan tikintilər, necə gəldi, pərakəndə halda tikilmişdir. Heç bir normativ şərtlərə uyğun gəlmir. Əraziyə əsas dəmir yolu xəttinin üstündən və Sumqayıt-Bakı magistral yolunun meşə zolağı tərəfindən giriş-çıxışları vardır. Ərazinin cənub-qərb tərəfindən neft kəməri keçir ki, onun mühafizə zolağı nəzərə alınmadan şəxsi evlər inşa edilmişdir.

Ceyranbatan bağları ərazisində orada məskunlaşan məcburi köçkünlər üçün 8 illik iki qəsəbə məktəbi tikilib şagirdlərin istifadəsinə verilmiş və hazırda fəaliyyət göstərir. Ərazidə olan yeraltı və yerüstü kommunikasiya xətləri də mövcuddur ki, onların sanitar mühafizə zolaqlarının torpaq ayırma sənədləri təqdim olunmadığına baxmayaraq, faktiki olaraq yol və neft kəmərinə 36 ha, yüksək gərginlikli elektrik xətlərinin ümumi uzunluğu 13,5 km, mühafizə zolağı isə 20 metr hesabı ilə 27 ha təşkil edir..."

(Ardı var)

A.MƏMMƏDLİ

Yazı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsinə dair müsabiqəyə təqdim olunur.

 

Dərnəgüldə gizli sex

Yaşayış binalarının yaxınlığında qəbir daşı sexinin toz-dumanını doğrudanmı Binəqədi "SES"ində heç kim görmür?

"Qəbir daşından "çörək pulu" çıxaranlar nələr çəkdiyimizi hardan bilsinlər?"

Redaksiyamıza Binəqədi rayonunun Dərnəgül qəsəbəsində, Naxçıvani- 52 və Koroğlu Rəhimov- 53 ünvanlarında yaşayan sakinlərin məktubu daxil olub. Şikayətçilər sözügedən küçələrin kəsişməsində yerləşən üzlük daşı sexinin havaya sovurduğu tozdan ciddi əziyyət çəkdiklərini yazırlar. Rayonun Sanitar-Epidemiologiya İdarəsində isə hələ ki, susurlar. Niyə?!
Məktub müəllifləri yazırlar ki, "Bakı küləyinin havaya qaldırdığı toz-torpaq azmış kimi, yox yerdən bu sex də peyda oldu. Əvvəllər "qaraj" kimi istifadə olunan bu yerdə üzlük daşı sexi fəaliyyət göstərdiyi vaxtdan günümüz göy əsgiyə bükülüb. "Çörək pulu"nu qəbir daşından çıxaranlar nələr çəkdiyimizi hardan bilsinlər? Havaya qalxan tozun ucbatından nə pəncərələri açıb otağın havasını dəyişə bilirik, nə də eyvanda əyləşib dincələ. Başa düşə bilmirik ki, belə bir sexin fəaliyyətinə məhz belə yerdə kim, hansı ağılla qərar verib? Axı bu yaxınlarda dövlət başçısı ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirələrin birində ekologiyanı pozan, ətraf mühitə ziyan vuran müəssisələrin cəzalandırılacağını söyləmişdi. Ona görə də inanırıq ki, səlahiyyət sahibləri prezidentin göstərişlərinə hörmətsizlik etməyəcək, üzləşdiyimiz problemə laqeyd və biganə münasibət bəsləməyəcəklər... 
Bilmirik hara və kimə üz tutaq, dərdimizi kimə söyləyək?" 
Məktubun izi ilə göstərilən ünvanda olduq. Sakinlərlə görüşdən məlum oldu ki, sexdə 10 nəfərədək fəhlə çalışır. Səhər işçilər həyətə daxil olandan sonra dəmir darvaza hərbi zavodunku kimi bağlanır, yalnız müştəri gələndən-gələnə açılır. Bu səbəbdən də sex işçilərinin şikayətlə bağlı münasibətini öyrənmək cəhdimiz baş tutmadı. Belə ki, şəkildə gördüyünüz dəmir darvazanı dəfələrlə döysək də, açan olmadı. Görünür, sexdə çalışanlar qapı döyənin "çağrılmamış qonaq" olduğunu bilmişdilər...
Ürəyimizdə xof yaradan bir neçə məsələ üzərində dayanacağıq. Əgər sexin fəaliyyətinə lisenziya verilibsə, o zaman maraqlıdır, doğrudanmı sexin məhz yaşayış evlərinin arasında fəaliyyət göstərməsi məqsədəuyğun bilinib? Axı adətən, belə sexlər qəbiristanda yerləşir. İkincisi, məlumdur ki, bu cür sexlər müştəri cəlb etmək üçün müxtəlif reklam xarakterli lövhələrdən istifadə edirlər. Bu mənada, sexin hündür divarlar arxasında fəaliyyət göstərməsi də anlaşılmazdır. Üçüncüsü, sərf olunan enerji, habelə sexin həyətini və küçəni gecəli-gündüzlü işıqlandıran lampalar, doğrudanmı sayğacdan keçir?

