Şahin Tağıyev düz danışmır

Hörmətli redaksiya!

Məni bu yazını yazmağa vadar edən "Yeni Müsavat" qəzetinin ötən saylarının birində dərc olunmuş Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin müsahibəsidir.
Şahin Tağıyev müsahibəsində  1993-cü il yanvarın 15-də keçirilən hərbi müşavirədən danışır və orada hansı dəstələrə nə kimi əmrlərin verildiyindən, kimin hansı istiqamətdə irəliləcəyindən, hansı mövqeləri tutacaqlarından və bununla da Qarabağ müharibəsinə son qoyulacağından danışır, Rövşən Cavadovun əleyhinə fikrlər söyləyib. Lakin o, başa düşə bilmir ki, o zamanlar döyüşlərə birbaşa rəhbərlik edənlərin bəzilərinin qəlblərində bir məkrlik gizlənirdi... O məkrlik ki, onun içərisində həm sui-qəsd, həm xəyanətkarlıq, həm də mənsəbpərəstlik, var-dövlət toplamaq hərisliyi və s. vardı. Şahin deyir ki, R.Cavadov Bala Sırxəvəndi, mən Sirxəvəndi, Surət Hüseynov Ballı Qayanı, Sərdar Həmidov isə Vəngi götürməliydik... Bəs onda görəsən, o vaxt ordu nə işlə məşğul olurdu?
Mənə elə gəlir ki, rəhmətlik R.Cavadov həm döyüş təcrübəsinə, həm ağlına, savadına, şəxsi bacarığına görə, ictimaiyyət arasındakı nüfuzuna görə Şahindən çox-çox yüksəkdə dururdu və bu gün də hamı belə qənaətdədir. Bu təkcə mənim gəldiyim qənaət deyil. O dövrdə cəbhənin hər hansı bölgəsi olursa-olsun düşməni vahiməyə salan bir qüvvə var idisə o da "OMON"-çular idi. Onların ("OMON"-çuların) adı gələndə ermənilərin kürklərinə birə düşürdü. O vaxt Şahinin rəhbərlik etdiyin batalyonu tanıyanlar çox az idi və heç vaxt müqayisəyə qoyulası deyildi. "OMON"-çular qəhrəmanlıqlar göstərirdilər, Milli Qəhrəman adı almaq üçün çalışmırdılar.

***

Şahin bəy, sən indi xarici ölkədə oturub, vaxtilə öz dediyin kimi, Etibar Məmmədovun köməkliyi ilə qəbullarına düşüb İsgəndər Həmidovun, Rövşən və Mahir Cavadov qardaşlarının ünvanına yalandan böhtanlar yağdıraraq özünə bəraət qazandırırdın. Amma bilmirsən ki, həmin dövrdə bütün yüksək rütbəli hərbçilərin, demək olar ki, böyük əksəriyyəti Heydər Əliyevi eşidirdi və sənin düşündüyün kimi, onda müharibənin sonu deyildi. Hələ müharibə davam etməliydi ki, kimlərsə hakimiyyətə qayıda bilsin. Həmin dövrlərdə əsgərlərə paylanılan psixotrop dərmanlar isə sənin kimi Milli Qəhrəman adını almış Surət Hüseynovun hərbi məsələlər üzrə məsləhətçisi olmuş, əslində isə Rusiya Baş Kəşfiyyat İdarəsinin məsul əməkdaşı və mütəxəssislərindən biri olan polkovnik Volodya Selevanov tərəfindən əsgərlərimizə paylanırdı ki, o da birinci 2 saat ərzində qorxmazlıq, növbəti saatlarda isə qorxaqlıq sindromu yaradan preparat idi. İndiyə qədər də sən Şahin Tağıyev hansı siyasi tərəfə mənsubluğunu təyin edə bilməmisən.
Yeri gəlmişkən, mənə məlum olmayan səbəblərə görə, bu məqaləmi müxalifət mövqeyi altında dərc olunan "Gündəlik Azərbaycan", "Reytinq", "Yüksəliş naminə", "Yeni Müsavat" və "Azadlıq" qəzetləri dərc etməkdən çəkindilər. Bu da çox təəccüblü idi.

Hörmətlə:
Zahid NƏRİMANOĞLU

 

Hosted by uCoz