Hökumət
inflyasiyanın qarşısını necə alır?
Bu
ilin əvvəllərində inflyasiya 2005-ci il üçün
proqnozlaşdırılan səviyyəni aşaraq 7,6 faizə
qalxandan sonra ölkədə istər ictimai müzakirələrdə,
istərsə də rəsmi səviyyədə bu prosesin qarşısının
alınması yolları axtarılmağa başlanıldı.
Mayın 31-də prezident İlham Əliyev "Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi
haqqında" fərman imzaladı.
O
vaxtdan 3 ay keçir. Bu müddətdə hökumətin
antiinflyasiya tədbirlərini gücləndirmək
məqsədilə atdığı addımların real
nəticələri nədən ibarətdir? Prezidentin
fərmanı inflyasiya gözləntilərinin qarşısının
alınmasında nə kimi rol oynayıb?
Bu
məqsədlə Müsavat Partiyasi İqtisadiyyat Komissiyasının
sədri Qubad İbadoğluna müraciət etdik.
Qubad
İbadoğlu: "İqtisadiyyatın indiki perspektiv gözləntilərinin
təhlili göstərir ki, inflyasiya ilə bağlı
proqnozlar nəinki bu payız, hətta orta müddətli bir dövrdə
də aktual olacaq. "Antiinflyasiya tədbirlərinə nə
qədər üstünlük versək də, iki
rəqəmli inflyasiya Azərbaycan hökuməti və Milli
Bankın qarşısında mürəkkəb
məsələlərdən biri kimi qalır. Bunu şərtləndirən
amillər isə həm ölkə iqtisadiyyatının mövcud
xarakteri, həm də dünya iqtisadiyyatı ilə
əlaqədardır".
Q.İbadoğlunun
sözlərinə görə, neft gəlirlərinin, xarici
investisiyaların artması istər-istəməz inflyasiya yaradır.
Valyuta gəldikcə Mərkəzi Bank milli valyutanı bahalaşdırmağa
məcbur olur. Bu bir tərəfdən antiinflyasiya xarakteri daşısa
da, digər tərəfdən manatın bahalaşması
qeyri-neft sektorunda ixrac potensialının
zəifləməsinə gətirib çıxarır, ölkə
iqtisadiyyatının beynəlxalq miqyasda rəqabət imkanlarını
aşağı salır. Nəticədə hökumət
üçün əlavə problemlər yaranır. Belə
olan tədbirdə hökumət başlayır milli valyutanın
bahalaşması tempini aşağı salmağa.
Q.İbadoğlu
manatın bahalaşmasının qarşısını almaq
üçün aparılan əməliyyatları üç
qrupa bölür.
Birincisi,
açıq bazar əməliyyatlarıdır.
Mərkəzi
bank öz istiqraz vərəqələrini satışa çıxarır.
Dövriyyədə olan manat kütləsini götürür
və milli valyutanın gəlirliyini artırmaqla insanları
manatın alınmasına cəlb etmək üçün
onun faizini yüksəldir: "Amma faiz dərəcəsinin yüksək
olması uçot dərəcəsinin də yüksəlməsinə
gətirib çıxarır, bu da kredit bazarında bahalaşma
yaradır".
İkincisi,
istiqamət məcburi ehtiyat normaları ilə bağlıdır:
"Bu istiqamət seçilsə, onda Milli Bank məcburi
ehtiyat normalarını qaldırmaqla bankların kapitallaşma
səviyyəsinin yüksəlməsinə nail olmağa
çalışacaq ki, banklar rəqabətə dözə
bilsin və bu əməliyyatlar inflyasiyanın qarşısını
almağa yönəlsin".
Üçüncü
qrup əməliyyatlar isə dövlət depozitlərinin
idarə olunması istiqamətindədir. Bura neftdən
gələn vəsaitlər aiddir: "Lakin həmin
vəsaitlər təkcə ölkəyə daxil edilmir,
həm də ölkədən çıxarılır. Və
o vəsaitlər ölkə bazarında yox, kənardan
idarə olunur".
