Füzuli rayon İcra Hakimiyyəti seçkiiərə kobud müdaxilə edib

"Azadlıq" blokunun deputatlığa namizədi Qubad İbadoğlu 7 rəqibi ilə birlikdə mətbuat konfransı keçirib

Ötən həftə 84 saylı Füzuli Seçki Dairəsindən "Azadlıq" blokunun deputatlığa namizədi Qubad İbadoğlu 7 rəqibi ilə birlikdə mətbuat konfransı keçirib.

Q.İbadoğlu 84 saylı dairənin nəticələrinin Yeni Azərbaycan Partiyasının (YAP)  namizədi Bahar Muradovanın xeyrinə saxtalaşdırıldığını deyib. Deputatlığa sabiq namizədin sözlərinə görə, həmin dairədə seçicilərin böyük əksəriyyəti ona səs versə də, rayon İcra Hakimiyyəti seçkinin nəticələrinə kobud müdaxilə edib.

Məsələ ilə bağlı 7 namizədin imzası ilə Mərkəzi Seçki Komissiyası və Respublika Prokurorluğuna müraciət edəcəyini deyən Q.İbadoğlu məqsədinə nail olana qədər mübarizə aparacağını bildirib.

Tədbirdə 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Əli Həsənov, Rafiq Abdullayev və başqaları 6 noyabr seçkilərində Q.İbadoğlunun qalib gəldiyini, lakin saxtakarlıq nəticəsində B.Muradovanın qalib çıxarıldığını bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən Bahar Muradova opponentlərin yalan danışdığını və onların ittihamlarının heç bir əsası olmadığını bildirib.

Ağdam rayon icra başçısı seçki prosesinə kobud müdaxilə edib

119 saylı Ağdam kənd seçki dairəsi komissiyasının üzvləri Yaşar Həsənov və Pərviz Hüseynov Ağdam rayon icra başçısı Həsən Sarıyevi seçki prosesinə kobud müdaxilədə suçlayıb.

Belə ki, H.Sarıyevin təzyiqi altında səsvermə hakimiyyət nümayəndəsi Bəxtiyar Sadıqovun xeyrinə saxtalaşdırılıb.

İlham Əliyevə, həmçinin bir sıra yerli və beynəlxalq qurumlara göndərilən müraciətdə saxtakarlığın nəticələrinin aradan qaldırılması və müqəssirlərin cəzalandırılması tələb olunur.

APA

Təhsil Nazirliyi tələbələrə qarşı təzyiqləri davam etdirir

Təhsil Nazirliyi: "Noyabrın 14, 15 və 16-da ali məktəblərdə dərsləri boykot edəcək tələbələr cəzalandırılacaq"

""Məqam" İctimai Hərəkatının tələbələrə seçkilərin saxtalaşdırılması adı ilə aksiyalara çağırmaq barədə etdiyi müraciətin heç bir hüquqi əsası yoxdur. Tələbələrin dərslərdən uzaqlaşdırılması mövcud qanunvericiliyə ziddir. Tələbələri buna sövq edənlər qanun qarşısında cavab verməlidirlər. "Məqam"ın çağırışı ilə dərslərə gəlməyəcək tələbələrə qarşı isə qanunvericiliyə uyğun tədbir görüləcək və onlar cəzalandırılacaq".

Bunu APA-ya Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə "Məqam"ın tələbələri noyabrın 14, 15 və 16-da ali məktəblərdə dərsləri boykot etməyə çağırması ilə bağlı etdiyi müraciətə münasibət bildirərkən deyib.

Azərbaycan Tibb Universitetinin rektor köməkçisi Aydın Əliyev isə APA-ya əminliklə bildirib ki, onların tələbələri seçki ilə bağlı heç bir aksiyada iştirak etməyəcəklər. Bu, məktəb rəhbərliyinin tələbələrə fiziki təzyiq göstərməsindən deyil, onların siyasətdən uzaq olmasından irəli gəlir.

Dövlət Dillər Universitetinin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev də APA-ya tələbələrinin aksiyalarda iştirak etməyəcəyini və həmin günlərdə dərslərin normal keçəcəyini söyləyib: "Bizim tələbələrin əksəriyyəti qızdır. Onlar siyasətə qarışmırlar".

Bakı Dövlət Universitetindən də APA-ya noyabrın 14, 15 və 16-da dərslərin tam sakit şəraitdə keçəcəyini deyiblər.

Abel Məhərrəmov tələbələri şantaj edir

Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin tələbəsi Elturan Mürsəlzadə siyasi əqidəsinə görə təqiblərə məruz qalır.

Xalq Cəbhəsi Partiyasının mətubat xidməti qeyd edir ki, E.Mürsəlzadə dünən keçirdiyi mətbuat konfransında BDU tələbələrinin siyasi əqidələrinə görə təqiblərə məruz qalması faktları barədə açıqlama verdikdən sonra onu BDU-nun rektoru Abel Məhərrəmovun yanına çağırıblar.

