İsa Qəmbər ATƏT dialoq təklifini müsbət qarşılayır

"Qərb dövlətlərinin və beynəlxalq qurumların  təmsilçilərilə keçirdiyim görüşlərdən qənaətim budur ki, beynəlxalq birlik  Azərbaycanın demokratikləşməsində qərarlıdır və bunun labüdlüyünü qəbul edir"

Müsavat başqanı İsa Qəmbər bu sözləri "Turan"ın müxbirilə söhbətində söyləyib.   

ABŞ prezidenti C.Buşun andiçmə mərasimində, Bratislavadakı çıxışlarına, bir  sıra postsovet ölkələrində gedən proseslərə istinad edən Müsavat lideri bütün  bunların yalnız söz olmadığını deyib. O, beynəlxalq birliyin demokratiyanı  təhlükəsizlik üçün önəmli faktor saydığını və bütün görüşlərdə bunun açıq hiss  olunduğunu və odur ki, bu il ölkədə keçiriləcək seçkilərə ciddi diqqət  yetiriləcəyini vurğulayıb.   

ATƏT-in müxalifət və iqtidar partiyaları arasında demokratikləşmə ilə bağlı  təşkil etmək istədiyi seminara toxunan Müsavat başqanı normal cəmiyyətdə  dialoqun vacibliyini, özlərinin isə dialoqa hazır olduqlarını bildirib. İ.Qəmbər  bu baxımdan ATƏT-in dialoqa yönəlik missiyasını müsbət saydığını, bu prosesdə  iştirak edəcəklərini deməklə yanaşı nəticələrin yaxşı olacağını, istənilən halda  isə əvvəlkindən pis olmayacağını deyib.  

Fəaliyyətdə olan seçki blokları arasında əməkdaşlıq məsələlərinə toxunan  İ.Qəmbər seçkilərin demokratik keçirilməsinin blokların ümumi hədəfi olduğu üçün bu sahədə, tərəflərin razılığı ilə seçkiləri müşahidə işində, razılaşma olduqda  hakimiyyətin seçkiləri saxtalaşdırdığı halda ictimai müqavimətin təşkilində də  əməkdaşlığı mümkün sayıb. Onun fikrincə, əməkdaşlığın daha dərin variantı  ayrı-ayrı dairələrdə önəmli namizədlər olduqda digər blokların ora namizəd  çıxarmaması barədə razılıqlar ola bilər. İ.Qəmbər bu qüvvələrin vahid bir blok və koalisiyada birləşməsini istisna etmədiyini, imkanları araşdırmağın lazım  gəldiyini vurğulayıb.   

İ.Qəmbər bildirib ki, AXCP-ADP-Müsavat koalisiyası mayın ortalarından  kütləvi aksiyalar keçirməyi nəzərdə tutur.

Bu məqsədlə bu günlərdə partiya  başçıları səviyyəsində məsləhətləşmələr aparılacaq.   

Gənclərin yaratdıqları vətəndaş hərəkatlarına müsbət yanaşan İ.Qəmbər bunu  ictimai fəallığın göstəricisi adlandırıb. Bu təşkilatların formalaşma  mərhələsində olduğunu bildirən Müsavat lideri yalnız bir neçəsinin konkret  aksiyalarla özlərini cəmiyyətə təqdim etdiklərini vurğulayıb.  

Müsavat lideri həqiqi azad seçkilər üçün AXCP-ADP-Müsavat koalisiyanın Seçki  Məcəlləsinə təklif etdiyi dəyişikliklərin həyata keçirilməsini vacib sayıb. Onun  fikrincə, bu, həm həm seçkilərin demokratikliyini təmin edər, həm də  hakimiyyətin seçkiləri saxtalaşdırmaq niyyətində olmadığını sübut edərdi.

Mətbuat Şurası problemlərdən sığortalanmayıb, amma...

İndi söz bazarında iş görməyin bazarıdır

Mətbuat Şurasının üzvü Azər Həsrətlə jurnalistlərin III qurultayı ərəfəsində görüşüb söhbətləşməyimiz heç də təsadüfi olmadı.

