Əsirlikdən azad edilmiş əsgər indi də həbsxanaya düşüb

Əsgər Xəyal Abdullayevin qoca nənəsi redaksiyamızdan kömək istədi

Ermənilər tərəfindən əsir götürülmüş üç əsgərimiz may ayının 7-də Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Azərbaycanın aidiyyəti orqanlarına təhvil verildi, amma...

Həmin əsirlərdən biri, 1986-cı il təvəllüdlü Abdullayev Xəyal İdris oğlunun ailəsindən verilən məlumata görə, onlar buraxıldıqdan bir neçə gün sonra Tərtər rayonundan tanımadıqları bir müstəntiq evlərinə zəng vuraraq bildirib ki, X.Abdullayevin işi məhkəməyə verilib və işə onun tərəfindən baxılacağı üçün onlar mütləq Tərtərə gəlməlidirlər.

Xəyalın qoca nənəsi 73 yaşlı Səhərgül Abdullayeva (anası Azərbaycanda yaşamır) Tərtər rayonuna gedir, lakin heç kimdən nəvəsi haqqında məlumat əldə edə bilmir. Belə olan təqdirdə, onlar yenidən sorğu üçün Qırmızı Xaç Cəmiyyətinə müraciət ediblər. Cəmiyyətdən onlara bildiriblər ki, onlar üzərlərinə düşən missiyanı yerinə yetiriblər və əsirləri Dövlət Komissiyasına təhvil veriblər.

Dövlət Komissiyasından isə Xəyal barədə məlumat almaq istədikdə isə, onlara məsləhət görüblər ki, Müdafiə Nazirliyinə müraciət etsinlər.

Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayan nənəyə bildiriblər ki, əsgərləri göndəriblər xidmət etdikləri hərbi hissəyə.

Ancaq on gün əvvəl tanımadıqları başqa bir adam (həbsxanada olan uşaqlardan birinin valideyni) onların evinə gələrək bildirib ki, Xəyal Gəncə həbsxanasında yatır və ailəsinin ona ərzaq, yataq ləvazimatı göndərməsini deyib. Xəyalın nənəsi Gəncə həbsxanasına gedir, lakin nəvəsi ilə görüşməyə icazə verilmir.

Nənəni narahat edən odur ki, nə üçün Xəyalın həbsxanada saxlandığını ona xəbər verməyiblər?

Xəyalın ailəsinin məlumatına görə, uşaqlar həbsxanada işgəncələrə məruz qalıb, hətta yoldaşlarının birinin bədəninə siqaret basılıb.

Belə olan halda, Xəyalın nənəsi uşaq barədə yenidən məlumat almaq məqsədilə Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar adlı şəxslə əlaqə saxlayıb, cavab isə belə olub: "Siz narahat olmayın. Həmişə əsirlikdən qayıdanların qarantin müddəti olur".

İyunun 1-də isə yenidən xəbər gəlib ki, Xəyalı Bakıya gətiriblər. Nənə Müdafiə Nazirliyinin mətbuat xidmətinə yenidən müraciət etdikdə yaşlı qadın kobudluqla üzləşib. Ona bir nəfər bildirib ki, o, heç kimə hesabat vermir.

Qoca nənənin sözlərinə görə, Xəyalın atası Qaradağ həbsxanasında oğlunun nahaqdan tutulmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirib və hətta orada xəstəxanada yatıb.

Nənənin dediyinə görə, Xəyal Abdullayev əqli cəhətdən zəif olduğu üçün onu Gəncədəki 41 saylı məktəbin direktoru vaxtı ilə 1-ci sinifdən çıxarmış və onlara uşağı 45 saylı əqli cəhətdən zəif uşaqların təhsil aldığı məktəbə aparmalarını tövsiyə etmişdir. Lakin Xəyalın anası əri məhkum olduqdan sonra Moskvaya getmək məcburiyyətində qalıb. Xəyal isə orta təhsil almayıb və oxuyub yazmağı da bacarmır. 2004-cü ildə Azərbaycana gələn Xəyal əqli geriliyi olmasına baxmayaraq (lakin əvvəllər ailə həkimə müraciət etmədiyi üçün Xəyalın həkim arayışı yoxdur), onu hərbi xidmətə aparıblar.

