Qaxda kök atmış bəla

Korrupsiyanın rayondakı dayaqlarını laxlatmaq üçün mübarizəyə İcra Hakimiyyətindən başlamaq gərəkdir

"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun qüvvəyə minməsindən 1 il on ay ötür. Ancaq aradan bu qədər vaxt ötməsinə baxmayaraq, bu ümumbəşəri bəla nəinki ölkəmizdən, heç Qax rayonundan da ötüb keçməyib. Çünki bünövrəsi sovet dövründən qoyulmuş bu sosial-iqtisadi bəla son 10-12 il ərzində özünün daha da möhkəmlənməsi ilə daha da nəzərə çarpıb. Onunla mübarizə aparmalılar isə korrupsiyanın dayaqlarının möhkəmlənməsinə bais olublar. Bəs qəbul olunmuş qanun? Bəs tətbiq edilməli olan Dövlət Proqramı? Bunları kim icra etməlidir?

"İcraçılar özləri korrupsiyanın səbəbkarlarıdır"

"Azərbaycan Korrupsiyaya qarşı" Müstəqil Araşdırma Qrupunun rəhbəri xanım Mirvari Qəhrəmanlının təbirincə desəm, bütün hallarda korrupsiyaya qarşı mübarizə aparmalılar özləri bu çirkin işin arxasında dururlar və ona görə də ölkəmizdə korrupsiyaya qarşı mübarizə yox dərəcəsindədir.

***

Prezident İlham Əliyevin son günlər atdığı addımı, daha doğrusu, uzun illərdir adı korrupsiyada hallanan səhiyyə naziri Əli İnsanovun, iqtisadi inkişaf naziri Fərhad Əliyevin, "Azərkimya" DŞ-nin prezidenti Fikrət Sadıqovun, Prezident Aparatının İşlər İdarəsinin rəisi Akif Muradverdiyevin, Səhiyyə Nazirliyinin məsul işçilərinin işdən çıxarılması və bəzilərinin həbsi təqdirəlayiqdir. Lakin çox təəssüf ki, bu adamlar rəsmi səviyyələrdə siyasi qurbanlar kimi təqdim olundu...

Bəli, balıq başdan iylənər. Ən yuxarı eşalonda əyləşənlərin əməllərini görəndə, rayonlarda baş verənlərə "şükür" etməyə bilmirsən. Amma...

***

..."Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tətbiqi ilə bağlı Qaxda monitorinq keçirərkən, qəribə mənzərənin şahidi oldum. Burada korrupsiyaya qarşı mübariz olmalılar nəinki özləri korrupsiyanın yaradıcılarıdır, onlar həm də əvvəl qeyd etdiyim kimi, hələ də sovet psixologiyasının daşıyıcılarıdırlar.

Qax rayon İcra hakimiyyəti sovet hakimiyyətinə tabedir?

Bu suala dəqiq cavab tapmaq üçün Qax rayon ziyalıları, sadə adamlarla söhbətimizdən bəhrələnməyə çalışdıq. Məlum oldu ki, sovet hakimiyyəti bu rayonda hələ də mövcuddur. Rayon sakini, təqaüddə olan H.Ağayevi elə RİH binasının yanında söhbətə tutduq. Soruşduq:

- Ağsaqqal, bu nəyin binasıdır?

- Rayon partiya komitəsinin.

- Başa düşmədik, məgər buranın adı dəyişməyib?

Ağsaqqal gülümsəyir:

- Ad dəyişəndə məzmun dəyişmir? Əvvəlcə işin məzmunu, fəaliyyəti dəyişsin, sonra adı. Mən sovet hakimiyyətinin bərk gedən dövrünü də görmüşəm, son 10-15 ili də. Bəli, ölkəmiz müstəqildir. Qaxda da müstəqillikdir, amma RİH müstəqil deyil. Keçmişin, yəni sovet hakimiyyətinin idarəçilik psixologiyası ilə yaşayan məmurlar həmin idarəçiliyin əsiridirlər. Ona görə də mən Qax RİH-ə həmişə rayon partiya komitəsi deyirəm.