Belə ki, ətrafında böyük qalmaqal və söz-söhbətlər yaratmış Mətbuat Şurasının indiki tərkibinin səlahiyyət müddəti may ayının 21-də başa çatır. Gəzən söz-söhbətlərə görə, MŞ-nin üzvü Azər Həsrət belə hesab edir ki, adı çəkilən qurumun tərkibi bütövlükdə dəyişməlidir. Bir çoxları isə Azər Həsrəti qınayır ki, o, Əflatun Amaşovu "yıxıb-sürüyür". Bəzi mətbu orqanlarda isə Azər Həsrətin Əflatun Amaşovun kürsüsündə gözü olduğunu iddia edirlər. Elə bizim də Azər Həsrətlə söhbətimiz mətbuatda dolaşan fikirlərlə bağlı oldu.

"Mətbuat Şurasının tərkibi dəyişdirilməlidir"

- Son zamanlar Azər Həsrətin ətrafında baş verən qalmaqalın səbəbi nədir?

- Baş verənləri əslində qalmaqal adlandırmazdım. Sadəcə, burada fikir ayrılıqları var. Mən Mətbuat Şurasının daha çevik bir qurum olmasını istəyirəm. Təəssüflər olsun ki, MŞ-na başçılıq edən adam bu çevikliyi təmin edə bilməyib. Əslində hər şeydə MŞ-nın başçısını ittiham etmək düz deyil. Oranın üzvlərinin 80 faizi də passivlik nümayiş etdiriblər. Bu səbəbdən də mən belə bir təkliflə çıxış etmişəm ki, Mətbuat Şurasının tərkibi tam olaraq dəyişdirilsin.

- Mətbuat Şurasından nə gözləyirdiniz və nəyi əldə edə bildiniz?

- Fikirləşirdim ki, Mətbuat Şurası ideal quruma çevriləcək. Azərbaycanda media ictimaiyyət münasibətlərində hansısa problemlərin həllində Mətbuat Şurasının sözü keçəcək. Amma təəssüflər olsun ki, bunu müşahidə edə bilmədik. İstər jurnalistlərin hüquqlarının pozulması halları olduğu zaman, istərsə də kütləvi informasiya vasitələri ilə məmurlar arasında ortaya çıxan problemlərin həllində Mətbuat Şurası öz sözünü deyə bilmədi. Həm çeviklik olmadı, həm də MŞ-nın davranışları məmurlar tərəfindən o qədər də yaxşı qarşılanmadı.

- Sadaladıqlarınız təkcə Əflatun Amaşovun səhvləridirmi? Bəlkə bütün MŞ-nın üzvləri passivlik nümayiş etdirib?

- Mən özüm də daxil olmaqla hamımızın MŞ-da öz işimizin öhdəsindən gələ bilmədiyimizi deyirəm. Əgər uğursuzluq varsa, ondan mənə də pay düşür. Amma uğursuzluğun əsas səbəbkarı başda gedən adam olur. Bir ordunun qələbə qazanması komandadan, onun peşəkarlığından asılıdır. Sözsüz ki, MŞ-na başçılıq edən şəxs daha fərqli keyfiyyətlərə malik olmalı idi ki, həmin keyfiyyətlər onun işləməsini təmin edə bilsin.

- Sizcə, Mətbuat Şurası iqtidara, yoxsa müxalifətə daha çox yaxındır?

- Mətbuat Şurasının tərkibində siyasiləşmiş adamlar var. Amma Mətbuat Şurasının hakimiyyətə daha loyal olduğu görünür. Yəni hakimiyyət jurnalistlərin problemləri ilə bağlı problemlərin olmamasını, qapalı qalmasını istəyirdisə, MŞ da faktiki olaraq ona çalışırdı. MŞ çalışırdı ki, səs-küylər, ajiotaj olmasın.