Manatın
bahalaşması prosesinin Azərbaycanda yerli istehsalı aşağı
salmasına, idxalı isə gücləndirməsinə dair
faktları sadalayan, bu ilin 5 ayının
nəticələrinə görə, ölkəmizdə idxalın
144,5 faiz bahalaşdığını, deməli, ölkə
bazarına bahalı malların idxal edildiyini və bahalı
mallarla bərabər bir növ inflyasiyanın da idxal olunduğunu
söyləyən Qubad İbadoğlu bildirir ki, hazırda mövcud
kursdan irəli gələrək maliyyə sektorunda çox mürəkkəb
vəziyyət yaranıb. Milli Bank çətin labirintə düşüb:
"Belə bir fikir formalaşa bilər ki, Milli Bank manatın
bahalaşmasına rəvac vermir və qeyri-neft sektorunun inkişaf
potensialını aşağı salır. Əslində, Milli
Bankın başqa çıxış yolu yoxdur. Çünki
manatın, idxal mallarının bahalaşması aparılan
neft siyasətinin nəticəsidir. Bu, son nəticədə
"Hollandiya xəstəliyi"nin simptomlarının yaranmasına
gətirib çıxaracaq".
Q.İbadoğlunun
fikrincə vəziyyətin bu cür alınmasına
səbəb inhisardır, məhsulları Azərbaycana bir
şirkət gətirəndə belə vəziyyət yaranır.
Bir neçə şirkət öz aralarında qiymət
siyasətini razılaşdırır, bazar yenidən bölüşdürülür
və yeni qiymətləri bahalaşdıran süni amillər
aradan qalxmır.
Oğuz
ƏZİZ
İnhisarçılar
həbs oluna bilər
Əgər
hökumət onların adını və əməlini
rəsmiləşdirə bilsə...
İqtisadi
İnkişaf Nazirliyi ilə Dövlət Statistika
Komitəsinin idxalla bağlı keçirdiyi monitorinq məlum
etdi ki, ölkədə inhisarçılıq var.
Bəs
bu inhisarçılığı kim yaradır? Onun başında
duran kimdir?
İndi
ölkədə bu sahədə rəhbərlik
edənlərin kimliyini və ya onların əməllərini
hamı bilir. Lakin bilmək hələ hər şey demək
deyil.
***
Yəqin
ki, adi taksi sürücüsü inhisarçılığı
yaradan o bəstəboy-general məmuru yaxşı tanıyırsa,
deməli, Artur müəllim baş nazir kimi onu lap yaxşı
tanımalıdır. Elə prezident İlham Əliyev də.
Bəs
həmin o bəstəboy inhisarçının adını
niyə çəkən yoxdur?
İnhisarçıların
cinayət əməlləri CM-də açıqca göstərib
Mərhum
prezident Heydər Əliyevin 28 sentyabr 2002-ci il tarixli fərmanı
ilə sahibkarlığın inkişafına müdaxilələrin
qarşısını alan tədbirlər görüldü.
Bununla bağlı o vaxt CM-nin bəzi maddələri üzrə
istintaq hərəkətləri hüquq-mühafizə orqanlarından
alınaraq Vergilər Nazirliyinə verildi.
Məsələn,
fərmanın 13-cü bəndində göstərilir:
"...Azərbaycan
Respublikası CM-nin 199-cu (İnhisarçılıq
hərəkətləri və rəqabəti məhdudlaşdırma)
maddəsində göstərilən cinayətlərin
əlamətləri aşkar olunduqda göstərilən işlər
üzrə ibtidai istintaq Vergilər Nazirliyi
tərəfindən aparılır".
Beləliklə,
ölkəmizdə inhisarçılar da məlum, onların
cinayət əməlinin göstərici olan Cinayət
Məcəlləsinin maddəsi və istintaqı aparacaq
nazirlik də. Məlum olmayan isə budur ki, bəs ortada
hərəkət niyə yoxdur?