- Rayonda korrupsiyaya qarşı mübarizəni görürsünüzmü?

Ağsaqqal bu dəfə hazırcavablığından qalmır:

- Gözüm zəif görür, yəqin ona görə də görə bilmirəm...

***

Bəli, Qaxda korrupsiyanı görməkdənsə, hiss etmək lazım olduğunu dərk etməli məmurlar, deyəsən, yoxdur. Olsaydı, yəqin ki, ağsaqqalın aforizmini də eşitməzdik.

***

Rayonda rast gəldiyimiz insanların hansı birindən soruşduqsa, sualımızı sualla qarşılayırdılar: "Nə korrupsiya?"

Hətta rayonun Kolxoz bazarında toyuq-cücə satan bir qadından soruşduq:

- Xala, Qaxda korrupsiya ilə mübarizə barədə nə deyə bilərsən?

- Xala qurban, rayonda ziyanvericilərə qarşı heç bir mübarizə yoxdur. Yazın, qoy prezident də bilsin!...

***

Qaxda, deyəsən, korrupsionerləri "ziyanvericilər"- adlandırırlar. Bu, nədirsə, təzə, özü də olduqca orijinal addır.

"Qaxda korrupsiyaya qarşı mübarizəyə icra hakimiyyətindən başlamaq lazımdır!"

Bu sözləri isə rayon ziyalılarından Seyran Rüstəmov dedi. Söhbətimizdən məlum oldu ki, rayonun icra başçısı Abbas Göyüşovu görüb dərdini deyənlər yox dərəcəsindədir. Çünki bu dərdə çarə tapılmırsa, onu deməyin nə mənası?!

Həmsöhbətimiz deyir:

- Qax turizmin inkişafı üçün ən əlverişli bölgələrdəndir. Düzdür, təbiətin səfalı yerlərini zəbt edib istirahət güşələri yaradanlar da var. Amma bu, dövlət səviyyəsində edilməlidir ki, turistələrin əylənməsi və istirahəti üçün lazımi şərait yaradılsın. Bu, Qax rayonunda minlərlə yeni iş yerləri demək olardı, dövlət büdcəsi də qazanardı, sahibkarlar, iş adamları da, üstəlik, turizm il boyu mövcud olardı. O ki qaldı korrupsiya ilə mübarizəyə, Qaxda bunun şahidi olmaq üçün icra başçısı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə tabe olmamalıdır. Ölkədə bütün korrupsiya məsələləri Ramiz Mehdiyevlə əlaqələndirilir, amma R.Mehdiyev Korrupsiya ilə Mübarizə Dövlət Komissiyasına rəhbər qoyulub.

- Sizin özünüzdən nə vaxtsa rüşvət alıblarmı?

- Xeyr.

- Nə yaxşı!

- Çünki mən rüşvət vermirəm.

- Versəniz alarlarmı?

- Göydə qaparlar... Görürsən ki, rayonda hansısa dövlət məmuruna işi düşənlər olur, bir yerdə həmin idarəyə gedirik və bu iş pulsuz-parasız həllini tapır.

- Bəs, ümumiyyətlə, Qaxda korrupsiyaya qarşı mübarizə barədə nəsə deyə bilərsinizmi?

- Görüb-eşitmədiyim və hiss etmədiyim şey barədə nə deyim ki? Alırlar da, verirlər də. Rayon İcra Hakimiyyətində hamının başı millət vəkilliyinə namizəd Azər Kərimlinin təbliğatına qarışıb, MSK isə buna görə cəzalandırıb. Mən vaxtilə rayon icra başçısının müavini işləmişəm. Bələdiyyə seçkilərindən sonra bu vəzifədən çıxdım. Qaxda rüşvət adi hal alıb. Adını belə qoyurlar: "Halallıq ver!"

- Bəs hansısa vəzifəyə qoyularkən kimdənsə pul alındığını eşidib-bilmirsiniz?