***

Əldə etdiyimiz məlumata görə, kənardan diqqəti o qədər də cəlb etməyən bu həyətdən başqa məqsədlər üçün də istifadə olunur. Hansı məqsədlər üçün? Bu hal yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Bakı şəhər Vergilər Departamenti, "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin Binəqədi rayon İstismar şöbəsi və digər aidiyyəti orqanlar sözügedən ərazidə araşdırmalar apardıqdan sonra məlum olar.
O ki qaldı sexin sahibinə, sadəcə, bəzi səbəblərdən cənublu qardaşlarımızın adını hələ ki, açıqlamırıq...

E.ŞİRİNOV

Göydələnlərin tikintisi paytaxt yollarına ciddi zərbə vurur

Əgər bu problem əvvəldən məlumdursa, Bakının küçələrinə təzə asfalt döşəmək nəyə lazımdır?..

"Bakı müharibə aparan ölkənin paytaxtıdırmı?" Bu suallı başlıq neçə il əvvəl böyük rezonans doğurmuş bir yazının sərlövhəsi idi. Söhbət sinəsində Şuşa kimi dağ, bədənində Qarabağ boyda müharibə yarası, Xocalı, Ağdam, Kəlbəcər, Laçın... kimi qəlpə gəzdirən Azərbaycanın paytaxtının müharibəyə nə dərəcədə aidiyyətli olmasından gedir.
Təbii, ölkəmizin ahıl vətəndaşları yaxşı xatırlaya bilər ki, 1941-45-ci illərdə Moskvada və Berlində ev tikilmirdi. Çünki müharibə aparan həm Sovet hökumətində, həm də Almaniyada hər şey cəbhəyə hesablanmışdı.

***

Azərbaycanda müharibə gedir. Hər gün atəşkəsdir. Bakı isə Azərbaycanın tikinti meydançasını xatırladan paytaxtıdır. Hər gün ATƏT-in Minsk qrupunun nümayəndələri Bakıdadır. Yəqin ki, Ermənistanı sülh danışıqlarına 12 ildir çəkə bilməyən ATƏT, BMT ekspertləri Bakıdakı bu tikinti-abadlıq işlərini görüb, çəkir və Ermənistana aparıb birgə baxırlar. Həm özləri nəticə çıxarırlar, həm də ermənilər.

Tikintilər Bakını toz-torpağa 
bürüməklə, həm də yolları bərbad hala qoymaqdadır

 Yəqin ki, hazırda Bakının havasındakı toz-dumanı hamı görür, mənzilində, iş yerində hiss edir. Bu, gecə və gündüz göydələnlərə beton daşıyan maşınların yolları dağıtdığı sement-qumun yaratdığı fəsadlardır. Bu barədə redaksiyamıza şikayət edənlər çoxdur. Dünən səhər tezdən isə Nərimanov prospektində yaşayan oxucumuz R.Ağayev redaksiyaya zəng edərək, bizi Nəriman Nərimanovun heykəlinin ətrafına dəvət etdi.