M.ƏLƏSGƏR
Cəzaçəkmə
Müəssisəsində heroin dövriyyəsi
Jurnalist
Şövqi Vaqifoğlu 6 saylı Cəzaçəkmə Müəssisəsində
heroin dövriyyəsi olduğunu iddia edib
"Hazırda
6 saylı Cəzaçəkmə Müəssisəsində
saxlanılan jurnalist Şövqi Vaqifoğlunun
həyatı təhlükədədir".
Bu
məlumat APA-ya Ş.Vaqifoğlunun Hüquqlarını Müdafiə
Komitəsindən daxil olub.
Müdafiə
Komitəsi bildirib ki, jurnalistin cəzaçəkmə müəssisəsində
heroin dövriyyəsinin təşkilatçılarının
izinə düşməsi və onları ifşa edən müraciətlər
hazırlaması müəssisənin rəisi, ədliyyə
polis polkovniki Elmar Əlişirovun narahatçılığına
səbəb olub. Jurnalist MK-nın onunla görüşən
üzvlərinə bildirib ki, ona mütəmadi təzyiq edilir.
Ş.Vaqifoğlu
bildirib ki, narkotik maddələr müəssisəyə buranın
işçiləri tərəfindən gətirilir və yayılır.
Onun sözlərinə görə, müəssisənin işçiləri
özlərinə yaxın dustaqlar vasitəsilə narkotiki
kolonda yayır, amma bunu başqa dustaqlara aid edərək, onları
karserə salır, başqa müəssisəyə köçürür,
guya narkotikə qarşı mübarizə apardıqlarını
deyirlər. S.Vaqifoğlu bildirib ki, ona bu barədə danışmamaq
və məlumat verməmək barədə xəbərdarlıqlar
olunub. Ş.Vaqifoğlu onunla bağlı baş verə
biləcək istənilən bədbəxt hadisənin
məsuliyyətini təkcə Elmar Əlişirov yox,
əvvəllər saxlanıldığı 2 saylı CM-nin
rəisi İsa Kazımov, 6 saylı kolonun sabiq rəisi Mahir
Əliyev, MQİBİ-nin Müalicə Müəssisəsinin
rəis müavini Kazım Abdullayev də daşıyacaq.
Jurnalist
bildirib ki, bu günlərdə 6 saylı CM-də dəstə
rəisi vəzifəsində çalışan,
ədliyyə polis mayoru Əli adlı zabit də ona fiziki zor
tətbiq edib. Bundan sonra Ş.Vaqifoğlu milli təhlükəsizlik
naziri Eldar Mahmudov, Ombudsman Elmira Süleymanova, ədliyyə
naziri Fikrət Məmmədov, Mətbuat Şurasının
sədri Əflatun Amaşova
müraciət edib.
Məhkəmə
Qərarlarının İcrası Baş İdarəsinin
qərargah rəisi Musa Hümbətov açıqlamasında
hansısa məhkumun CM-də narkotika dövriyyəsi ilə bağlı
məlumatı aidiyyəti orqanlara verməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ
ilə bağlı araşdırılma aparılmadan şərh
vermək düzgün deyil: "Bəzən elə olur ki,
məhkumun barəsində tədbir görüləcəyi
barədə xəbərdar olur və şantaja keçir. Buna
görə də faktların araşdırılmasına
ehtiyac var".
M.
Hümbətov onu da qeyd edib ki, 6 saylı CM-də son vaxtlar
həqiqətən də bir neçə nəfərdən
narkotik maddə tapılıb: "Rəhbərlik bu
məsələ ilə mübarizə aparır və problemi
tam həll etməyə çalışır. Rəisi bu işdə
günahlandırmaq məntiqsizlikdir".
"Mən
Şövqü Vaqifoğlu ilə cəmi iki dəfə görüşmüşəm.
Ona təzyiq göstərməyim barədə deyilənlər
tam cəfəngiyatdır".
Bunu
APA-ya 6 saylı Cəzaçəkmə
Müəssisəsinin (CM) rəisi Elmar Əlişirov deyib.
