Atəşkəsin 11 yaşı tamam oldu

Xalqımızı ürəkdən təbrik etmirik!

Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs rejimi barədə saziş bağlanmasının 11 ili tamam olub. Barışıqdan öncə cəbhə xəttində, əsasən  Tərtər istiqamətində kəskin döyüşlər gedirdi. Belə ki, 1994-cü ilin yazında tərəflərin verdiyi itkinin sayı minlərlə olub

1994-cü ildə düşmənin strateji vəzifəsi Yevlaxı götürmək, Yevlax-Gəncə  yolunu bağlamaq idi. Bu, Azərbaycanın qərb rayonlarının ölkənin digər  hissəsindən ayrı düşməsilə nəticələnə bilərdi. Erməni komandanlığı Yevlaxda 9 may qələbə gününün qeyd etməyə hazırlaşırdı.  

Lakin Azərbaycanda hərbi quruculuq və ordunun möhkəmləndirilməsilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdi. Azərbaycan qoşunları 1993-cü il məğlubiyyətindən sonra özünə gəlmişdi. Odur ki, erməni ordusunun yaz hücumları  baş tutmadı. Düşmən ancaq Ağdam istiqamətindəki bəzi yerlərdə irəliləyə bildi və qarşısına qoyduğu vəzifəsinin öhdəsindən gələ bilmədi. Nəticədə. Ermənistan  atəşkəsin dayandırılması haqda sazişi imzalamağa razı oldu.   

Sazişin əsasını Bişkek protokolu təşkil edirdi. Protokol 1994-cü il mayın  5-də MDB Parlamentlərarası assambleya və RF XİN-in təşəbbüsü ilə Ermənistan  parlamentinin sədri Babken Ararksyan, Azərbaycan Milli Məclisinin vitse-spikeri  Afiyəddin Cəlilov, həmçinin Qarabağ separatçılarının nümayəndəsi Karen  Baburyanın görüşündə imzalanmışdı.

Qeyd edək ki, Azərbaycan tərəfi bu protokolu  Bişkekdə yox, mayın 9-da Bakıda imzalayıb və bunu parlamentin spikeri Rəsul  Quliyev Heydər Əliyevin göstərişilə edib.

Mayın 11-də Moskvada Ermənistan-Azərbaycan zonasında atəşkəsə dair saziş imzalanıb. Sənədi Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan hərbi  idarələrinin rəhbərləri Rusiya Müdafiə və Xarici İşlər nazirliklərinin vasitəçiliyilə imzalayıb. 

Bişkək protokolundan fərqli olaraq, barışıq haqda sazişdə Azərbaycan və  Qarabağ ermənilərinin qarşılıqlı öhdəlikləri göstərilirdi. Bundan sonra Moskvada o zamankı prezidentlər Heydər Əliyevlə Levon Ter-Petrosyanın görüşünün  keçirilməsi və yeni sazişin imzalanması planlaşdırılırdı.

Bu saziş atəşkəsin təmin olunmasını, işğal olunmuş ərazilərin boşaldılmasını,  kommunikasiyanın fasiləsiz bərpasını nəzərdə tuturdu. 

Sazişin əsas məqamı Ermənistan-Azərbaycan münaqişə zonasına sülhməramlı qüvvələrin gətirilməsi idi. Moskva barışığın qarantı olmalı, sülhməramlı  qüvvələrin özəyini isə Rusiya silahlı qüvvələri təşkil etməli idi.  

Lakin bütün bu planlar baş tutmadı. Moskvanın vasitəçiliyi inhisara almaq cəhdləri iflasa uğradı. Hazırda ATƏT-in Minsk qrupuna RF, ABŞ və Fransa  təmsilçilərindən ibarət triumvirat başçılıq edir. 

Ötən 11 ildə atəşkəs rejimi daim pozulub, insanlar həlak olub. Azərbaycan  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov "Turan"ın müxbirilə söhbətində bildirib ki, hər il aprel-may aylarında ermənilər Azərbaycan tərəfi daha çox atəşə tutur. Bu il bu proses sistematik xarakter alıb.

R.Məlikov qeyd edib ki, ilin əvvəlindən erməni tərəfi atəşkəs rejimini 90 dəfə pozub. Təkcə  hərbi mövqelər deyil, yaşayış məntəqələri də atəşə tutulub. Lakin R.Məlikov  itkinin dəqiq sayını açıqlamayıb.

Qarabağ və Kürəkçay müqaviləsi

Qarabağ Azadlıq Təşkilatı "Qarabağ Kürəkçay müqaviləsindən sonra" mövzusunda seminar keçirib. Seminarda çıxış edən tarixçi alim Kərim Şükürov hazırkı traixşünaslıqda səhvən XIX əsrin əvvəllərində baş verən hadisələrə 1804-1813 Rusiya-İran müharibəsi kontekstində baxıldığını deyib

"Lakin 1803-cü ildə Car-Balakən ərazisinin işğalı Rusiya-Azərbaycan müharibəsinin başlanğıcı hesab oluna bilər. 1805-ci il mayın 14-də Rusiya çarlığı və Qarabağ xanlığı arasında imzalanmış Kürəkçay müqaviləsində diplomatik cəhətdən Qarabağ xanlığının uğuru sayıla biləcək bəzi maddələr olsa da, onlara lazımi diqqət yetirilmir və bu müddəalara əməl olunmur. Rusiya bu müqavilənin II bəndində Qarabağ xanlığının ərazi bütövlüyünü qorumaq barədə öhdəlik götürsə də, sonradan bu vədə əməl etməyib və bu maddə də yaddan çıxıb".