***

Bəli, ətrafa maşın-maşın beton tökülmüşdü və "JEK" işçilərinin briqadası "hadisə yerinə" cəlb edilmişdilər (fotoşəkillər təqdim olunur). Nəqliyyatın intensiv hərəkəti olan bu ərazidə əməlli-başlı yol bağlanmış, tıxac yaranmışdı. Üstəlik, qum-çınqıl yolu sürüşkən və hərəkəti çətinləşdirən vəziyyətə çevirmişdi.
Təbii ki, bir qəzet yazısı ilə Bakının "ağrımayan başına buz bağlamış" bu tikinti problemi həll edilməz. Lakin bir məsələni qeyd etməmək mümkün deyil.
Məsələ ondadır ki, narın qum-çınqıl asfalt örtüyün üst qatını maşınların (ağır və ya yüngül) təkərləri altında fırlanaraq dağıdır.
İndi Bakının bütün küçələrində oxşar mənzərədir. Görəsən, bunu bilə-bilə, şəhər meriyası hər il milyardlar xərcləyərək yollara təzə asfalt döşətdirməkdə tələsmirmi? Bir tərəfdən də gecə səhərədək maşınların uğultusu, yerə tökülmüş qum-çınqıl, sement tozu...
Qəribə mənzərədir, deyilmi?

İ.BABƏK

Mətbuatın durumu problem olaraq qalır 

Sülh və Demokratiya İnstitutu bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanladı

"Azərbaycanda mətbuat və söz azadlığı təhlükə ilə üz-üzədir!"

Bu barədə sentyabrın 29-da BMM-də keçirilən geniş tədbirdə çıxış edən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus söylədi. Azərbaycandakı demokratik inkişafın mətbuat və söz azadlığından birbaşa asılı olduğunu deyən L.Yunus problemin aradan qaldırılması üçün dövlət səviyyəsində iş görülməsini vacib hesab etdi.

 "Turan" İA-nın direktoru Mehman Əliyev isə mətbuatı haqlamış problemlər içində iqtisadi vəziyyətin pisləşməsini önə çəkdi. Qeyd etdi ki, əgər mətbuatın reklam bazarında ayrı-seçkiliyə son qoyulmasa, mətbuat azadlığından danışmağa dəyməz: "Qəzetlərin bir hissəsi müxalifətin, bir hissəsi də iqtidarın təsiri altındadır. Çox cüzi hissəsi nisbi müstəqilliyini qoruyur. Həmin KİV-lər də bu və ya digər dərəcədə kimlərinsə maliyyə qaynaqlarından asılıdır. Çünki düzgün rəqabət yoxdur".
M.Əliyev dövlət səviyyəsində mətbuatın iqtisadi vəziyyətini yaxşılaşdıracaq tədbirlərin görülməsini vacib saydı: "İqtisadi cəhətdən müstəqil olmayan mətbuat siyasi sahədə də kimlərdənsə asılı olmalıdır".
Sonra millət vəkili Pənah Hüseynli, "Media hüququ" İnstitutunun rəhbəri Rəşid Hacılı, hüquq müdafiəçisi Eldar Zeynalov və başqaları çıxış edərək ölkədə mətbuatın və müstəqil jurnalistlərin problemlərindən, vəziyyətin aradan qaldırılması yollarından danışdılar.