Rəis bildirib ki, Ş. Vaqifoğlunun işi-gücü
məktub yazmaqdır: "Əgər belə fakt varsa, onda
məktub yazmaq yox, barəmdə cinayət işi başlamaq
lazımdır. Bu sözlərin heç bir əsası yoxdur".
E.
Əlişirov deyib ki, son vaxtlar CM-dəki bəzi
məhkumlardan narkotik maddələr aşkarlanıb və onlar
barədə cinayət işi qaldırılıb. Rəis
həbsxana işçilərinin bu işlərdə əlinin
olmadığını bildirib.
Hakimiyyət
qərbin təkliflərini hələ də tam həyata keçirməyib
ATƏT
sədri Dmitri Rupel: "Hakimiyyət beynəlxalq təşkilatlar
tərəfindən söylənilmiş təkliflərin müəyyən
qismini yerinə yetirib"
ATƏT-in
fəaliyyətdə olan sədri, Sloveniyanın xarici işlər
naziri Dmitri Rupel bu gün səhər saat 4.00-da Bakıya
gəlib. Elə bu gün XİN-də onun və Azərbaycan
xarici işlər naziri Elmar Məmmədyarovun qısa brifinqi
keçirilib (APA).
Elmar
Məmmədyarov bildirib ki, ATƏT sədrinin il ərzində
Bakıya iki dəfə səfər etməsini bu təşkilatın
Azərbaycana artan marağının sübutudur. Dmitri
Rupelə Ermənistan-Azərbaycan danışıqları
barədə məlumat verdiyini deyən E. Məmmədyarov ATƏT-in
bu prosesə mümkün dəstəyi ilə bağlı müzakirə
apardıqlarını, eləcə də Azərbaycan-Sloveniya
ikitərəfli əlaqələri barədə danışıldığını
deyib.
Dmitri
Rupel isə Bakıda QHT, müxalifət nümayəndələri
ilə görüşdüyünü, nazir Elmar
Məmmədyarov, və prezident İlham Əliyev və Dağlıq
Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami
Bəhmənovla görüşdüyünü deyib: "Mənim
apadığım danışıqlarda əsas mövzu Dağlıq
Qarabağ probleminin həlli, Milli Məclisə seçkilər
və Sloveniya-Azərbaycan ikitərəfli münasibətlərinin
inkişafı olub".
O,
prezident İlham Əliyevin Sloveniyaya səfər
edəcəyinə ümidvar olduğunu da deyib.
Dmitri
Rupel Dağlıq Qarabağ konfliktinin nizamlanmasına dair aparılan
danışıqlar barədə müsbət fikirdə olduğunu
söyləyib: "Danışıqlar davam etdikcə mövqelər
yaxınlaşmalıdır".
ATƏT
sədri Azərbaycan hökumətinə ATƏT-in seçkilərə
marağını dəstəklədiyinə görə,
minnətdarlıq bildirib, təmsil etdiyi qurumun müşahidə
missiyasının üzərinə böyük
məsuliyyət düşdüyünü söyləyib. Seçkiqabağı
vəziyyətə qiymət verərək o, hakimiyyətin seçki
sahəsində atdığı addımları yüksək
qiymətləndirib, beynəlxalq təşkilatlar
tərəfindən söylənilmiş təkliflərin müəyyən
qisminin yerinə yetirildiyini, noyabra kimi digərlərinin də
yerinə yetiriləcəyinə ümid etdiyini deyib. Seçkilərlə
bağlı onu narahat edən məsələnin isə
hələ də seçki
siyahılarının hazır olmamasıdır. O, seçkilərə
kimi düzgün siyahılar tərtib olunacağına da inandığını
deyib.
XİN
başçısı Elmar Məmmədyarov Azərbaycan
və Ermənistan prezidentlərinin Kazan görüşünü
uğursuz adlandırılmasına etiraz edib, görüşdə
tərəflərin danışıqları davam etdirib,
nəticə ilə bağlı həmsədrlərə
məruzə etmələri barədə razılığa
gəlinib. Bundan sonra yeni danışıqların keçirilməsi
gündəmə gələcək.