Rektor E.Mürsəlzadəyə ali məktəbdən çıxarılması barədə əmrin hazır olduğunu bildirib və deyib ki, "amma bu gün axşam Lider telekanalında çıxış edərək müxalifətdən pul alması barədə açıqlama versə təhsilini davam etdirə bilər". 

Buna cavab olaraq E.Mürsəlzadə dərs prosesilə bağlı problemi olmadığı halda hansı əsasla universitetdən xaric edilməsini soruşduqda rektor tələbəyə barəsində cinayət işi qaldırıldığını və oğurluqda ittiham olunduğunu deyib. Bununla bağlı, tələbə bir sıra beynəlxlaq qurumların Bakı nümayəndəliklərinə müraciət edib.   

A.Məhərrəmov hakim Yeni Azərbaycan Partiyasının üzvüdür və 6 noyabr parlament seçkilərində MSK onu 16 saylı Yasamal ikinci dairəsindən deputat seçib.

APA

Aeroport yolunda tıxac nədən yaranmışdı?

Dövlət Yol Polisi əməkdaşlarının laqeydliyi nəticəsində "Binə" və "Sədərək" ticarət yarmarkalarına gedən yol saatlarla bağlandı

Bazar günü "Binə" və "Sədərək" ticarət yaramarkalarına gedən yol saatlarla bağlı qalmalı oldu.

Qeyd edək ki, ensiz yol iri yük maşınlarının hərəkəti üçün uyğun olmadığından yolda belə avtomobillərin görünməsi ilə tıxacların yaranması son vaxtlar adi hal alıb.

Noyabrın 13-də saat 12:00-dan 15:00-dək tıxacda qalan  çoxsaylı maşınların aeroport yoluna digər istiqamətlərdən çıxmaq cəhdi çoxları üçün aşmaq təhlükəsi yaradırdı. Bir çox maşınlar isə gölməçəli yerlərdə batıb qalmışdı.

Saatlarla uzanan bu avto-tıxacın aradan qaldırılmasında DYP əməkdaşlarının müdaxiləsinin olmaması təəssüf doğurmaya bilməzdi. DYP əməkdaşları isə yalnız aeroport yolunun üstündəki dairədə dayanaraq, əslində tıxaca dəxli olmayan "nizamlama əməliyyatı" keçirirdilər.

E.MƏMMƏDLİ

P.S. Çox təəssüf ki, DYP əməkdaşları yollardakı tıxacların, digər problemlərin aradan qaldırılmasında görünməz olurlar. Niyə belədir? Hökumət maaşlarını da qaldırdı, yenə də xeyri yoxdur. Bəlkə əksinə edərdilər?.. Sonradan öyrəndik ki, aeroport yolunda avtoqəza baş verdiyindən yarmarkaya gedən yolda tıxac yaranıb.

Kamil Sarıyevin Əli İnsanovla nə əlaqəsi?

Redaksiyamıza daxil olmuş məktubda "Ağdam pambıq"ATSC-nin sədri Kamil Sarıyevin sabiq səhiyyə naziri ilə əlaqələrinə toxunulur

Qəzetimizin İnternet saytına daxil olmuş çoxsaylı məktublardan biri diqqətimizi xüsusilə cəlb etdi. Söhbət "Ağdam pambıq" ATSC-nin sədri Kamil Sarıyevin sabiq səhiyyə naziri Ə.İnsanovla bağlılığına toxunulur.

Məsələn, qeyd olunur ki, K.Sarıyev seçkiöncəsi sabiq səhiyyə naziri Əli İnsanovun yaxın dostu və həmyerlisi olan sabiq müavini Nazim İbrahimovun vasitəsilə deputatlığa namizəd xanımlardan birinin Ağdamdan seçilməsinə cəhd etmişdir.

"O, həmin namizədin (adını yazmamağı məsləhət bildik-red.) seçki təbliğatına nəinki yaxından kömək etmiş, həmçinin bu istiqamətdə lazımı təbliğat işlərinə, seçicilərin seçki prosesinə cəlb edilməsinə də pul vəsaiti buraxmışdır."

Bundan xeyli gec xəbər tutan Ağdam RİH başçısı Həsən Sarıyevlə K.Sarıyev arasında narazılıq yarandığı da məqalədə qeyd edilir. Hətta H.Sarıyev YAP-ın Ağdam rayon təşkilatının sədri Qədulla Səfərova YAP-ın vahid namizədi B.Sadıqovun seçki prosesinə maneçilik törətdiyinə görə K.Sarıyevlə ciddi danışığa başlaması tapşırığını verir. Q.Səfərov ona nail olur ki, sonda K.Sarıyevin müdafiəsində durduğu və şəkili kommersiya obyektlərinin divarlarını bəzədiyi həmin namizədin seçkidən geri çəkilməsinə gətirib çıxarır: "Əslində isə Əli İnsanovla onun müavini M.İbrahimov dövlət çevrilişinə cəhddə suçlanaraq həbs edilən kimi K.Sarıyev onların xahişindən imtina etməli oldu."