- Təzə icra başçısı Abbas Göyüşov gələndən sonra söhbət var ki, o müavin təyin etmək üçün birindən 4 min, digərindən isə 5 min dollar alıb. 4 min dollar verən iqtisadi məsələlərə baxandır. O isə maşın yuyanlara şərt qoyub ki, ayda 50 min manat mənə verəcəksən. Hətta bəzən pulu özü gedib yığır ki, birdən "ara adamı" 70 min alıb ona 50 min verər. Vergi işçiləri də bunu bilirlər, amma bilmirəm onlar bunu sizə deyərlərmi? İcra başçısının müavini yeri 2 il boş qaldı. Mən bələdiyyə sədrinin müavini işləyərkən icra başçısına dedim ki, Qaxda bu qədər ziyalı potensialı var, o post niyə boş qalıb? Özü də humanitar sahələr üzrə. Sonradan məlum oldu ki, həmin yerə pul verən yoxdur.

- Niyə?

- Çünki həmin sahə elədir ki, sonradan onu "çıxarmaq" olmur.

- İcra başçısı nə qədər istəyirmiş ki?

- 5 min dollar!

"Qaxın icra başçısı işdə yoxdur, müavini zibil daşıtdırır!"

Rayonda korrupsiyaya qarşı mübarizə barədə bəzi suallara cavab almaq üçün RİH başçısı Abbas Göyüşovla görüşmək cəhdimiz baş tutmadı. Çünki məqsədimizi polisə dedik. O, yuxarı qalxıb-düşəndən sonra isə icra başçısı "yoxa çıxdı". Sonra RİH başçısının müavinlərindən hər hansı biri ilə danışmaq istədik. Məlum oldu ki, RİH başçısının müavini Tahir İsmayılov "ərazidə zibil yığdırır". Digər müavin Ziyafət Xasıyeva ilə görüşməli olduq.

***

Ziyafət Xasıyeva ilə söhbət edirik. Məlum olur ki, o, rayonda yaradılmış korrupsiya ilə mübarizə komissiyasının üzvüdür:

- Ziyafət xanım, Dövlət Proqramında yerli icra orqanlarının Dövlət Komissiyasına 6 ayda bir dəfə hesabat verməsi göstərilir. Mümkünsə, həmin hesabatın surətini verəsiniz.

...Ziyafət xanım bu sözləri eşidəndə bərk dilxor oldu. Çünki söhbətimizin əvvəlində Prezident Aparatına bu il 2 dəfə hesabat verdiklərini demişdi. Belə çıxırdı ki, 2-ci hesabat vaxtından 3 ay əvvəl göndərilib. Ona görə də cavab gözlədik. Xeyli fikirləşdi, sonra dedi:

- Bilirsiniz, bu, problem deyil. Amma gərək bir saat sonra gələsiniz.

- Oldu!- deyib getdik və düz saat yarım sonra yenidən gəldik. Ziyafət xanım bizi görəndə lap dilxor oldu və qaşqabağını salladı:

- Vəziyyət yaman pisdir.

- Niyə?

- Kompüterdə işləyən qızın uşağı ağır xəstədir, mümkünsə, günortadan sonra gəlin.

- Biz Bakıya qayıtmalıyıq. Tez olmazmı?

Ziyafət xanım "qayıtmalıyıq" sözünü eşidəndə, deyəsən, sevindi:

- Yox, ancaq axşamüstü ola bilər.

- Biz qaranlıqda necə yola çıxaq?

- Vallah, heç nə deyə bilmərəm.

***

Xeyli götür-qoy edib, Ziyafət xanımın sevincinin uzun sürməsinə mane oldum:

- Oldu, Ziyafət xanım!

- Çox sağ olun, yaxşı yol! Yolda duman olur, ehtiyatlı olun!..

- Yox, biz getmirik, qalası olduq. Axşamüstü gəlib arayışı götürərik.