QAT sədri Akif Nağı isə qeyd edib ki, son dövrlərdə ermənilər 200 il öncə Rusiya və erməni Qarabağ xanlığı arasında müqavilə bağlanması barədə təbliğat aparıblar.

Ermənistan 7 rayonu azad etməyə razılıq verib

Ermənistan öz Silahlı Qüvvələrini işğal altında saxladığı Azərbaycan torpaqlarından mərhələli şəkildə çıxarmağa razılıq verib

Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub. Ermənistan Silahlı Qüvvələrinin işğal zonasına daxil edilən 7 rayondan mərhələli şəkildə çıxmasına dair plan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə London görüşündə müzakirə olunub. Azərbaycan tərəfi plana təklif etdiyi dəyişiklikləri Minsk qrupu həmsədrlərinə çatdırıb, həmsədrlər həmin təklifləri Vardan Oskanyanla müzakirə ediblər.

Daha sonra Ermənistanla razılaşdırılmış yekun variant rəsmi Bakıya təqdim olunub. "5+1+1" formuluna əsaslanan plan Ermənistan Silahlı Qüvvələrinin ilk öncə beş rayondan- Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdamdan çıxarılmasını nəzərdə tutur. Bu ərazilər Azərbaycanın nəzarətinə verildikdən sonra tərəflər arasında sülh sazişi imzalanacaq. Saziş imzalandıqdan sonra isə Ermənistan Silahlı Qüvvələri ilk öncə Kəlbəcəri, daha sonra isə Laçını tərk edəcək.

Mənbə bildirib ki, Azərbaycan tərəfinin təkidi ilə sənədə "saziş imzalandıqdan sonra qoşunların çıxarılması qrafikə uyğun şəkildə həyata keçirilməsə, o zaman imzalanan sənəd avtomatik olaraq qüvvədən düşəcək" şəklində müddəa daxil edilib. Xarici işlər nazirləri səviyyəsində razılaşdırılan sənəd Azərbaycan və Ermənistan dövlət başçılarının mayın 15-də Varşavada keçiriləcək görüşü zamanı müzakirə olunacaq.

Ermənistanın hazırladığı işğal altında olan 7 rayondan geri çəkilmə planı barədə artıq Rusiya və Türkiyəyə məlumat verilib. Bu həftənin əvvəllərində Türkiyəyə səfər edən xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanın təklif etdiyi "5+1+1" formulu barədə Ankaranı məlumatlandırıb. Diplomatik mənbənin sözlərinə görə, Ermənistan müəyyən şərtlər daxilində 7 rayonu Azərbaycanın nəzarətinə verməyə razı olsa da, rəsmi Bakı Ermənistan Silahlı Qüvvələrinin heç bir ilkin qeyd-şərt olmadan işğal altında olan Azərbaycan torpaqlarını tərk etməsini istəyir və bu plana o qədər də müsbət münasibət bəsləmir.

Ermənistanın 7 rayondan geri çəkilmə planı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Ermənistan prezidenti Robert Köçəryan arasında Varşavada mayın 16-da keçiriləcək görüşdə də müzakirə olunacaq. Məsələyə rəsmi dairələrdən münasibət öyrənmək mümkün olmayıb.

Əsir əsgərimiz azad edildi

Dünən Ermənistan bir əsir əsgəri Azərbaycana təhvil verib

Ermənistan müdafiə nazirinin mətbuat katibi Seyran  Şahsuvaryan bildirib ki, Naxçıvandakı hərbi hissələrdən birində xidmət keçən əsgər Cəfərov Orxan İsa oğlu mayın 5-də Ermənistan ərazisinə keçib. 

Dünən yerli vaxtla saat 13:00-da Azərbaycan tərəfə təhvil verilib.  Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən isə "Turan"a bildiriblər ki,   O.Cəfərov həqiqətən mayın 5-də itib. Ancaq onun bilərəkdən erməni tərəfə keçməsini deməyə əsas yoxdur.

Sənan əfsanəsi

1992-ci il may ayının 15-i...

Ermənilərin Ağdamın Abdal-Gülablı kəndlərinə hücumunun qarşısını almaq üçün vertolyotlar havaya qaldırılır. Atılan mərmilərdən biri vertolyota dəyir. Hərbi vertolyotun heyəti əsir düşə bilərdi.

Bunu görən Sənan Rüstəmov döyüş dostları ilə birlikdə irəli atılaraq yaralı əsgərin birini xilas edir, ikinci əsgərin arxasınca qayıdır. Vertolyot komandirini atəş xətdindən uzaqlaşdıran Sənan özü düşmən gülləsinə tuş gəlir.

Bu döyüş 19 yaşlı Sənanın son döyüşü oldu. Düşmənlə igidliklə döyüşən daha bir igid Vətən oğlu şəhidlik zirvəsinə yüksəldi.

S.AĞAYEV

Hosted by uCoz