Bəs Kamil Sarıyevi Əli İnsanovla əlaqələndirən səbəb nədir? K.Sarıyevin xahişi ilə Əzizbəyov adına Doğum Evinə baş həkim kimi kim təyin olundu? Ə.İnsanovun həbs edilməsindən 10 gün əvvəl K.Sarıyev Səhiyyə Nazirliyinə niyə dəvət olunubmuş? K.Sarıyevin neçə ildir Ağdamda Mərkəzi Aptek yaratmaq təşəbbüsü niyə baş tutmurdu?

Bu və ya digər suallara İnternet poçtumuzdakı yazının tam mətninin dərcindən sonra cavab tapa biləcəksiniz.

Hazırladı: N.QOŞQAR

İgid Rahib Məmmədovun atası İlham Əliyevə şikayət etdi

Gürcüstanda hərbi xidmət zamanı təbii fəlakət qurbanlarını xilas edərkən şəhid olmuş Ağdamın Mahrızlı kəndindən igid eloğlumuzun valideynləri Rahibin adını daşıyan muzeydəki özbaşınalıqdan narahatdır

80-ci illərin ortalarında SSRİ gənclərinə örnək olan bir hadisə baş verdi və bu hadisə Azərbaycanın şərəfini göylərə ucaltdı.

Ağdamın Mahrızlı kəndində doğulub boya-başa çatmış Rahib Gülmalı oğlu Məmmədov Gürcüstanda hərbi xidmət keçərkən sel daşqınları bu ölkəni ağuşuna almışdı. Rahibin xidmət etdiyi hərbi hissənin əsgərləri də fəlakət qurbanlarının xilasına cəlb edilmişdi. Rahib əsgərlər arasında daha nümunəvi oldu. O, neçə-neçə insanı selin ağzından qurtardı. Lakin sonuncu cəhdində özü də ölümlə üz-üzə dayandı. Çox təəssüf ki, güclü sel onu burulğana salaraq, sel sularında görünməz etdi...

***

O vaxt baş verən bu hadisə ildırım sürəti ilə nəinki Azərbaycana, bütün SSRİ məkanına yayıldı. Azərbaycanlı gəncin bu igidliyi Azərbaycan-Gürcüstan dostluğunda nəinki körpü oldu, həmçinin SSRİ dövlətinin beynəlmiləl siyasətinin, millətlərarası dostluğunun simvoluna çevrildi, təbliğ edildi.

Bu təbliğat o səviyyədə aparıldı ki, hətta gənclər dağ çayı, sel axtarırdılar ki, qoynuna atılıb özlərini şəhid etsinlər, Rahib kimi dillər əzbəri olsunlar. Amma...

***

...Rahibin həmin igidliyindən 20 ildən çox müddət keçir. Adına yaradılmış muzey o vaxt valideynlərinə bir təsəlli idisə, indi narahatlıq mənbəyinə çevrilib...

Rahibin atası Gülmalı kişinin kasıb-qayğılı görkəmi də göstərirdi ki, SSRİ-nin dağılması ilə bu ailəyə dövləti qayğı və münasibət də alt-üst olub. Rahibin oxuduğu orta məktəbdə adına yaradılmış muzey isə Gülmalı kişinin yaralı yerinə çevrilib. "Qabaqlar bizə dövlət qayğısı vardı, hamı bizi diqqət və qayğı ilə yad edərdi. İndi yada salan yoxdur. Oğlumun adına açılmış muzeyə indi elə adam rəhbərlik edir ki, o, ailəmizə təhqir deməkdir!"- deyə Gülmalı Məmmədov söylədi.

Məlum oldu ki, muzeyə İntiqam Əsədov rəhbərlik edir. Ailənin prezident İlham Əliyevə ünvanlı müraciətində də elə İ.Əsədovun muzeyə rəhbərlikdən uzaqlaşdırılması xahiş olunur:

"Cənab prezident!

Biz onsuz da hər şeydən əlimizi üzmüşük. Qarabağ müharibəsinin şəhidlərinə, onların ailələrinə qayğını görürük. Vaxt vardı, bütün Azərbaycan oğlum Rahibin başına and içirdi. İndi Ağdamın, heç kəndimiz Mahrızlının səlahiyyət sahibləri müraciətimizə baxmır... Xahişimiz budur ki, oğlumun adına yaradılmış muzeyə rəhbərlik edən İntiqam Əsədov bu işdən kənarlaşdırılsın. Onun bütün hərəkəti bizə təhqir və əsəb gərginliyi, etinasızlıq üstündədir!"

Qeyd edək ki, G.Məmmədovun bizimlə söhbətində söylədiklərini daha sərt formada həmkəndliləri təsdiqlədilər və bu ailəyə mövcud laqeydlikdən təəssüfləndilər. Hansı ki, bu ailə bir vaxtlar Azərbaycana nümunə olub.

E.MƏMMƏDLİ

P.S. Yazını tədbir görülməsi üçün Ağdam RİH-ə göndərməli olduq...

Hosted by uCoz