***

Ziyafət Xasıyeva xeyli fikirləşdi və deyəsən, təzə bir ideya tapdı:

- Bayaq yadımdan çıxmışdı, sizin ezamiyyə vərəqəniz varmı?

- Ziyafət xanım, sovet hökumətindən qalma ideyaları atın getsin. Həmin qayda o vaxt jurnalistlərin sərbəst gəzib fakt toplamağına məhdudiyyət qoyurdu. Ona görə də indi yeni qayda-qanunda bu tələb yoxdur. Məsələn, indi Andreas Qross Bakıya gəlib-gedir, ondan ezamiyyə vərəqi tələb edir, yaxud möhür-ştamp vururlar ki, geri qayıdanda harasa təqdim etsin? Əgər biz mühüm dövlət tədbiri ilə əlaqədar rayona ezam edilsəydik, bu başqa məsələ. Biz sizdən məlumat istəyirik...

***

Ziyafət xanım bütün bəhanələrdən sonra razılaşdı ki, bir saata özü zəng edib tələb edilən arayışın surətini bizə verəcək. Amma...

Bir saat sonra zəng etdik, məlum oldu ki, Ziyafət xanım "əhatə dairəsi xaricindədir!"

***

Rayon prokurorluğuna və polis şöbəsinə də baş çəkdik. Bu rəsmi dövlət idarələrində isə belə bir oxşar cavab eşitdik: "Prokuror yerində yoxdur", "Rəis ərazidədir".

Görəsən, yerində olmayanlarla ərazidə olanlar prezidentin sərəncamının icrası üçün nə etməli olduqlarını müəyyənləşdirirlərmi?

***

Qaxda gördüklərimizdən təəccüblənmədik. Çünki Bakıdan Qaxa gedənədək yol boyu "Azpetrol"un yanacaqdoldurma məntəqələrindən benzin alarkən də korrupsiyanın şahidi olduq: ya çek vermək istəmirdilər, ya da çekdə benzinin miqdarını göstərmirdilər. Və Bakıya qayıdandan neçə gün sonra "Azpetrol" rəhbəri R.Əliyevin korrupsiya üstündə həbsini eşidəndə də təəccüblənmədim. Çünki...

A.MƏMMƏDLİ, Bakı-Qax-Bakı

P.S. Yazı Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramının monitorinqinə dair layihə çərçivəsində hazırlanıb.   

Cəlilabadda dərəbəylikdir

Qəzet çapa gedən anda redaksiyamıza Cəlilabad rayon sakinlərindən iki məktub daxil oldu. Məktublarla tanış olandan sonra haqqı tapdalanmış insanların harayını ünvanlarına çatdırmağı özümüzün peşə borcumuz bildik. Məktublara heç bir şərh vermədən olduğu kimi dərc edirik. Qaldırılan məsələlər barədə yəqin ki, məktubların ünvanlandığı orqanlar şərh verib münasibət bildirəcəklər.

"Azərbaycan Respublikasının prezidenti İ.Əliyev cənablarına!

Surəti: "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərziliyə!

Möhtərəm prezident!