Artıq neçə vaxtdır ki, Xəyalın qoca nənəsi hər gün nəvəsinin axtarışına çıxır, lakin aidiyyəti orqanlar ona heç bir dəqiq məlumat vermir, onu yollarda süründürürlər. Xəyalın nənəsi nəvəsinin erməni əsirliyində olarkən onun barəsində vaxtlı-vaxtında məlumat aldığını, lakin öz vətənində isə Xəyalın heç bir günahı olmadan həbs edildiyini və dəqiq yerinin bilinmədiyini söyləyir. Nənə nəvəsini əsgəri xidmətə yola saldığı üçün çox peşman olduğunu da bildirir.

Təqaüdlə güclə dolanan nənə artıq nəvəsi haqda məlumat almaq üçün nəqliyyata yol pulu belə tapmadığını dilə gətirdi və redaksiyamızdan kömək istədi...

M.HÜSEYN

P.S. Qoca nənəni qapılara salan Müdafiə Nazirliyi nə üçünsə hələ də susur... Susmaq isə bu dəfə heç də qızıl yox, Qırmızı Xaç Cəmiyyətinin tez-tez ermənilərdən geri aldığı çoxsaylı Azərbaycan əsgəri deməkdir. Bu əsgərlərdən biri də Xəyal Abdullayevdir. Hansı ki, komandirinin mürgüsü ucbatından əsir düşüb. Bu lap ona bənzəyir ki, canavar sürüdən bir quzu oğurlayır, amma çobanı yox, quzunu ittiham edirlər...

Ekologiyaya zərbə endirilir

Təbiətə qayğı, ekoloji cəhətdən qorunub-saxlanması həmişə dövlətin başlıca məqsədi olub. Təəssüf ki, respublikanın əksər bölgələrində sağlamlığımız xətrinə yaşıllığı artırmaq, o cümlədən təbiəti göz bəbəyi kimi qorumaq əvəzinə ona ikiqat zərbə endirilir.

Buraya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi üzrə ekologiya və təbii sərvətlər şöbəsinin əhatə etdiyi Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları daxildir.

Qeyd edək ki, şöbəyə vaxtilə sözügedən nazirliyin işçisi olmuş Rafael Quliyev rəhbərlik edir. Həftənin dörd gününü şöbənin Qazaxda yerləşən iş yerində, üç gününü isə Bakıda keçirən R.Quliyevdən hansı işin keyfiyyətini soruşmaq olar?

Adları çəkilən rayonlarda, xüsusilə də Qazaxda qanunsuz kəsilən ağaclar, şəhəri tüstü-dumana bürüyən gəc sexləri, görəsən, Rafael Quliyevin hansı müsbət işindən xəbər verir? Başı şöbədəki işçilər arasındakı çəkişmələrə qarışan, dedi-qodulara maraq göstərdiyi üçün təbiəti tamamilə unutmuş R.Quliyevin zəbt etdiyi vəzifənin sükanını itirməsi çoxlarını narahat edir.

Görünür, bu məsələnin yoluna qoyulması üçün ekologiya və təbii sərvətlər naziri cənab Hüseyn Bağırovun şəxsən özünün məşğul olması vacibdir.

Bəlkə ondan sonra rayonlarımızın təbiətinə işıq düşə...

V.RÜSTƏM

Qəhrəmanın xatirəsi anılmadı

Qazax avtovağzalının qarşısında qoyulmuş Müseyib Allahverdiyevin əzəmətli büstü həmişə diqqəti cəlb edir. O, Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır

Qeyd edək ki, Müseyib Allahverdiyev 1936-cı ildə hərbi siyasi məktəbi bitib, Böyük Vətən müharibəsində batalyon komandiri olub. Müharibədə göstərdiyi şücaətlərə görə 1945-ci ildə sağlığında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Amma...

Təəssüflər olsun ki, faşizm üzərində qələbənin 60 illiyi münasibəti ilə nə hər iki rayonun rəhbərliyi, nə də qəhrəmanın qohum-əqrəbası tərəfindən büstün önünə bir dəstə çiçək belə qoyulmadı. Büstün ətrafına qulluq etmək isə demək olar ki, tamamilə unudulub. Hər gün büstün yanından keçənləri həm qəhrəmanın yaxınlarının, həm də aidiyyəti təşkilatların Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin xatirəsinə etinasızlığı düşündürür...

Vəkil RÜSTƏM

Bələdiyyə sədri peşman etdi...