***

Tədbirin sonunda dövlət başçısı İ.Əliyevə müraciət qəbul olundu. Müraciətdə deyilir:
"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə!
Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab O.Əsədova!
Hörmətli Prezident!
Hörmətli sədr!
Söz azadlığı fundamental demokratik azadlıqlar sırasına daxildir. "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətli (2 mart 2005-ci il), "Bizim Yol" qəzetinin redaktoru Bahəddin Həziyevin oğurlanması və ona işgəncələr verilməsi (19 may 2006-cı il), parlament (2005-ci il) və prezident (2003-cü il) seçkiləri ərəfəsində peşə borcunu yerinə yetirən jurnalistlərin polis tərəfindən döyülməsi və bu zaman jurnalistlərdən İdrak Abbasova ("Ayna" qəzeti), Zaur Rəsulzadəyə ("Novoye Vremya"), Fərid Teymurxanlıya ("Zerkalo"), Sarvan Rizvanov və Emin Hüseynova ("Turan" İnformasiya Agentliyi), Ramiz Nəcəfliyə ("Boz qurd" qəzetinin redaktoru) və bir çoxlarına xəsarətlər yetirilməsi ciddi düşünülməyə əsas verir.
Jurnalistlər - Şahin Ağabəyliyə ("Milli Yol" qəzetinin baş redaktoru), Samir Adıgözəlliyə ("Millətin Səsi" qəzetinin baş redaktoru) və Fikrət Fərəməzoğluna ("24 Saat") - qarşı çoxsaylı məhkəmə qərarlarının çıxarılması və nəhayət, satiraçı-şair Mirzə Sakitin narkotik maddələrdən istifadə və onu yaymaqda ittiham edilərək həbs olunması - bütün bunlar Azərbaycanda jurnalistlərin təhlükəsizliyi və söz azadlığı üçün real təhlükənin mövcud olduğuna dəlalət edir.
Cənab Prezident!
Vətəndaşların həyatının, sağlamlığının, azadlığının qorunması üzrə Konstitusiyada təsbit olunmuş hüquqların və Azərbaycanın söz və mətbuat azadlığı sahəsində götürdüyü beynəlxalq öhdəliklərin təminatçısı kimi, Siz yuxarıda sadalanmış cinayətlərin törədilməsində müqəssir olanların üzə çıxarılıb cəzalandırılmaması kimi kədərli fakta görə məsuliyyət daşıyırsınız.
Biz Sizi jurnalistlərə qarşı zorakılığın təhqiqatını öz şəxsi nəzarətiniz altına almağa, tanınmış satiraçı-şair Mirzə Sakitin və həbs olunmuş baş redaktorlar Şahin Ağabəyli və Samir Adıgözəllinin azadlığa buraxılmasına kömək etməyə çağırırıq.
Jurnalistlərin təqib olunması faktlarının göstərdiyi kimi, Azərbaycanda aktual məsələlərdən biri diffamasiya (bir şəxsi ləkələyən məlumatın mətbuatda dərc edilməsi) məsələsidir. Əgər qanunvericilikdə müvafiq dəyişikliklər edilməsə, bu problem həll olunmamış qalmaqda davam edəcək. Diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb etməyi nəzərdə tutan maddəni ləğv etmək lazımdır.
Diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb etmək jurnalistin fikrini sərbəst ifadə etməsi azadlığının qeyri-adekvat məhdudlaşdırılması deməkdir, bu, demokratik cəmiyyət prinsipləri ilə bir araya sığmır, Azərbaycan Konstitutsiyası və İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu Maddəsinin təmin etdiyi söz azadlığını pozur. Diffamasiya sahəsində mövcud qanunvericilik ictimai maraq kəsb edən informasiya, ictimai şəxs və s. bu kimi anlayışları fərqləndirmir və bununla da yaradıcılığında siyasi və digər ictimai əhəmiyyət kəsb edən mövzuları əhatə edən jurnalistlərin müdafiə dərəcəsini azaldır.
Eyni zamanda informasiya mənbələrindən istifadə imkanı problemi hələ də həll olunmamış qalır. Jurnalistlər məmurlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat alarkən hələ də müqavimətlə rastlaşırlar.
Bununla əlaqədar "İnformasiya əldə etmək haqqında" qanun pozulduqda məsuliyyət növlərini nəzərdə tutan qanunvericilik aktları qəbul edilməlidir. Nazirlər Kabineti bu qanunun tətbiqi üzrə təkliflərini prezidentə təqdim edilməsini 8 aydır ki, ləngidir.
Həmçinin informasiyanın mühafizəsi, dövlət və bələdiyyələrin İnternet ehtiyatlarının yaradılması və mühafizəsi qaydaları haqda qanunvericilik aktları qəbul etmək, informasiya verməkdən yayınan şəxslərin məhkəmə məsuliyyəti daşımasını təmin etmək, informasiya məsələləri üzrə müvəkkil şəxsin seçilməsi prosesini sürətləndirmək məqsədəuyğun olardı.
KİV-lərin iqtisadi müstəqilliyi barəsində məsələ aktual olaraq qalmaqdadır. Təəssüf ki, bu gün Azərbaycanda KİV-lər üçün münasib, əlverişli biznes mühiti yoxdur. Əsas gəlir mənbəyi kimi reklam bazarı məhduddur və KİV-lərə, ilk növbədə, mətbuata inkişaf etmək üçün zəruri vəsaiti qazanmağa imkan vermir.
Qəzetlərin çapı və yayımı sahəsində ciddi problemlər mövcuddur. Mətbuatın iqtisadi problemləri dövlət səviyyəsində həll edilməlidir və bunun üçün hökumətdən iqtisadi sahədə geniş sağlamlaşdırıcı tədbirlər proqramının qəbul olunması tələb edilir.
Cənab Prezident!
Vətəndaş cəmiyyətinin əsası  olan söz azadlığını təmin edən bütün bu məsələlər geniş ictimaiyyətin narahatlığından irəli gəlir və Sizin təxirəsalınmaz müdaxilənizi və qərar qəbul etməyinizi xahiş edirik!"