Bu müraciətimi oxuyub-oxumayacağınız mənə bəlli deyil. Amma hər halda keçmiş adamlar İmam Əbülfəzin adına ərizə yazdırıb axar çaya atdıqdan sonra imdad gözlədiyi kimi, mən də bu şikayəti sizə yazıb kömək gözləyirəm. Mən kaısb kişinin oğlu olmuşam. Öz fərasətimlə inkişaf edib, rayonda kolxoz sədrliyinə, Broyler fabrikinin direktorluğuna qədər yüksəlmişəm. Fabrikdə islahatlar getdikdən sonra uzun müddətdir işsizəm. İşsiz kimi girdim icra başçısı Taleh Qaraşovun qəbuluna. Özümü ona təqdim etdim. Dedim mən qondarma Talış-Muğan respublikası yaratmaq xulyasına düşən Əlikram Hümbətova qarşı çıxmışam. 1993-cü il 2 iyul tarixində Əlikram Hümbətov Cəlilabada gəlib, Talış-Muğan respublikasını artıq qurmuşam dedikdə, mən onun boynundan tutub tribunadan yerə salaraq, işi pozmuşam. 8 iyul 1993-cü ildə silahlı qüvvə ilə Cəlilabada glərək,  gecə  saat 24 radələrində mənim evimə silahlı, hərbi geyimli 30-dan artıq hərbiçi ilə basqın edib. Məni ailə və uşaqlarımın yanında döyüb qabırğalarımı sındırmışdılar. Məndən döyə-döyə soruşurdular  ki, Əlikramı tribunadan salan sənsən, mən isə deyirdim bəli mənəm. Çünki o düz yolda deyil. Hümbətova qarşı çıxmaqla böyük Heydər Əliyev siyasətinə dayaq durmuşam və buna görə də onlar tərəfindən amansızcasına döyülmüşəm. Bundan sonra 40 gün xəstəxanada yatmışam. Bu haqda Respublika Prokurorluğunda cinayət işi açılıb, lakin o iş hələ də başa çatmayıb. Bütün bunlardan sonra mən həm işimi, həm də mənə məxsus torpağı itirmişəm.

 Mən Heydər Əliyevin yolunda həmişə hər şeyə hazır olmuşam. İlham Əliyev cənabları isə prezident seçilən günü qurban kəsmişəm.

Məni diqqətlə dinləyən icra başçısı Taleh Qaraşov çox təmkinlə belə dedi:

- Sən cəfakeş adamsan. Mən sənə torpaq verərəm. Amma bilirsən ki, pis zəmanədir. İndi pulsuz hərəkət etmək mümkün deyil. Burada hazırlanan bütün sənədlər Bakıda təsdiq olunur. Bu isə pulla başa gəlir. Sənin də yəqin ki, çox pula gücün çatmaz, 3000 ABŞ dolları təşkil et, torpaq şöbəsinin müdiri Füzuli Hüseynova tapşıraram həll edər. Mənim H.Əliyev siyasətini müdafiə edənlərə xüsusi rəğbətim var. Nə qədər bu rayondayam, arxanda durmuşam. Əhsən sənin qeyrətinə!

Mən son ümüdim olan maşınımı satıb, 1500 ABŞ dollarını verdim T.Qaraşova. Bu, 2004-cü ildə olub. Uzun yazıb nə danışım? Bu söhbətdən düz iki il keçib, mənə nə torpaq, nə də iş verən var. Hələ üstəlik məni aldadaraq aldığı 1500 ABŞ dolları məbləğində pulumu da geri ala bilmirəm. Bunu bilənlər isə mənə gülürlər və deyirlər bizə baxanda sənin vəziyyətin muşduluqdur. Bizim Abbasağa adlı bir gözəl şairimiz var idi. Rəhmətlik yazmışdı:

Kişinin gündə  bu cür sərvət axırmış cibinə,

Qərq edir aldığını sanki o, dərya dibinə,

Hər şeyin vardır hüdudu, ola bilməz belə ibnə.

Əgər insafə gəlib, qol çəksə məvacibinə.

***

Cənab prezident!

Bu müraciətimi oxuyub, humanistlik edəcəyinizə əminəm.

İnanıram ki, Cəlilabad əhalisi arasında sizə qarşı inamsızlıq yaradan bir insanı, nəhayət layiq olduğu yerdə oturdacaqsınız. Son vaxtlar rüşvətxor nazirlərə layiqli cəzasını verməyiniz hamının ürəyindəndir. Taleh Qaraşovun da belə aqibət yaşayacağı günü 85 minlik Cəlilabad əhalisi səbirsizliklə gözləyir.

Sonda bir şeyi xatırlatmaq istəyirəm. Bizim Cəlilabadın sabiq icra başçısı Tofiq Bağırovun atasına heç vaxt rəhmət oxunmayacağını zənn edirdik. Görünür səhv etmişik. Taleh Qaraşov fikirləşdiyimizi alt-üst etdi. O, bu rayona ayaq basan gündən bütün camaat, xüsusən də onurğa sütunu qırılmış müdirlərin hamısı Tofiqin atasına rəhmət oxuyur.