Həmkarım Vəkil Rüstəmin rəhbərlik etdiyi "Fakt+Fakt" qəzetinin yaxın ötən sayında dərc etdiyi "Vahid Bankın fırıldaqçı varisi indi nəyin varisi olmaq istəyir?" məqaləsini bəlkə də oxuyub, heç cavab yazmazdım. Ancaq onun haqlı olaraq Qazax Bələdiyyəsinə ötən il Ruslan Həsənəli oğlu Xasayevin sədr seçilməsində məni günahkar bilməsi, bir neçə söz deməyimə vadar etdi.

(Əvvəli 28 may tarixli yazıda)

Qazax Bələdiyyə sədri Ruslan Xasayevin işlədiyi beş ay müddətində Qazax əhalisinə etdiyi xidmətlərə nəzər salanda, onun ancaq özünə və özü əqidədə olanlara köməyindən savayı bir şey görmürsən.

Doğrudan da, adamın görmədiyi günə düşməsi yaman olurmuş. Özünü elə aparır, elə hərəkət edir ki, heç elə bil paltarları yaşadığı evin qabağında həyat yoldaşı tərəfindən yandırılan Ruslan deyil. R.Xasayevi görkəmə salan əsas pul mənbəyi vaxtilə Azərbaycanda maxinasiya yuvalarından olan "Vahidbank"ın Qazax filialı olmuşdur. Bu, rayon camaatına daha yaxşı məlumdur. Belə ki, yazıq yetim-yesir uduzsa da, gözləri bu gün də arxasında qalan pullarla, qazanan Ruslan bəy oldu. Qırmızı Körpüdəki bazara, şəhərdəki yük maşınları avtobazasının həyətində böyük bir un dəyirmanına şəriklik, neçə-neçə ticarət obyektlərinə sahiblik, yaşadığı imarətin yenidən tikilişi ilə ətrafdakı mağazaları sıxışdırıb ləğv etdirmək, gündə bir minik avtomobili dəyişmək kimi, eyni zamanda xoşagəlməz digər məqsədlərə nail oldu.

Qəribədir ki, Qazax əhalisinin "Vahidbank"da milyonlarla vəsaitini mənimsəyən, onlara göz yaşları bəxş edən Ruslan Xasayev mühakiməsiz-filansız rayon əhalisi içərisindədir. Bu cür pislikdən sonra onun Qazax Bələdiyyəsinə hansı yolla seçilməsi (üstəlik, sədr) də şübhə altına alınır. Ruslan bəy həm də torpaq zəbt etməkdə pərgar şəxslərdəndir. Bəlkə də o, bunun qanunları yaxşı bilməməsindən irəli gəlir. Çünki qanunları yaxşı bilsə bu cür "riskə" getməz.

Qarşımdakı sənəd dediklərimizi açıqca təsdiq edir. Həmin sənəddə vaxtilə Qazax rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin avqust 1977-ci il, 17 saylı protokolunda məsul şəxslərin imzası ilə Qazax rayon istehlak cəmiyyətinə yeni tipli yeməkxana binası tikilməsi üçün Tbilisi-Qazax şosse yolu ilə yanacaq doldurma məntəqəsi arasında olan "Qafqaz" sovxozunun istifadəsiz torpağından 3 hektar ayrılmasına qərar verilir. Qərara uyğun həmin yerdə böyük bir restoran ("Qarabağ") tikilir.

Bəli, bu, 1977-ci ildə baş verir. Bəs Ruslan Xasayev bələdiyyə sədri seçildikdən sonra restoran nə ilə qarşılaşır? Əlbəttə ki, vəzifəyə qərəzli, şəxsi maraqlarını həyata keçirməyə, çoxlarının çoxdandır ki, çırağını söndürməyə can atan Xasayevin qəzəbi və "təmiz ürəyi" ilə. Restorana ayrılmış 3 hektarın (tikinti qalmaqla) ətrafını zəbt etməyə başlayır. Soruşanda da, bildirir ki, "həmin qərar köhnə şeydir, ləğv edilib, mən bu yeri sabiq icra başçısı Əsəd Orucovun göstərişi ilə torpaq şöbəsinin müdiri Vaqif Qocayevdən almışam".

***

Bu da onun cavabı. Buradan belə çıxır ki, həmin ildə verilmiş qərarlar etibarsız sayılır. Üstəlik, Ruslan Xasayevin "ev-eşiyi də". Nə olar, atalar demişkən: "Dəvədən böyük fil də var".