M.GÜLSƏNƏM

Yasamal RPİ-nin yanındakı təzə tikili uçdu

Tələm-tələsik inşa edilən tikililərin möhkəmliyi ciddi problem olaraq qalır

Bakıda görünməmiş sürətlə aparılan tikililərin möhkəmliyi və keyfiyyəti istər-istəməz narahatlıq yaradır. Çünki sirr deyil, əvvəllər hər bir tikintiyə dövlət nəzarəti və tikinti məsuliyyəti vardı. İndi bu iş demək olar başlı-başına buraxılıb.

***

Neçə ay əvvəl 1-ci Yasamal ərazisində, 9 mərtəbəli yaşayış binasının düz qarşısında tikilməkdə olan ticarət evi bir gecənin içində uçub-töküldü... 
Hacıqabul rayon mərkəzində, rayon Məhkəməsi binasının düz böyründə toya bir neçə saat qalmış şadlıq evi yerlə-yeksan oldu. Xoşbəxtlikdən həmin an içəridə heç kim olmamışdı...
Yasamaldakı gölü qurudub, yerində on altımərtəbəli yaşayış binası tikmiləndə hamı deyirdi ki, suyun üstündə ev tikmək fəlakətə səbəb olacaq. Elin sözü əvvəl-axır düz olur. İndi orada tikintisi başa üatmaqda olan on altımərtəbəli yaşayış binalarından biri "qəddini" əydi. Yəni bir böyrü çökür. İşbazlar isə bina tamam uçmamış evləri tez-tələsik, dəyər-dəyməzinə satmağa çalışırlar. Allah bundan betərindən qorusun!..

***

...Yasamal RPİ-nin düz böyründə isə istifadəyə hazırlanan daha bir iaşə obyekti oturdu, yəni böyürü üstə əyildi (fotogörüntüdə təsvir olunur).
Görəsən, bunlar nədən baş verir: keyfiyyətsiz tikinti materialından, yoxsa keyfiyyətsiz tikinti işindən? Bəlkə...
Allah, səbr versin!

TURAL

Hosted by uCoz