Çox böyük hörmətlə: Məmmədəli BAYRAMOV.

Cəlilabad rayonu Səttərxan küçəsi, ev 88

***

Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oktay Şirəliyevə!

Surəti: Cəlilabad rayon xəstəxanasının baş həkimi Cavadxan Əliyevə!

Surəti: "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərziliyə!

Hörmətli nazir!

Ərizəmlə yazıb sizə bildirirəm ki, mən Bağırov Abuzər Adnaqulu oğlu 1970-cı il  10 sentyabrında Cəlilabad rayonu Seyidbazar kəndində anadan olmuşam. Ailəliyəm. Dörd övladım var. Heç bir yerdə işləmirəm. Üç uşağımın hər birinə ayda  iyirmi yeddi min müavinət alıram.

Özümüz də çox pis şəraitdə yaşayırıq. Yaşadığımız yer nəmişli-rütubətli olduğundan tez-tez xəstələnirik. Xəstəliyimizlə əlaqədar kənddə yerləşən həkim-ambulatoriyasında müraciət etməyə bir kimsə tapa bilmirik. Həmin yer çox yararsız və bərbad haldadır. Rayonun baş həkimi Rəhman Bağırovu aylarla iş yerində tapmaq olmur ki, dərdimizi deyək. Nəhayət  mən 2005-ci il  oktyabrın 17-də  Cəlilabad rayon xəstəxanasının baş həkimi Cavadxan Əliyevin qəbuluna düşə bildim. Şifahi surətdə narazlılığımı bildirdim. O məni diqqətlə dinlədi və şikayətimə ciddi yanaşacağını bildirdi.

Tibbi müayinədən keçməyə ehtiyacım olduğunu bildirəndə o məni qulaq-burun-boğaz həkimi Ağababa Ağaverdiyevin yanına göndərdi. Ağaverdiyev məni başdansovdu yoxlayandan sonra resept yazdı. Məndən 8000 (səkkiz min) manat pul köçürməyi tələb etdi. Mən ona pulum olmadığını deyəndə həkim Ağavediyev resepti məndən aldı.

Hörmətli Oktay müəllim!

Əli İnsanov kimi rüşvətxor bir nazirin yerlərdəki kadrları da təbii ki, özünə oxşayacaq. Bu və digər xoşagəlməz hallara Cəlilabad xəstəxanasında hər gün rast gəlmək olur. Əli İnsanovun sadiq kadrlarının"qayğısı" sayəsində səhiyyə sistemi rayonumuzda və kəndimizdə çox pis vəziyyətdədir. Rüşvətxorluq baş alıb gedir. Adi həkim rayon xəstəxanasının baş həkimini belə  eşitmir.

Sizdən çox-çox xahiş edirəm ki, mənim bu məktubumu diqqətlə nəzədən keçirib biz kasıblara qarşı haqsızlıq edən rüşvətxor, işbacarmaz bəzi tibb işçilərini cəzalandırasınız. Qorxulu xəstəliklərin kütləvi halda yayıldığı bir vaxtda heç bir tədbir görülmür.

Pulumuz yoxdur deyə heç yerə dərdimizə çarə edə bilmirik. Əli İnsanovun bu kadrları heç bir xəstənin pulsuz salamını da almırlar. Buna görə də xəstəliyimizi  müalicə elətdirə bilmirik.

Hörmətli Oktay müəllim!

Müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi sizdən artıq dərəcədə xahiş edirəm səsimizə səs verin. Həyat çox şirindir. Hamı yaxşı-yaman yaşamaq istəyir. Biz də yaşamaq istəyirik, ancaq sağlam və gümrah.

İmza: Bağırov Abuzər Adnaqulu oğlu.