- Bir faktı da qeyd etmək lazımdır ki, bəzi reket qəzetlər başa çəkilir, hətta reketçiliyə qarşı mübarizə aparan MŞ-nın üzvlərindən biri Azərbaycan Mətbuatında bəlkə də reketçiliyin əsasını qoyubdur...

- Həqiqətən də reket qəzetlərin yuxarı başa çəkilməsinə qarşı mən sözümü demişəm. Əfsuslar olsun ki, keçən il MŞ-nın  II qurultayında reket qəzetlərin təmsilçiləri bəlkə də qurultayın böyük qismini təşkil edirdi. Bunun özü də acınacaqlıdır. Eyni zamanda, vahid jurnalist vəsiqələrinin verilməsi prosesində də reket qəzetlərə bütün qapılar açıq olub.

"Mətbuat Şurası sədrliyi mənim üçün kiçik vəzifədir"

- Deyilənə görə, Azər Həsrətin bu canfəşanlığı Əflatun Amaşovun kürsüsünə göz qoymağından irəli gəlir?

- Ümumiyyətlə, Azərbaycanda son zamanlar bir xüsusiyyət dəb halını alıb. Kimi pisləyirsən, deyir ki, o, mənim yerimə göz dikib. Məsələn, mən bu il MM üzvlüyünə iddia edirəm və bunu da gizlətmirəm. Artıq seçki dairəsi də bəllidir. Faktiki olaraq seçkiyə hazırlaşıram. Amma MŞ sədrliyi yeri mənim üçün çox kiçik bir vəzifədir, artıq bu keçilmiş mərhələdir. Çünk MŞ sədrliyindən də yüksək vəzifələri mən tutmuşam və hal-hazırda da ictimai fəaliyyət baxımından bu vəzifələrdə varam. MŞ-nın sədrliyi vəzifəsi mənim üçün elə bir əlçatmaz vəzifə deiyl ki, mən buna idida edim. Əflatun Amaşovu tənqid etmək şəxsi qərəzlik də deyil. Sadəcə olaraq mən fikirləşirəm ki, MŞ-nın sədri daha fərqli keyfiyyətlərə malik olmalıdır.

- Bu fərqli keyfiyyətlər hansılardır?

- Əvvəla, biz informasiya - kommunikasiya texnologiyası əsrində yaşayırıq. Mətbuat Şurasının başında duran adam informasiya-kommunikasiya texnologiyalarından baş çıxarmalıdır. Bu, mütləqdir. İkincisi, MŞ-nın sədri bir neçə xarici dil bilməlidir. Bir də MŞ-nın sədri çevik olmalıdır.

- Bəs Mətbuat Şurasının sədri vəzifəsinə kimin namizədliyi irəli sürüləcək?

- May ayının 4-də qapalı toplantı keçirəcəyik. Orada həm üzvlüyə namizədləri, həm də sədrləri müəyyənləşdirəcəyik.

- Sizə elə gəlmirmi ki, Mətbuat Şurasının üzvləri arasında qeyri-peşəkarlar da çoxdur?

- Mətbuat Şurasının toplantılarında sənədlər hazırlanıb bizə təqdim olunur. Açığını deyim ki, MŞ həm də Azərbaycan dilinin istifadəsi məsələlərinə xüsusi diqqət yetirməlidir. Orada dillə bağlı xüsusi komissiya da var. Bizə verilən sənədlərin özü isə əfsuslar olsun ki, başdan-ayağa səhvlərlə doludur. Bu da onu göstərir ki, bu vəzifəyə qoyulan adamlar, hətta Azərbaycan dilini belə mükəmməl bilmirlər. İstər dil, istərsə də jurnalist etikası məsələsində olsun, belə insanlar MŞ-da olmamalıdırlar.

Mən indiyədək mətbuatda bir məqamı açıqlamamışam. Belə ki, "Monitor" jurnalının baş redaktoru mərhum Elmar Hüseynov sağlığında həmişə MŞ sədrindən mənə şikayət edərdi. Deyirdi ki, məni müdafiə etmir. Əslində mən bünü heç indi də deməzdim. Şahbaz Xuduoğlu Elmar Hüseynovun ən yaxın dostu olub ki, dediklərimi o da təsdiqləyə bilər.