Yəqin ki, bu işlə Qazax rayon Məhkəməsi bacarmasa, başqa məhkəmələr məşğul olacaq. Tezliklə bu cür özbaşınalıqlara və vəzifədən sui-istifadə hallarına xitam veriləcək.

Araşdırmalardan bəlli olur ki, R.Xasayev Qazaxda naməlum səbəbdən dillərə düşmüş "xeyriyyəçilik"dən çox pisliklə məşğuldur, həm də yalnız özünə kölgə salandır. Artıq deyilənlərə görə, irili-xırdalı bir neçə sahələrə özününkülərini qoymaqdadır. Maraqlıdır ki, vaxtilə hazırkı hökumət rəhbərlərini "baltalayan" Qazax Bələdiyyə sədri Ruslan Xasayev gələcək üçün indi hansı planlar cızır? Hər gün yatıb-duranda yeni "yaxşılıqlar" barədə düşünür?

***

Gəlin tələsməyək. Bələdiyyə sədrinin beş ay ərzində gördüyü işləri nəzərdən keçirərək, yenidən atalar sözlərinə istinad edib hələlik fikirlərimi belə tamamlayıram: "Yaman günün ömrü az olar".

İlham HACALI

Növbəti Gülməmməd Məmmədov oldu

Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsində son zamanlar baş verən islahatlar əfsuslar olsun ki, yalnız kadr dəyişikliyi ilə məhdudlaşır

Belə ki, burada ən çox cibini dolduraraq qohumbazlıq edən Aydın Qasımov işdən azad edilib, idarə rəisinin maliyyə və təsərrüfat işləri üzrə rəis müaivni polkovnik Gülməmməd Məmmədovun işində qalması çoxlarını təəccübləndirdi. Lakin görünür ki, kimlərsə Gülməmməd bəyin fəaliyyətinə həqiqətən də qanun çərçivəsində nəzər yetirə biliblər.

Mətbuatın "dostu" olan, bir faktı gizlətmək üçün 2000 ABŞ dolları tərləyən Gülməmməd müəllimin işdən çıxması ayda bir dəfə ona baş çəkib aylığını alan bəzi qəzet təsisçilərinin bazarını bağladı. Vaxtilə "Tender" oyunları ilə bir qəzet təsisçisi tərəfindən şantaj olunan Gülməmməd bəy axır ki, rahat nəfəs ala bilər. Daha həmin qəzet təsisçisi Gülməmməd bəyi "sən məhbusların ərzaq və digər təminatları üçün dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyirsən" - deyə hədə-qorxu gəlib ondan ayda 300 ABŞ dolları ala bilməyəcək. Çünki əlaqədar təşkilatlar özü bu qanunsuzluqları aşkarladı. Sən demə, Gülməmməd Məmmədov məhbusları yararsız ərzaq məhsulları ilə təmin edirmiş. Öz aramızdır, bəs həmin qəzet təsisçisinə o verdiyi pulları hardan tapaydı? Elə bilirsiniz ki, şantaj olunan təkcə Gülməmməd Məmmədov idi? Yox, bazanın rəisi Cavanşir də onunla birlikdə şantaja məruz qalmışdı.

Gülməmməd Məmmədov Azərbaycandakı həbsxanaların ərzaq, geyim və s. təminatları ilə bağlı keçirilən tenderlərdə vəzifəsindən sui-istifadə edərək öz qohumlarını, əsasən də oğlunu qalib elan etmişdi. Əslində Aydın Qasımovun belə işlərdə heç əli də yox idi. O, sadəcə olaraq işlədiyi sahədə öz qohumlarını işlə təmin etmişdi ki, işdən çıxandan sonra qohumları da ədliyyə sistemindən qovuldu.

Gülməmməd Məmmədovun oğluna məxsus olan "Pak-Xəzər" firması isə hər il qalib elan olunurdu.

Gülməmməd Məmmədov işindəki ciddi qüsurlara görə işdən azad edildi. Amma öz aramızdır, onsuz da bu işdə saçını ağartmış Gülməmməd bəy heç nə itirmədi, əksinə, zəli kimi ondan hər ay pul qopararaq oğlunun adını hallandıraraq pul qoparan bəzi qəzet təsisçilərindən canı qurtardı.

Çinarə VÜQAR

Hosted by uCoz