Cəlilabad rayonu Seyidbazar kəndi"

Baramaqurdu

Əli İnsanovla Fərhad Əliyevin var-dövlət yığaraq, həbsxanalara düşməsi baramaqurdunun özünə tor qurub, sonra isə məhv olmasına bənzəyir

Mərhum prezident Heydər Əliyevin etimad göstərdiyi nazirlərdən ikisi YAP-ın və iqtidarın üzünü qara etdi.

On ildən çoxdur səhiyyə naziri olmuş Əli İnsanov, beş ilə yaxın iqtisadi inkişaf naziri işləyən Fərhad Əliyev heç demə neçə illər imiş ki, korrupsiya ilə məşğul olurmuş və heç kimin xəbəri yox imiş. Əksinə, indiyədək hər iki naziri Heydər Əliyev ideyalarına, prezident İlham Əliyevə ən sədaqətli məmur hesab ediblər. Amma...

***

Düzdür, sabiq maliyyə naziri Fikrət Yusifovun səhlənkarlığı üzündən (hərə bir ad düşünə bilər) böyük bir klan və ya mafioz  qrup zərərsizləşdirildi. Məsələn, Əli İnsanov Məhərrəm Əliyevlə quda idi və yəqin ki, ikinciyə də zərbə dəyəcək. Yaxud, Əli İnsanovla Misir Mərdanov yaxın dost idilər, yəqin ki, Misir müəllim dilxor ediləcək. Fikrət Sadıqovun başına gələnlərdən də dərs götürənlər çox olacaq. Amma daha çox zərbə yəqin ki, Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin direktoru olduğu "Azpetrol"la bağlı olanlara dəyəcək. Çünki "Azpetrol"un hər yanacaqdoldurma məntəqəsi bir məmurun idi...

***

Düzdür, hökumət rəsmiləri Əli İnsanovla Fərhad Əliyevin bu "işini" süni surətdə siyasiləşdirərək Rəsul Quliyevə bağladılar. Bu da səbəbsiz deyildi. Çünki əgər bu "işi" öz doğma adı ilə çağırıb "korrupsiya" damğası vursaydılar, belə çıxardı ki, mərhum prezident H.Əliyev görəsən niyə bu təyinatlarda səhv edib? Yaxud, düşünməyə əsas olardı ki, əgər H.Əliyevin təyin etdiyi nazirlər qorxu bilmədən bu qədər xalq malını, dövlət vəsaitini dağıdıblarsa, gör indi təyin edilənlər nələrlə məşğuldur?!

***

Hər halda, böyük dərsdir: Misir Mərdanov üçün də Kəmaləddin Heydərov üçün də... Və digərləri üçün də...

Amma sonda bir məsələni qeyd etməyə bilmirəm. Yadıma hamının tanıdığı barama qurdu düşür. Barama qurdu yarpağın ən dadlı şirəsini sorur və sonra başlayır özünə tor qurmağa. Nəhayət, bu tor ona qəfəsə çevrilir, axırda məhv olur.

Düzdür, barama qurdunun bu hərəkəti xeyirxah məqsəd daşıyır. Amma çox təəssüf ki, bizim nazirlərin bütün niyyəti xalqın və dövlətin ziddinə olmaqla, həm də özlərinin, bütün qohum-dostlarının axırına çıxmasına hesablanmış olur.

A.MƏMMƏDLİ

Osman Nəzirov "nəzir" deyibmiş

Amma kimə, nə üçün, bax bu, Qazax əhli üçün müəmmalıdır

Bu yaxınlarda ağzıgöyçəklərdən biri aləmə car çəkib ki, Osman Nəzirovun "nəzir" yerini öyrənib. Osman həkim Sərdar Cəlaloğluna və başqalarına tez-tez qonaqlıq verir. Hələ evinə də bir neçə dəfə dəvət edib. Niyyət edib ki, Sərdar Cəlaloğlu yüksək vəzifəyə gedən kimi "nəzir" paylayacaq.

Bu əhvalatı bəzi vəzifə sahibləri də bilirmiş. Nə isə "bir daş altdan, bir daz üstdən" qoyublar. Biz də Osmanın "nəzir" əhvalatını eşidən kimi Qazax uşaq xəstəxanasına üz tutduq.