Bizim Jurnalistlər Konfederasiyası başqa təşkilatlarla birləşib daima onu müdafiə etmişik. Elmarla bizim ideoloji baxışlarımızda fərqlərin olmasına baxmayaraq, bir jurnalist kimi hüquqları tapdanan zaman biz onu müdafiə edirdik. Lakin bu yaxınlarda Əflatun Amaşovun "Gün" qəzetində yazdığı məqaləni oxuduqda heyrətləndim.

Onu da qeyd edim ki, mən Əflatun Amaşovun birinci yazısı idi ki, mətbuatda rast gəlirdim. O, yazıda çəkinmədən qeyd edir ki, "RUH" Jurnalistlərin Müdafiə Komitəsindən başqa Elmar Hüseynovu faktiki heç kim müdafiə etməyib. Bu, doğru deyil axı!

Bir şeyi də qeyd edim ki, vahid formalı jurnalist vəsiqəsini alan bir çoxları Milli Məclis tərəfindən reket jurnalist kimi qovulurlar. Bu da ən böyük bəladır. Həmin adamlara vəsiqə veriləndə mən Əflatun Amaşova irad tutdum ki, bunları hamı reket kimi tanıyır. Nədən onlara vəsiqə verilir? Mənə sübut etməyə çalışdılar ki, onlarda hər şey qanunidir. Bu da zamanın axarı, mənim fikirlərimin doğruluğu sübuta yetirildi.

- Bayaq qeyd etdiniz ki, siz daha böyük işlərə iddialısınız və parlament seçkilərinə namizədliyinizi irəli sürmüsünüz. Seçkilərə hansı platforma ilə gedirsiniz?

- Mən söz adamı deyiləm, iş adamıyam. Mənim seçki taktikam onun üzərində qurulacaq. Vətəndaşlarla görüş zamanı onlara bildirəcəm ki, dərhal onların problemləri həll olunacaq? Mən buna söz verə bilmərəm. Çünki Azərbaycanda hakimiyyətdə köklü şəkildə dəyişmə olmasa bunlardan danışmağa dəyməz. Bu il seçkilərə gedən hər bir kəs bilməlidir ki, o, demokratik seçki savaşına hazırlaşır.

Çinarə VÜQAR

Ayaz Mütəllibov da "YeS" dedi

Tahir Kərimli: "Ayaz Mütəllibovun "YeS" blokuna qoşulması AQB-nin fəaliyyətinə xitam verilməsi deməkdir"

"ASDP çox qəribə qərar qəbul edib. Partiya Azərbaycançı Qüvvələr Birliyində fəaliyyətini davam etdirir, amma seçkiyə "YeS" bloku daxilində gedirlər. Açığı, bu adam dolamağa bənzəyir. Belə AQB kimə lazımdır?"

Bu açıqlamanı APA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli verib.

T.Kərimli ASDP həmsədrlərinin "YeS" blokuna qoşulmasını AQB-nin fəlaiyyətinə xitam verilməsi kimi dəyərləndirib. O, öz mövqeyini İslam Partiyasının rəhbərliyi ilə də bölüşdüyünü deyib: "Mən İslam partiyasının rəhbərliyinə də öz mövqeyimi bildirmişəm ki, belə şəraitdə AQB-də qalmağa nə ehtiyac var? Şəxsən mən bu qurumun daha fəaliyyət göstərməsinə ehtiyac görmürəm. Bir vaxtlar məni Ayaz Mütəllibova xain çıxmaqda suçlayanlar, bu qurumu dağıtdılar. İndi məlum oldu ki, kim Tahirə xain çıxdı. Sabah Siyasi Şurada bu məsələ ilə bağlı konkret qərar veriləcək".