Osman həkimlə kabinetində görüşdük. Hiss etdik ki, həkimi kreslosuna kimsə otuzdurur, kimsə qaldırır. Çünki həkimin tərpənişi hər şeydən xəbər verirdi. Telefonun dəstəyini belə qaldırmağı bir neçə dəqiqə çəkdi.

Osman Nəzirov özündən çox razı halda:

- Uzun müddətdir uşaq xəstəxanasına rəhbərlik edirəm. Heç kəsin "duxu" çatıb mənə "gözün üstə qaşın var" deyən olmayıb. Deyənləri də "peşman" etmişəm. Bir dəfə bir qəzetdə haqqımda tənqidi məqalə getmişdi. Canım-ciyərim, arxa-dağım  Əli İnsanov mənə dedi ki, heç kefini pozma. Acığa mənə əməkdar həkim adı verdi. Hamının pisliyi özünə qaldı.

...Bizə aydın oldu ki, Osman Nəzirov keçmiş səhiyyə naziri Əli İnsanova arxayın olub "qaz vurub-qazan doldurur". Odur ki, Osman həkimin kabinetini tərk edib, jurnalist araşdırmasına başladıq. Xəstəxanadan 100-dən çox işçidən yalnız 36 nəfərini görə bildik. Adının çəkilməsini istəməyən bir nəfər dedi:

- Qardaş, vallah, elə işçilər var heç üzünü görmürük. Elələrini yalnız baş həkim Nəzirov özü tanıyır. Yalandan sənədlər yazılır ki, guya filan qədər xəstə uşaq var. Buyur, palatalara bax. Vur-tut bu gün ikicə nəfər xəstə var. Amma kitabda 16 nəfərdir. Sizcə, bu palatalarda xəstə dura bilərmi? Xəstəxananın texniki işçilərinin, mətbəx işçilərinin nə iş gördüyünü deməyə adamın dili gəlmir. Bax, o otaq guya mətbəxdir.

...Otağa baxanda təəccübləndik. Həmin mətbəx deyilən yerdə 5-6 ədəd qab-qacaq, bir ədəd işləməyən qaz pilətəsi vardı. Qalan otaqların nə ilə qızdırıldığını heç kəs cavab verə bilmədi. Bir sözlə, həmin xəstəxanada heç bir xidmətdən danışmağa dəyməz. Əli İnsanovun müdafiə etdiyi Nəzirovun rəhbərlik etdiyi xəstəxanada yaxşı nə görə bilərdik ki?

Qəribədir ki, 75 yaşlı Osman həkimin hələ könlündən yuxarı vəzifələr də keçirmiş.

Maraqlıdır, özünü güclə idarə edən Osman həkim xəstələri necə müayinə edir?

Düşündüyümüz bu suala özümüz cavab verməli olduq. Deyənlər oldu ki, O.Nəzirovun müalicə etdiyi xəstələrin əksəriyyəti şikəst olub. Xəstə ölüm ayağına düşəndə sahibini çağırıb deyir: "Tiflisdə, Bakıda yaxşı həkim dostlarım var. Xəstəni təcili oraya aparın".

Belə bir el məsəli var. "Suda boğulan saman çöpündən yapışar". Yazıq xəstə sahibləri də O.Nəzirovun şirin dilinə aldanıb ondan imdad diləyir. Axırı da puç olur. Osman həkim ona görə belə edir ki, ölüm hadisəsindən kənarda qalsın. Qalır da...

Bir sözlə, Osman həkim çox anaların gözünü yaşlı qoyub.

Xəstəxananın girişinə nəzər salanda bizi vahimə basdı. Xəstəxananın binasına bitişik maşın təmiri sexlərinin kimə məxsus olduğunu öyrənməyə cəhd etdik. Dedilər ki, Osman həkimlə razılaşıblar...

(Ardı var)

Vəkil RÜSTƏMLİ

Hosted by uCoz