Son 19 ay ərzində ASDP rəhbərliyinin bir dəfə də olsun, hakimiyyətin xətirinə dəyən söz demədiyini bildirən T.Kərimli hesab edir ki, iqtidarın "YeS"ə münasibəti daha loyaldır: "Bu blokda olan şəxslərin loyal münasibəti hamıya məlumdur. ASDP həmsədrlərinin ora getməsinin isə başqa səbəbləri var. A.Mütəllibov qayıda bilmədiyini elan etdikdən sonra həmin partiyada dağılma prosesi gedirdi. Görünür, bu bloka qoşulmaqla parçalanmanın qarşısını almaq istəyirlər. Bildiyimə görə, orada çoxlu sayda insanlar bu qərara qarşı çıxıblar".

Vəhdət sədri həmçinin bildirib ki, AQB-nin parlament seçkilərində birgə iştirak etməsi haqında qərar məhz ASDP həmsədri A.Əlizadənin təkidi ilə verlib: "Mən bunu istəmirdim, amma Araz bəy təkid elədi ki, bu barədə qərar çıxaraq. Bundan sonra onların "YeS"ə qoşulması barədə qərarı mənim üçün gözlənilməz olub. Bu quruma rusiyamelliyi qüvvə imitasiyası vermək lazım deyil. "YeS" bloku Qərb tərəfindən maliyyələşən qurumdur. "Üçlər" hakimiyyətə qarşı radikal, bunlar isə loyal  amerkapərstlərdir. Görünür, ASDP partiya marağını irəli çəkərək bu addımı atıb. Onların bizi belə fakt qarşısında qoymaqları birinci dəfə deyil. Yəqin bunlar fikirləşib ki, AQB kasıb, "YeS" isə varlı qurumdur".

Ermənistan Türkiyəyə "YOX" cavabını verdi

Ermənistan Türkiyə ilə birgə diplomatik komissiya yaratmaq təklifini də rədd edib

Rəsmi İrəvan qondarma "erməni soyqırımı" iddialarının araşdırılması üçün Türkiyə və Ermənistan diplomatlarından ibarət birgə araşdırma komissiyasının yaradılması barədə baş nazir Ərdoğanın təklifinə də rədd cavabı verib (APA).

Ermənistan prezidenti Robert Köçəryanın mətbuat katibi Viktor Soqomonyan rəsmi Ankaranın təklifinin onlar üçün heç bir əhəmiyyət daşımadığını bildirib:  "Biz Türkiyə ilə soyqırımı məsələsini deyil, diplomatik əlaqələri inkişaf etdirmək problemini aradan qaldırmaq üçün ikitərəfli komissiyanın yaradılmasını məqbul sayırıq".

Qeyd edək ki, Ermənistan prezidenti Robert Köçəryan da ikitərəfli komissiyanın yaradılmasından öncə iki dövlət arasında diplomatik əlaqələrin bərpasını vacib saydığını deyib.

Baş nazir Ərdoğanın təklifi isə Avropa Birliyinə üzv dövlətlər tərəfindən dəstəklənib. Almaniya kansleri Qerxard Şröyder Türkiyə-Ermənistan birgə komissiyasının yaradılması təklifini alqışlayıb və İrəvanı bu təklifi qəbul etməyə çağırıb.

Türkiyə ermənilərin yalanının üstünü açır

1915-1918-ci illərdə Anadolu torpaqlarından 1.5 milyon nəfər erməninin köçürülməsi və qətlə yetirilməsi iddialarının yalan olduğunu təsdiqləyən arxiv sənədləri toplu şəklində çap olunub

Öz arxivlərini tədqiqatçılar üçün açıq elan edən Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı ötən əsrin əvvəllərində Anadoludan köçürülən ermənilərin sayını açıqlayıb. Arxiv sənədlərinə əsasən, qeyd olunan dövrdə Osmanlı ərazində yaşayan 987.000 ermənidən 413.000 nəfəri bölgədən Suriya ərazisinə köçürülüb. 

Sənədlərdə ermənilərin köçürüldüyü və yerləşdirildiyi ərazilər, köçürmə prosesində baş verən itkilərlə bağlı rəqəmlər konkret şəkildə öz əksini tapıb.

Hosted by uCoz